PDF Oxu

Əsas

  • 15

Milli Məclisin növbəti iclası keçirildi

Milli Məclisin növbəti iclası keçirildi

Dünən Milli Məclisinin növbəti plenar iclası keçirildi. Gündəlikdəki məsələləri müzakirə etməzdən əvvəl bu günlərdə Bakıda keçirilmiş Avronest Parlament Assambleyasının ikinci sessiyası və cari məsələlərlə bağlı fikirlər səsləndirildi.

Oqtay Əsədov: "Azərbaycan hər bir beynəlxalq təşkilatın tədbirinə ev sahibliyi etməyə qadirdir"

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Avronest Parlament Assambleyasının sessiyasında iştirak edən erməni deputatlar mətbuata açıqlamalarında Azərbaycan Prezidentinin ermənilər haqqında "faşist" ifadəsi işlətdiyini deyiblər: "Cənab Prezident çıxışında dedi ki, Xocalıda baş verənlər barbarlığın və faşizmin təcəssümüdür. İndi əgər onlar bu sözləri özlərinə götürürlərsə, deməli, faşistdirlər". Avronest Parlament Assambleyasının sessiyasının yüksək səviyyədə təşkil olunduğunu deyən Oqtay Əsədovun sözlərinə görə, biz bir daha göstərdik ki, Azərbaycan hər bir beynəlxalq təşkilatın tədbirinə ev sahibliyi etməyə qadirdir. Milli Məclisin sədri onu da qeyd etdi ki, yüksək səviyyədə təşkilatçıığa baxmayaraq, erməni deputatlar yenə də bir bəhanə tapdılar və son gündə bəzi narazılıqlar yaratdılar.


Siyavuş Novruzov: "Bu, bir daha onu göstərir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bütün əhəmiyyətli, beynəlxalq tədbirləri layiqincə, yüksək səviyyədə həyata keçirir"

İclasda YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək, Azərbaycanda keçirilən Avronest Parlament Assambleyasının sessiyasını mühüm siyasi hadisə kimi dəyərləndirdi: "Ölkəmiz elə bir nümunə göstərdi ki, gələcəkdə buna çatmaq üçün gərək ayrı-ayrı ölkələr çox böyük səylər göstərməlidir ki, Azərbaycan səviyyəli belə bir tədbir keçirsinlər. Bu, bir daha onu göstərir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bütün əhəmiyyətli, beynəlxalq tədbirləri layiqincə, yüksək səviyyədə həyata keçirir və dünyaya nümayiş etdirir ki, Azərbaycan azad, demokratik, müstəqil bir dövlət olmaqla yanaşı, həm də daim diqqət mərkəzində olan önəmli dövlətdir. Təəssüf ki, bəzi mətbuat orqanlarında Azərbaycanda növbəti böyük bir tədbirin - "Eurovizion - 2012"-nin keçirilməsi ilə bağlı qarayaxmalar yazmalarına baxmayaraq, avropalılar özləri ölkəmizdə olan azad, ədalətli, demokratik mühitin olduğunu görürlər. Ona görə də, bu istiqamətdə işlərimizi davam etdirməklə, dünyaya Azərbaycan təcrübəsinin öyrənilməsini nümayiş etdirməliyik".

Millət vəkillərindən Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Aqil Abbas Avronest Parlament Assambleyasının sessiyasının ölkəmizdə keçirilməsini və təşkilini yüksək qiymətləndirdilər. Avronest Parlament Assambleyasının sessiyasını mühüm siyasi hadisə kimi dəyərləndirən deputatlar bu mötəbər tədbirin nəticələrinin Azərbaycan üçün uğurlu olduğunu dedilər. Həmçinin, qeyd edildi ki, Azərbaycan bu sessiyanı yüksək səviyyədə təşkil etməklə, elə bir nümunə göstərib ki, başqa ölkələr buna çatmaq üçün çox səy göstərməlidirlər.

İclasda çıxış edən deputat Elman Məmmədov bildirdi ki, ermənilərin Bakıda bir qəbiristanlığında dağıdılmamasına az qala and içirdik: "İşğal altındakı ərazilərdə və Ermənistanda azərbaycanlıların minlərlə qəbiristanlığı dağıdılıb. Xocalıda, Qaradağlıda soyqırımı törədənlərə nə ad vermək olar? Bir xalqa ki, əli azərbaycanlıların qanına batmış S.Sarkisyan rəhbərlik edir, deməli, elə onun özü də faşistdir. Başqa nə ad vermək olar?"

Deputat Asim Mollazadə də erməni mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə bağlı yazılanlara toxunaraq dedi ki, Xocalıda hərbi cinayət törədənlər beynəlxalq tribunala cəlb olunmalı və onların əməllərinə hüquqi qiymət verilməlidir: "Bizim məhkəmə-hüquq sistemi bu istiqamətdə çalışmalıdır. Dünyaya bu məsələ ilə bağlı ciddi müraciət etməliyik. Xocalı qətliamı ilə bağlı beynəlxalq tribunalın yaradılması üçün Avropa parlamentlərinə üz tutmalıyıq".

Son iclasda gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq İsa Əli oğlu Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında məsələyə baxıldı. Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verdikdən sonra deputatlar məsələyə müsbət münasibət bildirdilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinin şərəflə yerinə yetirəcəyinə and içən İsa Nəcəfov ona göstərilən etimada görə Milli Məclisə təşəkkürünü bildirdi.


Heydər Əsədov: "Ötən ildə Hesablama Palatasına olan 95 müraciətdən 50-si vəzifədən sui-istifadə, 17-si sosial məsələlərlə bağlıdır"

İclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı da dinlənildi. Hesablama Palatasının sədri Heydər Əsədov məruzə ilə çıxış edərək bildirdi ki, Hesablama Palatasının 2011-ci ildəki fəaliyyəti barədə hesabat "Hesablama Palatası haqqında" Qanunun və Palatanın Daxili Nizamnaməsinin tələblərinə uyğun hazırlanmışdır. H.Əsədov palatanın fəaliyyətinin əsas istiqaməti, maliyyə-büdcə nəzarəti haqqında məlumat verib. Onun sözlərinə görə, Hesablama Palatası 2009-cu ildə 31, 2010-cu ildə 41, 2011-ci ildə isə 46 nəzarət tədbiri keçirib. Onun sözlərinə görə, millət vəkilləri palata tərəfindən keçirilən yoxlamalara böyük infrastruktur layihələrinin, dövlət zəmanətli kreditlərin, sənaye sahələrinin cəlb edilməsini tövsiyə ediblər: "Hesabat ilində palata bu istiqamətdə fəaliyyətini şaxələndirib. Bizim audit tədbirlərinə yalnız təhsil, səhiyyə və mədəniyyət sahələri deyil, həmçinin, enerji kompleksi, dövlət zəmanətli kreditlər, bir neçə məxfi sahə auiditin predmeti olub. Bu tədbirlər, onu deməyə əsas verir ki, maliyyə sahəsində bir sıra xarakterik nöqsanlar hələ də təkrar olunur. Belə nöqsanların əsasını ayrı-ayrı büdcə təşkilatları və kredit sərəncamçıları satınalma prosedurlarının pozulması təşkil edir. Belə ki, bir sıra təşkilatlar satınalmadan yayınmağa cəhd göstərib, bir neçəsi satınalma tenderlərinin predmeti olan məbləği hissələrə bölüb. İkinci xarakterik nöqsan investisiya sahəsində ehtimal olunan qiymətlərin düzgün hesablanmaması, bəzən smeta tərtibi olmadan layihələrin icrasına başlaması, ən narahatedicisi isə ekspertiza rəyi almadan infrastruktur layihələrinin icrasına başlanması hallarına təsadüf edilməkdədir. Eyni zamanda, debutor borcların yaranmasına da rast gəlinir. Bununla yanaşı, təhsil, səhiyyə sistemlərinə artıq ştat vahidləri saxlanılır. Biz bu məsələlərlə əlaqədar adekvat tədbirlər görürük. Burada fəaliyyətimizin əsasını dəymiş ziyanın bərpası, vəsaitlərin dövlət büdcəsinə qaytarılması təşkil edir. Hesabat ili ərzində dəymiş ziyanları ödəmək üçün müqəssir, günahkar şəxslərin hesabına nağd qaydada dövlət bank və kassa hesabına 1 milyon 70 min manat vəsait daxil edilib.

Bundan başqa, müəssisə və təşkilatlarda 336,5 ştat vahidi ləğv olunub ki, bu da orta səviyyəli iki nazirliyin aparatının işçilərinin sayına bərabərdir. Qurumun təqdimatı ilə 25 nəfər vəzifəli şəxs işdan azad olunub, 50 nəfərə töhmət verilib. Eyni zamanda, respublika prokurorluğu ilə birgə aparılan iki iş istintaqa göndərilib. Mən bir məsələni vurğulamaq istəyirəm ki, əsasən, təqdimatlara normal reaksiya verilir və müqəssir şəxslərin cəzalandırılmasına rəhbərliklər tərəfindən səy göstərilir. Amma bəzi nazirlik, komitə, şirkət və digər kredit sərəncamçıları var ki, kifayət qədər nöqsanlara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək istəmirlər. Növbəti dəfə xəbərdarlıq edirəm ki, onların maliyyələşdirilmələrinin dayandırılması barədə qanunun bizə verdiyi hüquqdan istifadə edərək, Maliyyə Nazirliyi qarşısında məsələ qaldıracağıq. Təbii ki, burada əməkhaqları, sosial xərclər istisnadır".

Qurumun Milli Məclisə təqdim etdiyi hesabat sənədində o da bildirilir ki, bəzi nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri tərəfindən palatanın keçirdiyi nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara adekvat olan müvafiq tədbirlər, o cümlədən, intizam-tənbeh tədbirlərinin görülməsi təmin olunmayıb. "Bu da, son nəticədə, dövlət başçısının dövlət vəsaitlərinin idarə olunması və istifadəsi üzərində zəruri maliyyə nəzarətinin daha da gücləndirilməsi barədə tapşırığının lazımi səviyyədə icra olunmasına mənfi təsir göstərir"-deyə sənəddə vurğulanıb. Hesabatda o da qeyd olunur ki, Hesablama Palatası qanunvericiliklə ona verilən səlahiyyətlər daxilində bu cür vəzifəli şəxslərə qarşı daha ciddi tədbirlərin görülməsi, ali dövlət maliyyə nəzarəti orqanı kimi büdcə vəsaitlərindən qənaətlə, səmərəli və məqsədyönlü istifadə olunmasına, büdcə təşkilatlarında hesabatlılığın və cavabdehliyin artırılmasına səy göstərilməsini özünün prioritet vəzifələrindən biri kimi müəyyən edib.

Qeyd edək ki, 2011-ci ildə Hesablama Palatasına 95 vətəndaş müraciəti daxil olub. Müraciətlərdən 50-si vəzifədən sui-istifadə, 17-si sosial məsələlərlə bağlıdır. "Bu müraciətlərin əksəriyyəti vətəndaşların hazırda və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətandaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması, sosial müavinətlərin verilməsi üçün köməkliyin göstərilməsi barədə olub. Bunlarda müvafiq qaydada baxılaraq araşdırılması üçün aidiyyəti qurumlara göndərilib" - deyə Hesablama Palatasının sənədində qeyd edilib.

H.Əsədov çıxışında Hesablama Palatasının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər haqqında da məlumat verib. Daha sonra millət vəkilləri hesabatı müzakirə etdilər. Millət vəkili Elmira Axundova Hesabat Palatasının fəaliyyətini müsbət qiymətləndirdi. Bununla yanaşı, o, deputat seçildiyi Masallı rayonunda tikilən məktəblərin və digər obyektlərin tikintisində layihə üzrə nəzərdə tutulan məsələlərin tam əksini tapmadığını söylədi.

Milli Məclisin Sədr müavini Bahar Muradova da çıxışında Hesablama Palatasının fəaliyyətini müsbət qiymətləndirdi. Onun fikrincə, millət vəkillərinin Hesablama Palatasına böyük inamı var.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesabatın təqdirəlayiq olduğunu bildirdi. Onun sözlərinə görə, Hesablama Palatası hər il bu yöndəki işini daha da təkmilləşdirir: "Keçən il Azərbaycan Hesablama Palatasının 10 illik yubileyinə həsr olunmuş tədbirində iştirak etdim. Həmin tədbirə xarici ölkələrdən nümayəndələr də gəlmişdilər. Orada bir çox ölkələrin nümayəndələri çıxış edərək, Azərbaycanın Hesablama Palatasının təcrübəsindən öz dövlətlərində istifadə olunması ilə bağlı fikirlərini bildirdilər. Yəni ölkəmizdə bu sahədə yüksək fəaliyyət var ki, ayrı-ayrı dövlətlər bizim təcrübəmizdən istifadə etməyə çalışırlar"- deyə millət vəkili vurğuladı. S.Novruzov qeyd etdi ki, Hesablama Palatası hüquq-mühafizə orqanı deyil və buna görə də nöqsana yol verənləri mühakiməyə cəlb edə bilməz. Onun sözlərinə görə, qurumun əsas funksiyası müvafiq yoxlamalar aparmaq, dövlətə dəymiş ziyanın ödənilməsinə nail olmaqdır.

Müzakirələr zamanı deputatlardan Vahid Əhmədov, Fazil Mustafa, Fəzail Ağamalı, Zahid Oruc, Fəzail İbrahimli, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə hesabatla bağlı fikirlərini, rəy və təkliflərini bildirdilər. Hesablama Palatasının sədri Heydər Əsədov deyilənlərə münasibət bildirdikdən sonra hesabat nəzərə alındı.

Parlament "Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinə də müsbət münasibət bildirdi.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə "Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirəyə təqdim etdi. Komitə sədrinin sözlərinə görə, bu kredid sazişi göstərir ki, Azərbaycan artıq borcverən bir ölkəyə çevrilib. Sənədin Azərbaycanın milli maraqlarına cavab verdiyini deyən Ziyad Səmədzadə dedi ki, sazişin şərtlərinə əsasən, Azərbaycan Serbiyaya 15 il müddətinə, faiz dərəcəsi illik 4 faiz olmaqla, 308 milyon avro kredit ayıracaq. Məsələ ilə bağlı deputatlar fikirlərini bölüşdülər. Milli Məclis Sədrinin müavini, parlamentin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Valeh Ələsgərov bu kredit sazişinin siyasi və iqtisadi baxımdan ölkəmizin maraqlarına tam cavab verdiyini diqqətə çatdırdı. Bildirdi ki, bu saziş həm də Azərbaycan şirkətlərinin beynəlxalq təcrübə qazanması və iş adamlarımız üçün yeni imkanların açılması deməkdir. Sonda millət vəkillərinin səs çoxluğu ilə qanun layihəsi təsdiq olundu.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər