PDF Oxu

Əsas

  • 22

Yeni Azərbaycan Partiyası regionda ən qüdrətli siyasi təşkilatdır

Yeni Azərbaycan Partiyası regionda ən qüdrətli siyasi təşkilatdır

Dünən Sumqayıt şəhər Mədəniyyət evində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının VII hesabat-seçki konfransı keçirilib. Konfransda YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, eləcə də, 600 nəfər hesabat-seçki konfransına seçilmiş nümayəndələr iştirak edib.

Konfransı giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev konfrans iştirakçılarını salamlayaraq, qeyd etdi ki, şəhər təşkilatı VII hesabat-seçki konfransının keçirilməsi istiqamətində ciddi hazırlıq işləri aparıb: "Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqram müddəalarına, məqsəd və vəzifələrinə müvafiq olaraq şəhər təşkilatı növbəti konfransını keçirməklə, öz ali orqanı qarşısında müəyyən dövrdə gördüyü işlərin hesabatını verərək, sonrakı müddətdə qarşıda duran vəzifələri müəyyənləşdirir. Partiya rəhbərliyinin ötən ilin sentyabr ayında rayon (şəhər) təşkilatlarının konfranslarının keçirilməsinə hazırlıqla əlaqədar verdiyi tapşırıqları rəhbərlik göstərişi kimi qəbul edərək, təşkilatımızın VII konfransına hazırlaşmağa başladıq".

A.İmaməliyev onu da qeyd etdi ki, hesabat dövrü səmərəli nəticələrlə yüksək səviyyədə başa çatdırılan siyasi proseslər və silsilə kütləvi tədbirlərlə zəngin olmuşdur: "Bu prosesdə təşkilatın şəhər ictimaiyyəti, geniş kütlə ilə əlaqələri daha da genişlənmiş və dərinləşmişdir. Xüsusilə, prezident və parlament, referendum və bələdiyyə seçkilərində təşkilatın fəaliyyətinin demokratiyaya, şəffaflığa, ümummilli mənafeyə və dövlətçilik maraqlarına xidmət etdiyinin əməli ifadəsini görən şəhər sakinlərinin Yeni Azərbaycan Partiyasına inamları, etimadı daha da artmış, qətiləşmişdir. Məhz bu əlaqələr hesabat dövründəki seçki proseslərində partiyamızın namizədlərinin uğur qazanmalarını, mövqeyinin müdafiə olunmasını şərtləndirmiş həlledici amil kimi dəyərləndirilməlidir".

YAP Sumqayıt rayon təşkilatının sədri vurğuladı ki, təşkilatın geniş ictimaiyyət arasında əldə etdiyi nüfuz, etimad onun fəaliyyətinin əsas xətti və məqsədi olan ictimai rəyin formalaşdırılmasında Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliğini, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurları ictimai şüura çatdırmaqda mühüm amilə çevrilir. A.İmaməliyev bununla yanaşı, bildirdi ki, bu iş 311 ilk partiya təşkilatında müəyyən edilmiş cədvəl üzrə başa çatdırılmışdır: "Partiyaya yeni üzvlər qəbul olunmuşdur. Onların sayı 18670 nəfəri təşkil edir. Onlardan 8144 nəfərini gənclər, 8815 nəfərini isə qadınlar təşkil edir".

Sonra nəzarət-təftiş qrupunun sədri Nigar Cəfərova çıxış edərək, bildirdi ki, bütün fəaliyyətləri ilə yanaşı, YAP Sumqayıt şəhər təşkilatı digər sahələrdə də uğurlara imza atmışdır. Həmin uğurlar çərçivəsində vətəndaşların qəbulu, uçotdan alınma və uçotdan çıxma işləri operativ şəkildə həyata keçirilmişdir.

Qadınlar şurasının sədri Nazilə Cəlilova çıxış edərək, vurğuladı ki, bu gün Azərbaycanda qadınlara göstərilən diqqət və qayğının təməlini Ulu Öndər Heydər Əliyev qoymuşdur: "Möhtərəm Prezident İlham Əliyev tərəfindən həmin siyasət davam etdirilir və Azərbaycan qadını dövlətçiliyin inkişafı istiqamətində bütün sahələrdə yaxından iştirak edir. Əlbəttə ki, burada Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyətini vurğulamaq lazımdır. O öz uğurlu fəaliyyəti ilə Azərbaycan xanımının nələrə qadir olduğunu göstərir. Əlbəttə ki, bütün bu uğurlar biz qadınların da işinə əhəmiyyətli təkan verir".

Sonra idarə heyətinin üzvü Vidadi Bağırov, YAP üzvü, millət vəkili Muxtar Babayev, qadınlar şurasının sədr müavini Səkinə Sadıxova, Sumqayıt Dövlət Universitetinin tarix fakültəsi üzrə ilk təşkilat sədri Elman Xəlilov, gənclər təşkilatının üzvü Aysel Məmmədova çıxış edərək, qeyd etdilər ki, bugünkü Azərbaycanın uğurları məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili, xarici siyasətinin bariz nümunəsidir.

Sumqayıt şəhər icra hakmiyyətinin başçısı Eldar Əzizov da çıxış edərək, qeyd etdi ki, ölkə vətəndaşları əhəmiyyətli bir dövrdə - Azərbaycanı davamlı uğurlu inkişafa aparan Prezident İlham Əliyev dövründə yaşayır: "Əlbəttə ki, biz sumqayıtlılar da bundan fəxr duyuruq və şəhərimizin gözəlləşməsi, abadlaşması istiqamətində aparılan mühüm işlər ölkə başçısı cənab İlham Əliyevin quruculuq işlərinin ən gözəl nümunələrindən biridir. Əbəs yerə deyil ki, Prezident İlham Əliyev bir ildə iki dəfə Sumqayıtı ziyarət etmiş, şəhərimizin daha da gözəlləşməsi, müasirləşməsi, modern standartlara cavab verməsi üçün öz tapşırıq və tövsiyələrini vermişdir.

1993-cü ildən bugünə qədər az bir müddətdə böyük, uzun illərə bərabər nəhəng işlər görülüb. Məhz bunun nəticəsidir ki, dünyada böhranların baş verdiyi halda, Azərbaycanda uğurlu inkişaf tentensiyasi pozitiv olaraq qəbul olunur".

Sonra çıxış üçün söz Yeni Azərbaycan Partyasının Sədr müavini - İcra katibi və millət vəkili Əli Əhmədova verildi. Konfrans iştirakçılarını salamlayan Əli Əhmədov bildirdi ki, YAP bir neçə aydır ki, yerli təşkilatların hesabat yığıncaqlarını keçirir. Bu hesabatların həm də qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmağa imkan yaratdığını bildirən millət vəkili Əli Əhmədov qeyd edib ki, YAP Azərbaycanda ictimai ovqatın, insanlarımızın arzularının dəqiq ifadəsidir: "20 il öncə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP yaranarkən Azərbaycan vətəndaşları həm Heydər Əliyevdən, həm də Ulu Öndərin rəhbərliyi altında yaranan yeni partiyadan böyük, mütləq işlər görülməsini gözləyirdilər. Xalqın böyük gözləntiləri həm Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, həm də yaratdığı partiyanın fəaliyyəti nəticəsində reallığa çevrildi. YAP-ın 20 illik fəaliyyəti haqında fikir mübadiləsi aparmalı olsaq, qətiyyətlə deyə bilərik ki, bu fəaliyyətin nəticəsi müasir, yeni Azərbaycandır. Bu Azərbaycan bataqlıqdan, xaosdan, anarxiyadan çıxaraq, müasir bir cəmiyyətə, məmləkətə çevrilib. İnsanların həyatında ciddi, əhəmiyyətli dəyişikliklər baş veribdir. Bu dəyişikliklər faizlərlə deyil, dəfələrlə ölçülür. İqtisadiyyatdan tutmuş insanların həyatının ayrı-ayrı sahələrinə kimi təhlil aparmalı olsaq, bu dəyişikliklərin miqyasının şahidi olarıq. Yenilik yalnız rəqəmlərdə deyil, hər bir insanın həyatında hiss olunur".

YAP-ın İcra katibi bildirib ki, son 8 ildə ölkə iqtisadiyyatının 3 dəfə artması Azərbaycanı XXI əsrin iqtisadi möcüzəsi adlandırmağa əsas verir. Ə.Əhmədov qeyd edib ki, vətəndaşlarımız bu inkişafı öz yaşayışında hiss etməkdədir: "Artıq insanlarımız yeni standartlarla yaşayır, tələbatlar dəyişib, artıb. Təbii ki, bu tələbatlara uyğun yeni bir inkişaf strategiyası müəyyənləşir və bu strategiya uğurla həyata keçirilməkdədir. Azərbaycanda insanların rifahının yüksəlişi xalqın öz hakimiyyətinə olan münasibətini açıq şəkildə həm müəyyənləşdirir, həm də ifadə edir. Bu gün ölkəmizdə əhalinin əksəriyyəti öz həyatından razıdırsa, güman edirəm ki, bu razılıq üçün ciddi əsaslar yaradılıb və bu da xalqımızın dövlətimizə, dövlətimizin başçısına olan münasibətini ifadə edir. Təbiidir ki, bu gün vətəndaşlarımızın mütləq əksəriyyətinin möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəkləməsi, dövlət başçısının həyata keçirdiyi siyasəti birmənalı şəkildə müdafiə etməsi insanlarımızın öz yaşayışından və bu yaşayışı yaradan hakimiyyətdən və hökumətdən razılığının ifadəsidir".

Ə.Əhmədov qarşıda daha möhtəşəm vəzifələrin də durduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin bu vəzifələri aydın şəkildə müəyyənləşdirdiyini bildirən YAP-ın Sədr müavini-İcra katibi qarşıdakı 10 il ərzində ümumi daxili məhsulun 2 dəfə artırılması, insanların həyat səviyyəsinin ən azından iki dəfə yaxşılaşdırılması, daha yeni həyat standartlarımızın müəyyənləşməsi, həyatımızın keyfiyyətində daha yeni standartların müəyyənləşməsi vəzifələrinin dayandığını önə çəkib: "Bu dəyişikliklərin baş verməsi üçün bütün imkanlar, o cümlədən, siyasi iradə, bu iradənin həyata keçirilməsi üçün strategiya müəyyənləşib. Bu mənada, 2020-ci ilə hədəflənən strategiya xüsusi əhəmiyyətə malikdir. Biz qəti inanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan cəmiyyətinin həyata keçirəcəyi işlərin nəticəsində, bu, gerçəkliyə çevriləcək. 2012-ci ilin Azərbaycanı iqtisadi inkişaf baxımından 90-cı illərin əvvəlinin Azərbaycanından nə qədər fərqlənirsə, bu strategiya nəticəsində 2020-ci ilin Azərbaycanı bu günün Azərbaycanından o qədər fərqlənəcək. Bizim gələcəyə baxışımız kifayət qədər optimist hisslər üzərində qurulub. Bu inamı bizə verən Ulu Öndər Heydər Əliyev ideyalarının möhkəm dayaqlara malik olması, insanlarımızın bu ideyalara dərindən inanması, vəğtəndaşlarımızın ölkə Prezidentinə dərin inamı və sədaqəti dəstəkləməsi və dövlət başçısının apardığı siyasəti birmənalı şəkildə dəstəkləməsidir. Öz növbəsində, YAP hər zaman xalqımızın ən fəal siyasi təşkilatıdır. YAP-ın gücü isə bu partiyaların sıralarında çoxlu sayda insanların birləşməsi ilə yanaşı, həmin insanların Heydər Əliyev siyasi xəttinə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamındadır. Bu mənada, qarşıdan gələn dövr ərzində də bizim üzərimizə götürdüyümüz missiyanın və bu missiyanın reallaşması üçün həyata keçirəcəyimiz vəzifələrin gerçəkləşməsində YAP-ın hər bir üzvünün öz məsuliyyəti var. Mən güman edirəm ki, bizim hər birimiz bu məsuliyyəti dərk edirik və bu məsuliyyətə uyğun şəkildə fəaliyyət göstəririk, fədakarlıq nümayiş etdiririk".

Sonra qətnamə layihəsi oxundu. Çıxış edənlər YAP Sumqayıt şəhər təşkilatının hesabat-seçki dövrünü qənaətbəxş hesab etdilər. Konfrans iştirakçıları yekdilliklə Asif İmaməliyevi yenidən YAP Sumqayıt şəhər partiya təşkilatının sədri seçdilər. Sonra Prezident İlham Əliyevə YAP Sumqayıt şəhər təşkilatının VII konfrans nümayəndələri tərəfindən müraciət qəbul olundu.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər