Dayanıqlı inkişafını davam etdirən Azərbaycan isə yeni tərəqqi mərhələsinə qədəm qoyub
Amerika və Avropada davam edən böhran tendensiyası 2012-ci ilin birinci rübündə də baş verib. Kanada, Braziliya, İsveçrə kimi dövlətlər istisna olmaqla, dünyanın əsas inkişaf etmiş ölkələrinin böyük əksəriyyətində geriləmə meyilləri müşahidə olunub. Bu ölkələrin, demək olar ki, hamısında fond və maliyyə bazarlarında, investisiya sektorlarında mənfi meyillər nəzərə çarpıb. Avropa iqtisadiyyatında zəif inkişaf tempi və dövlətlərin daxili borclarının kəskin artımı son nəticədə borc böhranının dərinləşməsinə səbəb olub.
Artıq Yunanıstanın dərin böhran məngənəsində sıxılması və Portuqaliya, İspaniya, İtaliya, Fransa, Almaniya kimi iqtisadi güclərin resessiyalar qarşısında immunitetinin azalması Avropada yeni böhranın siqnalları sayıla bilər.
Bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu beynəlxalq reytinq agentliklərinin son qiymətləndirmələrində Avropa ölkələrinin əksəriyyətinin kredit reytinqi aşağı salınıb. "Muuds", "Standard & Poors" və "Fitch Ratings" agentlikləri Avropa Birliyi dövlətlərinin investisiya reytinqini aşağı salmaqda davam edir. Həmin qiymətləndirmələrdə avrozona ölkələrinin əksəriyyətinin reytinqini "neqativ" kimi dəyərləndirilir. İtaliya, İspaniya, Sloveniya, İrlandiya və Belçikanın kimi ölkələrin də kredit reytinqləri aşağı salınıb. Beynəlxalq maliyyə təşkilatlarının və reytinq agentliklərinin rəylərinə görə, Avropada son bir ildə borc böhranının dərinləşməsi və Avropa Stabilləşmə Fondunun ayırdığı yüksəkhəcmli kreditlərin iqtisadiyyatın dirçəlməsinə kömək edə bilməməsi avrozonada "böhran qurbanlarının" sayının artmasına səbəb olmaqdadır. Bu regionda iqtisadi artım daha da azalır və rəqabətqabiliyyətlilik tamamilə aşağı düşüb. Avropa Birliyi liderlərinin bir neçə gün əvvəl böhranla bağlı keçirilən görüşünə də diqqət çəkir və böhrana qarşı ümumi konseptual proqramın hazırlanmamasının qlobal resessiyaların avrozonada kəskinləşəcəyini proqnozlaşdırır. Avrozonada yaşanan ağır böhran artıq bir çox inkişaf etmiş ölkənin iqtisadiyyatında geriləmələri artırmaqla bərabər, real sektora, sosial və maliyyə bölmələrinə də ağır təsirlərini göstərməkdədir. Məsələ ondadır ki, hazırda ən çox mənfi sikllər də məhz "Böyük İyirmilik" ölkələrinin iqtisadiyyatında özünü göstərməkdədir. Bu dövlətlərin, demək olar ki, hər birində səhm bazarı, qiymətli kağızlar, istiqraz və digər maliyyə alətləri, eləcə də, valyuta seqmentləri öz dəyərini itirməkdədir. Bunun nəticəsidir ki, Avropanın ən iri birja və fondlarında səhmlərin, digər qiymətli kağızların indeksləri düşməkdə davam edir. Almaniya, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, ABŞ, Braziliya, Kanada, Yaponiya, Meksika, Belçika, Avstriya kimi inkişaf etmiş ölkələrdə həm yoxsulluğun, həm də işsizliyin səviyyəsi artmağa başlayıb, eyni zamanda, bu ölkələrin maliyyə sferası dərin itkilərə məruz qalıb. İnflyasiyanın səviyyəsi 3 faizdən 7 faizə kimi yüksəlib, səhmlərin dəyəri 1 faizə kimi ucuzlaşıb. Bu ölkələrin kredit reytinqləri də aşağı düşüb.
"Fitch Ratings" kimi nüfuzlu qurum Avropanın maliyyə-bank bazarındakı vəziyyəti də təhlil edərək avrozanın ən iri bank strukturlarının da investisiya reytinqlərinin aşağı salınmasına qərar verib. Onların sırasında Almaniya bankları istisna olmaqla, əksər Avropa Birliyi ölkələrinin maliyyə qurumlarını göstərmək olar. Reytinqi azaldılan maliyyə qurumlarının arasında Fransanın bir neçə iri bankı da yer alıb. "Fitch"in analitik qrupu uzun müddət avrozonanın bank sistemində vəziyyətin qeyri-sabit olacağını, hətta bir neçə nəhəng bank-maliyyə strukturunun süquta uğramasının gözlənildiyinə dair açıqlama ilə də çıxış edib.
Postböhran dövründə öz dayanıqlı inkişafını davam etdirən və iqtisadiyyatın diversifikasiyası ilə bağlı siyasəti dərinləşdirən Azərbaycanda isə maliyyə bazarlarının bütün seqmentləri üzrə dinamizm müşahidə olunub, respublikamızda iqtisadi aktivlik artıb. Beynəlxalq reytinq agentlikləri və maliyyə institutları fikirdədir ki, Azərbaycan hökumətinin həyata keçirdiyi effektiv siyasət maliyyə sabitliyinin möhkəmlənməsinə səbəb olub ki, bu da bankların sağlam fəaliyyəti üçün stimul verib. Eyni zamanda, ölkədə müşahidə olunan sabit makroiqtisadi mühit bank sistemində də dinamikaya təsir göstərib, iqtisadiyyatda artım templərinin əldə olunmasında banklar rol oynayıb. Son bir ildə Azərbaycan banklarının aktivlərinin keyfiyyəti və likvidliyində sabitləşmə müşahidə olunub, əksər bankların gəlirliliyi artıb, dividend əldə etmək imkanları yüksəlib. Bundan başqa, bankların iqtisadiyyata kredit qoyuluşlarında payı da artmaqdadır.
Azərbaycan iqtisadiyyatının yüksək inkişaf tempi bütün bölmələrdə artımı təmin edib, maliyyə sektorunda dözümlülüyü təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləri olub. Dövlət başçısı tərəfindən həyata keçirilən irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta rezervlərinin artmasına da zəmin yaradıb. Strateji valyuta ehtiyatlarının artması iqtisadiyyatın inkişafına əlavə imkanlar yaradır.
Nüfuzlu beynəlxalq maliyyə institutları da ölkəmizin inkişaf tempini nəzərə alaraq Azərbaycanın kredit və investisiya reytinqini artırıb, ölkəmizdəki sabit inkişafın mühüm indikatorları üzrə göstəriciləri daha da yaxşılaşdırıb. İstər postböhran istərsə də, böhransonrası dövrdə, respublikamızda makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdirilib, iqtisadiyyatın diversifikasiyası genişləndirilib. Beynəlxalq qurumların proqnozlarına görə, Azərbaycanın inkişaf indikatorları əhəmiyyətli dərəcədə artacaq, milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksələcək. Azərbaycan yaxın beşillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq və respublikamız regionun ən inkişaf etmiş dövlətinə çevriləcək.
Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı nikbin ssenarilər mövcuddur. Proqressiv meyillərin yaranmasında sabitlik faktoru mühüm rol oynayır. Siyasi sabitlik olmayan yerdə nə iqtisadi islahatlardan, nə inkişafdan nə də iqtisadi uğurlardan danışmaq olar. Sabitlik, iqtisadi-siyasi islahatlar və inkişaf bir-biri ilə üzvi surətdə bağlıdır. Qeyri-sabit olan ölkədə böhran meyillərinin qarşısını almaq çətin olur və nəticədə iqtisadi inkişaf zəifləyir. Güclü iqtisadiyyat həm siyasi, həm də makroiqtisadi sabitlik nəticəsində mümkün olur. Azərbaycanda möhkəm sabitlik şəraitində müşayiət olunan inkişaf dinamikası və sağlam iqtisadiyyat ölkəmizin beynəlxalq miqyasda reytinqinin artmasında əhəmiyyətli rol oynamış olur.
Azərbaycanın reytinqinin artması xarici maliyyə bazarlarında aktiv iştirakını da təmin etmiş olacaq. Xarici tədqiqat instititutlarının təhlillərinə əsasən, ölkəmizin ortamüddətli dövr üçün maliyyə, bank, qiymətli kağızlar bazarının da inkişaf perspektivlərinin ürəkaçan səviyyədə proqnozlaşdırır. Maliyyə bazarının inkişafı ilə bağlı aparılan uğurlu iqtisadi siyasət Azərbaycanın kapital bazarına potensial investorların cəlb olunması üçün faydalı olacaq. Azərbaycanda makroiqtisadi sabitlik ümumi iqtisadi inkişafı təmin etməklə, bir çox sahələrdə- investisiya qoyuluşu, daxili sərmayələrin həcminin artması, infrastruktur və kommunikasiya layihələrinə kapital yönəldilməsi kimi bölmələrdə inkişafın da davamlılığına zəmin yaradacaq.
"Səs" Analitik qrupu