PDF Oxu

Əsas

  • 21

“EUROVİSİON-2012” -  AZƏRBAYCANIN YÜKSƏLMƏSİNDƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ROLU

“EUROVİSİON-2012” - AZƏRBAYCANIN YÜKSƏLMƏSİNDƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ROLU

(Əvvəli ötən sayımızda)


"SƏS" qəzetinin redaksiyasında ənənəvi olaraq keçirilən və ölkəmizin ictimai-siyasi həyatında mühüm prosesləri və mövzuları əhatə edən dəyirmi masalar böyük ictimai marağa səbəb olub və olmaqda davam edir. Belə ki, növbəti dəfə keçirilən dəyirmi masa da əhəmiyyətli bir hadisəyə "Eurovision-2012" beynəlxalq müsabiqəsinə həsr edilib. "Eurovision" öncəsi ölkədə ictimai-siyasi vəziyyətə, eləcə də, Azərbaycanın beynəlxalq aləmdə imicinin yüksəlməsində vətəndaş cəmiyyətinin roluna həsr olunmuş dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev, VƏHDƏT partiyasının sədri Tahir Kərimli, ASDP-nin həmsədri Araz Əlizadə, YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov, AXCP (i) rəyasət heyətinin üzvü Məhəmməd Talıblı, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı, AHV-nin sədri Təhmasib Novruzov, DADP sədri Məmməd Əlizadə iştirak edib.


MƏHƏMMƏD TALIBLI: "ƏLBƏTTƏ Kİ, "EUROVİSİON" BİR MUSİQİ YARIŞMASIDIR VƏ BURADA HANSISA MƏSƏLƏLƏRİ SİYASİLƏŞDİRMƏK DOĞRU OLMAZDI"


- Biz də istəyirik ki, ölkəmizdə daim sabitlik olsun. Müxalifət partiyaları müəyyən məsələləri ilə bağlı hər hansı aksiya təşkil edirsə, bu ictimai-siyasi sabitliyin pozulmasına xidmət etmir. Mən də o fikirlə razıyam ki, hər hansı mitinq keçirilirsə, bu Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır. Əlbəttə ki, "Eurovision" musiqi yarışmasıdır və burada hansısa məsələləri siyasiləşdirmək doğru olmazdı.


"Səs" qəzetinin əməkdaşı:


- Fikrimcə, demokratik Avropa ölkələrində də hər hansı tədbirlər ərəfəsində və yaxud qeyri-zamanlarda qanuna zidd olan hərəkətlərin qarşısı müvafiq orqanlar tərəfindən alınır. Bir vaxtlar azadlıq hərəkatı dövründə xalq vəhdət şəklində "Azadlıq" meydanında öz sözünü deyirdi. Lakin bu gün bəzi qüvvələrin "Azadlıq" meydanında tədbir keçirmək istəkləri mümkün deyil. Çünki orada, yəni həmin qüvvələrin tərkibində ümumxalq dəstəyi mövcud deyil.

ARAZ ƏLİZADƏ:


- Mənim sualım Məhəmməd Talıblıyadır. Siz Əli İnsanovu, Fərhad Əliyevi "siyasi məhbus" hesab edirsiniz, ya etmirsiniz?


Məhəmməd Talıblı Araz Əlizadənin verdiyi suala cavab verməkdə çətinlik çəkdi.


ARAZ ƏLİZADƏ: "SİZLƏR XALQA VƏ DÖVLƏTÇİLİYƏ QARŞI ÇIXAN İSTƏNİLƏN ADAMI "SİYASİ MƏHBUS", "VİCDAN MƏHBUSU" KİMİ TƏQDİM ETMƏYƏ CƏHD GÖSTƏRİRSİNİZ"!


- Həmin insanlar Azərbaycan xalqına qarşı xəyanət törətmiş şəxslərdir. Sizlər isə xalqa və dövlətçiliyə qarşı çıxan istənilən adamı "siyasi məhbus", "vicdan məhbusu" kimi təqdim etməyə cəhd göstərirsiniz! Nəzərə alın ki, onlar öz vəzifələrindən sui-istifadə etdikləri üçün həbs olunublar!


"Səs" qəzetinin əməkdaşı:


- Xatırlatmaq istərdim ki, bizim müzakirəmiz tamam başqa istiqamətdədir və gəlin mövzu ətrafında polemikalar aparaq.


HƏSRƏT RÜSTƏMOV: "HAMIMIZ BİR ÖLKƏNİN VƏTƏNDAŞIYIQ VƏ DÖVLƏTÇİLİYƏ XİDMƏT ETMƏLİYİK"


- Azərbaycanda iqtidar və müxalifətdən asılı olmayaraq, hamımız bu ölkənin vətəndaşıyıq və dövlətçiliyə xidmət etməliyik. Azərbaycan bizim ümumi evimiz olduğuna görə müxtəlif fikirlər üzərində polemikalar apararaq razılığa gələ bilərik. Məsələn, məlum Gürcüstan hadisələrində müxalifət və iqtidar bir araya gələrək, ümumdövlət marağından çıxış etdilər. Onlar ölkənin müqəddəratının həll edilməsində birlik nümayiş etdirdilər. Təbii ki, Azərbaycana qarşı da bu kimi təhlükələr yaranarsa, iqtidarlı-müxalifətli bütün qüvvələr bir araya gələrək ölkənin müdafiəsinə birgə qalxacaqlar.


NİYAMƏDDİN ORDUXANLI: "BU GÜN PARLAMENTDƏN KƏNAR QALAN MÜXALİFƏT NÜMAYƏNDƏLƏRİ HƏR ŞEYİ SİYASİLƏŞDİRMƏYƏ CƏHD GÖSTƏRƏRƏK, İNDİ DƏ

"EUROVİSİON"DAN ÖZ MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ ETMƏK İSTƏYİRLƏR"


- Əvvəla, düşünürəm ki, aparılan polemikalar normaldır və təbii qarşılanmalıdır. Lakin onu da söyləmək istəyirəm ki, "Eurovision" siyasi tədbir deyil. Necə ki, bəzi siyasi qüvvələr bu yarışmanı siyasiləşdirməyə cəhd edirlər. Ancaq yarışmada iştirak edən şəxslər, hansısa Avropanın, Qərbin siyasiləri, diplomatları deyillər. Onlar mədəniyyət nümayəndələri, öz xalqlarını tərənnüm edən incəsənət adamları olacaq. Burada, məncə, opponentlərimizin yarışma haqqında fikirlərini qaranlıq istiqamətlərə yönəltmək cəhdləri düzgün deyil. Bu gün parlamentdən kənar qalan müxalifət nümayəndələri hər şeyi siyasiləşdirməyə cəhd göstərərək, indi də "Eurovision"dan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyirlər. Onlar məqsədlərini mətbuat, beynəlxalq təşkilatlar vasitəsilə reallaşdırmağa səy göstərirlər. Xatırlatmaq istərdim ki, Azərbaycan bu yarışmanı qazandıqdan sonra müxalifət qüvvələri dərhal belə bir ideya ilə çıxış etdilər ki, "azad söz", "azad ifadə" olmayan yerdə "Eurovision" keçirmək mümkün deyil. Lakin hesab edirəm ki, bu cür qərəzli ideyalarla çıxış etməkdənsə, həmin qüvvələr Azərbaycanın 20 faiz torpaqlarının işğal altında qalması faktını 1 milyon qaçqın və məcburi köçkünümüzün olması istiqamətində beynəlxalq təşkilatları məlumatlandırsaydılar, daha yaxşı olardı. Və söhbət də ondan gedir ki, buradakı bəzi opponentlərin fikirləri qeyri realdır.

Daha bir məsələyə toxunmaq istərdim ki, bu da sosial şəbəkələrlə bağlıdır. Nəzərinizə çatdırmaq istərdim ki, hazırda sosial şəbəkələrə daxil olduğumuz zaman orada radikal müxalifət tərəfindən öyrədilmiş insanların təhqirlərlə dolu yazılarına rast gəlirik. Nəticədə, məlum olur ki, bu gün həmin şəbəkələrdə təhqirlər yazan insanların əksəriyyəti öyrədilmiş adamlardır. Əlbəttə ki, bu, yolverilməzdir və qarşısı alınmalıdır. Bu da, bir daha sübut edir ki, radikal müxalifət hansı "dəyərlərə" mənsubdur. Hətta Əli Kərimlinin, İsa Qəmbərin müavini səviyyəli insanlar ağılagəlməz təhqirlərlə özlərinin hansı tərbiyəyə malik olduqlarını nümayiş etdirirlər. Sonda onu da deyim ki, axı sosial şəbəkələri də hakimiyyət idarə etmir?! Bu baxımdan da, burada günahkarlar məhz radikalizmi dəstəkləyən, sosial şəbəkələrdə təhqirlərə yol verən müxalifət qüvvələridir.


HƏSRƏT RÜSTƏMOV: "MƏN BU KİMİ HALLARI QEYRİ-NORMAL VƏ ZƏİFLİK ƏLAMƏTİ KİMİ QƏBUL EDİRƏM"


- Mən də təsdiq edirəm ki, sosial şəbəkələrdə qərəzli çağırışlara yol verilməsi düzgün addım deyil. Yəni siyasəti bu cür aparmırlar. Mən bunu qeyri-normal və zəiflik əlaməti kimi qəbul edirəm.


AYDIN HÜSEYNOV: "BU GÜN AZƏRBAYCANDA SƏRBƏST TOPLAŞMAQ, İFADƏ VƏ SÖZ AZADLIĞI MÖVCUDDUR VƏ BUNU HEÇ KİM, HƏTTA BƏZİ QƏRB DAİRƏLƏRİ DƏ İNKAR EDƏ BİLMƏZ"


- Çox düzgün buyurursunuz, mən də Niyaməddin Orduxanlının fikri ilə razıyam ki, radikal müxalifət köhnə təfəkkürdə qalmağı ilə yanaşı, həm də ölkənin mənafeyinə zidd olan istənilən hadisələrdə baş rolu oynamağa adət ediblər. Bu gün Azərbaycanda sərbəst toplaşmaq, ifadə və söz azadlığı mövcuddur və bunu heç kim, hətta Qərb dairələri də inkar edə bilməz.


ARAZ ƏLİZADƏ: "GƏLİB HANSISA ÖLKƏNİ BOMBARDMAN EDİRLƏR, YERLİ HAKİMİYYƏTİ ƏHALİNİN ƏLİNDƏN ALIRLAR, VERİRLƏR İNQİLABÇI QÜVVƏLƏRƏ VƏ DEYİRLƏR Kİ, BİZ DEMOKRATİYANI BƏRQƏRAR EDİRİK"


- Son zamanlar demokratiya sözünü elə devolivasiya ediblər ki, gəl görəsən. Gəlib hansısa ölkəni bombardman edirlər, yerli hakimiyyəti əhalinin əlindən alırlar, verirlər inqilabçı qüvvələrə və deyirlər ki, biz demokratiyanı bərqərar edirik. Mənim bununla bağlı Almaniyanın və Fransanın nümayəndələri ilə mübahisəm düşmüşdü. Mən deyəndə ki, bu kimi hadisələrdə günahsız insanlar zərər görür, şəhərlər viran qalır və demokratiyanı bombaylamı bərqərar edirsiniz? Mənə cavab olaraq bildirdilər ki, bəli, biz demokratiyanı bomba ilə bərqərar edirik. Mən isə avropalı nümayəndələrə sual etdim ki, siz həmin "ağıllı bomba"ları haradan tapırsınız ki, atdığınız zaman qeyri-demokratik qüvvələr məhv olur, demokratik qüvvələrin isə burunları belə qanamır.


TƏHMASİB NOVRUZOV: "ALMANİYALI AZARKEŞLƏR ÖYRƏNDİLƏR Kİ, AZƏRBAYCANIN "QARABAĞ" FUTBOL KOMANDASI İŞĞAL OLUNMUŞ AĞDAM

ŞƏHƏRİNİN KLUBUDUR"


- İstər "Eurovision" olsun, istərsə də, beynəlxalq tədbir olsun, burada müxtəlif aksiyalar keçirmək olar. Amma baxır həmin aksiya hansı məqsədə xidmət edir? Yəni baxıb görməliyik ki, atılan addımlar ümumxalq maraqlara xidmət edir, yoxsa anti-dövlətçilik maraqlarına? Düşünürəm ki, bəzi dostlar burada deyəndə ki, "Eurovision" mədəniyyət yarışmasıdır və burada siyasi baxış yoxdur, mən bununla razı deyiləm. Çünki ən azı keçirilən beynəlxalq idman yarışı belə bəzi siyasi məsələlərdə faktorlar ortaya çıxarır. Daha dəqiq desəm, buraya gələn xarici qonaqlar ölkəmiz haqqında Qarabağ problemi ilə bağlı qaçqın və məcburi köçkünlərlə əlaqədar məlumatlar öyrənəcəklər. Təbii ki, bunun özü də bir siyasətdir, siyasi qələbədir. Buna misal da gətirə bilərəm. Məsələn, mən "Qarabağ" futbol klubunun azarkeşi olaraq bu komandanın oyunlarını daim diqqətdə saxlayıram. Xatirinizdədirsə, bu komanda Avropa çempionlar liqasında böyük nailiyyətlər qazandı və Almaniyanın "Borussiya" komandası ilə qarşı-qarşıya gəlmişdi. Məhz həmin qarşılaşmadan öncə almaniyalı azarkeşlər "Qarabağ" komandası haqqında bilgilər toplamaq üçün internet saytlarına müraciət edirdilər və alman azarkeşlər öyrəndilər ki, Azərbaycanın "Qarabağ" futbol komandası işğal olunmuş Ağdam şəhərinin klubudur. Bu isə siyasi baxımdan çox əhəmiyyətli amildir. Eləcə də, "Eurovision" yarışması da bu kimi amilləri özündə əhəmiyyətli şəkildə ehtiva edir.

Burada çıxış edən müxalifət nümayəndələrinin qərəzli baxışlarına cavab olaraq demək istəyirəm ki, belə pafoslu çıxışları ictimaiyyət arasında yaymaq lazım deyil. Çünki "Eurovision" müsabiqəsi elə bir müsabiqədir ki, burada ümumxalq, ümumdövlətçilik maraqları vəhdət kimi bir olmalıdır. Eyni zamanda, müxalifət bilməlidir ki, bu ərəfələrdə mitinq keçirib biabır olmağın özü də onların ziyanına işləyir. Ən azı ümid bəslədikləri Qərb dairələri də onların nəyə xidmət etdiklərini və nəyə qadir olduqlarını aşkar şəkildə görürlər. Bu gün, həm də elə qüvvələr var ki, onlar məhz bu cür məqamları gözləyərək, "Eurovision" öncəsi təxribatlar törətməyə cəhd göstərirlər. Müxalifət bilməlidir ki, onların keçirdikləri mitinqlərdə elə bir hadisə törədilə bilər ki, bu, Azərbaycanın maraqlarına qarşı atılmış addım kimi qiymətləndirilər. Ona görə də qətiyyətlə bildirirəm ki, "Eurovision"a qədər Azərbaycanda heç bir siyasi aksiya keçirilməməlidir.


RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər