Beynəlxalq münasibətlər sistemində aktorların maraqlarının daha tez-tez toqquşması nəticəsində dövlətlərarası əlaqələrin yeni formaları meydana çıxır ki, bu da, müasir dünyamızın yeni konyukturasının qurulmasını şərtləndirir. Burada dalana dirənmiş məsələlərdə güclər arasında maraqların ortaq nöqtəsinin tapılması ilə və ya müəyyən geostrateji məkanlarla bağlı güzəştlərin əldə olunmasıyla problemlərin nizamlanmasının da yeni şərtləri ortaya çıxmış olur. Əfqanıstan, İraq, Liviya, hətta Suriya məsələlərinə dünya siyasətində oyun qaydalarını müəyyənləşdirən dövlətlərin geosiyasi maraqlar prizmasında yeni yanaşma sərgiləməsi ilə müasir sövdələşmə prinsiplərinin yaradıldığının şahidi oluruq. Bütün bunlar müasir beynəlxalq münasibətlər sisteminə yeni çalar, rəng gətirir. Lakin bəzi məsələlər üzrə maraqların toqquşması həmin problemlərin illərlə uzanmasına, münaqişə tərəflərinin sosial-iqtisadi və mənəvi baxımdan tükənməsinə səbəb olur. Çünki münaqişə ocağı dünya güclərinin çirkin məqsədləri üçün sevə-sevə istifadə etdiyi mənbələrdir. Belə mənbələrdən biri də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Münaqişə ətrafındakı real vəziyyət: ABŞ və Fransa Cənubi Qafqazı Rusiyanın təsir dairəsi kimi tanıyır
Bu gün artıq 20 ildir ki, Azərbaycanın tarixi torpaqları Ermənistan tərəfindən işğal altında saxlanılır. Münaqişənin nizamlanması ilə əlaqədar olaraq, ATƏT çərçivəsində Rusiyadan, ABŞ-dan və Fransadan ibarət formalaşdırılmış Minsk Qrupu fəaliyyət göstərir. Ötən bu müddət ərzində istər BMT TŞ-nin qəbul etdiyi 4 qətnamə, istərsə də, Avropada yerləşən ən nüfuzlu beynəlxalq təşkilatların işğal faktını tanıyan sənədlər ortada olsa da, işğal olunmuş azad olunmur və status-kvonun saxlanılmasına cəhdlər göstərilir. Bütün bunlar isə ona görə baş verir ki, münaqişənin həllinə birbaşa məşğul olan həmsədr ölkələrin regionla bağlı maraqları var. Bu başdan açıq şəkildə demək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi hər üç həmsədr dövlət üçün tərəflərə bir təzyiq rıçaqıdır. Ayrıca, ABŞ Xəzər hövzəsinin və Azərbaycanın malik olduğu karbohidrogen ehtiyatların Qərbə daşınmasında aktiv iştirak edən dövlətdir. Vaşinqton gəlirli sahə olan neft-qaz sektorunda öz şirkətlərini pay sahibi etmək üçün istənilən təzyiq metodundan istifadə edir. Həmçinin, ABŞ-da siyasi elita seçkilər zamanı həm erməni lobbisini xərcə salmaq, həm də Amerikada məskunlaşmış ermənilərin dəstəyini almaq üçün "erməni məsələsindən", eyni zamanda, Dağlıq Qarabağ münaqişəsindən istifadə edir. Əlbəttə ki, ABŞ BMT TŞ-nin 5 daimi üzvündən biri olsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə passiv münasibət sərgiləyir. ATƏT-in Minsk Qrupunun digər həmsədr dövləti olan Fransa isə Avropanın ən güclü dövləti olsa da, münaqişənin həllində neytrallığını qoruyub saxlaya bilmədiyi üçün problemin həllinə tutarlı töhfə verə bilmir. Fransanın da BMT TŞ-nin daimi üzvlərindən biri olmasına baxmayaraq, bu günə qədər artdığı ermənipərəst addımları ilə yalnız ermənilərin, daha doğrusu, işğalçıların əlini gücləndirir. Elə Fransanın prezidenti Nikolya Sarkozinin qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini ölkənin Senatında təsdiqlətməsi, Konstitusiya Məhkəməsinin ləğv qərarından sonra yenidən belə bir layihənin hazırlanacağına söz verməsi Parisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bitərəf mövqe tuta bilməyəcəyini isbatladı.
BMT TŞ-nin daha bir daimi üzvü, həmçinin, ATƏT-in Minsk Qrupunun üçüncü tərəfi olan Rusiya isə əvvəlki iki aktordan fərqli olaraq, münaqişənin həlli istiqamətində son dərəcə aktivlik nümayiş etdirir. Təbii ki, ortada hər hansı real nəticə olmasa da, rəsmi Moskva tərəfləri bir araya gətirərək, həm siyasi, həm də xalq diplomatiyası yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz töhfəsini verməkdədir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bu qədər fəallıq göstərməsi də əsassız deyildir. Son hadisələrin təhlili göstərir ki, həm Vaşinqton, həm də Paris Cənubi Qafqazın Moskvanın təsir dairəsi olduğunu qəbul edir və buradakı geosiyasi məsələlərə müdaxilə etmirlər. Əlbəttə ki, ABŞ və Fransa bu regiondakı iqtisadi maraqları naminə Rusiyaya güzəştə gedirlər. Rusiya da daimi fəallıq nümayiş etdirməklə, əslində, regionun sahibi olmasına işarə edir. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, dünya gücləri arasında gizli diplomatik kanallarla əldə edilmiş razılaşmalara əsasən, əvvəllər maraqların toqquşduğu regionlarda indi sərbəst şəkildə fəaliyyət göstərə bilirlər. Bu səbəbdəndir ki, Rusiya Qərbin Cənubi Qafqazdakı iqtisadi maraqlarına mane olmur.
Beləliklə də, bütövlükdə, Qafqaz regionunda cərəyan siyasi-hərbi proseslər Rusiyanın nəzarətindədir və Moskva əvvəlkindən daha əminliklə söyləyir ki, bu regiondakı münaqişələrin "açarı" onun əlindədir. Bütün bunların çərçivəsində ATƏT-in Minsk Qrupu - dünya güclərinin balans birliyi maraqlarının artikulyasiyasını həyata keçirmədiyi üçün hələ real nəticə ortada yoxdur. Bu səbəbdən də, verilən bəyanatlarda məsuliyyət tez-tez tərəflərin üzərinə atılır. Tərəflər arasındakı vəziyyət isə hər kəsə aydındır...
"Atəşkəs" rejimində tərəflərin durumu...
Təcavüzkar Ermənistan bütün sahələr üzrə böhran keçirməkdədir. Daxili və xarici siyasətində total xaos yaşayan Yerevan hazırda elə bir vəziyyətdədir ki, rəsmi Bakının hücum diplomatiyasının təsirləri qarşısında tab gətirə bilmir. Azərbaycanın məqsədyönlü şəkildə həyata keçirdiyi xarici və informasiya-psixoloji siyasət nəticəsində Ermənistanın bütün "vuran əlləri" "sındırılıb". Artıq nə Ermənistandakı hərbi diktatura, nə də erməni lobbisi Azərbaycana qarşı əvvəlki tək "qara piar" kampaniyası apara bilmir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətini aldada bilmir. Bununla belə, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ayrı-ayrı dövlətlər səviyyəsində Ermənistanın Azərbaycana təcavüzünü təsdiqləyən sənədlərin qəbul edilməsi işğala məruz qalmış Azərbaycanın "hüquqi əlini" gücləndirir. Azərbaycan münaqişənin hüquqi yolla həllinə tərəfdar olduğunu dəfələrlə desə də, eyni zamanda, hərbi qüdrətini artırır. "Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan" prinsipinə uyğun olaraq, rəsmi Bakı hərbi büdcəsini Ermənistanın ümumi dövlət büdcəsinə bərabərləşdirib. Sosial və iqtisadi sahələrdəki fərqi isə heç deməyə dəyməz. Çünki təkcə Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə, maliyyə kütləsinin 90 faizinə, əhali potensialının isə 60 faizdən çoxunu əlində cəmləşdirib.
Həmçinin, tərəflər arasındakı fərqi mənəvi-psixoloji vəziyyətdən də ayırd etmək mümkündür. Belə ki, Ermənistan müstəqilliyini əldə etdikdən sonra buranı 1,5 milyon insan sosial-iqtisadi problemlərə görə tərk edib. Eyni zamanda, Ermənistan cəmiyyətində və ordusunda intihar hallarının da artması onu göstərir ki, bu ölkədə sağlam düşüncəli, iradəli cəmiyyət yoxdur. Lakin Ermənistanın bu cür acınacaqlı vəziyyətinə qarşı çox sağlam və rasional düşüncəli Azərbaycan cəmiyyəti durur.
Status-kvonun saxlanılması "boz
zonanı" aktiv cinayət yuvasına çevirir
Ermənistanın bütün sadalanan daxili və xarici problemlərinə baxmayaraq, hərbi diktatura Azərbaycanın torpaqlarının müxtəlif güclərin köməyilə işğal altında saxlamaqda israrlıdır. Çünki dünya siyasi xəritəsinə "boz zona" kimi düşmüş Dağlıq Qarabağda Ermənistanla birgə bir sıra maraqlı qüvvələrdə çirkin fəaliyyətlərini həyata keçirirlər. Məlumdur ki, Ermənistan Dağlıq Qarabağdan narkoticarət üçün tranzit məkan kimi istifadə edir. Eyni zamanda, hərbi diktaturanın bəzi üzvləri məqsədli şəkildə həmin ərazilərdə narkotik maddələr hazırladırlar. Həmçinin, Ermənistanın və digər dövlətlərin dəstəyilə Dağlıq Qarabağda terrorçu dəstələr təlimlər keçirlər və həmin ərazidən keçərək, müxtəlif ərazilərdə terror əməliyyatları həyata keçirməyə gedirlər.
Hətta bir neçə ay öncə bəlli oldu ki, Ermənistan Dağlıq Qarabağ vasitəsilə Rusiyadan aldığı hava hücumundan müdafiə sistemlərini, raketləri İrana satır, eləcə də, Suriya diktatoru Bəşər Əsədə silah-sursat göndərir.
Bütün banlarla yanaşı, Dağlıq Qarabağa sərmayə yatırmaq adı ilə burada çirkli pullar da yuyulur. Əlbəttə ki, Azərbaycan tərəfi dəfələrlə bu faktlarla bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb.
Bütün bu hallar isə ona görə baş verir ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsinə birbaşa nəzarət edə bilmir. Nəzarət etməsi üçün isə Ermənistan işğala son verməlidir. Ermənistanın Azərbaycana təcavüzünün davam etməsi həm də regionda reallaşdırılan transmilli layihələrə və ölkələr arasındakı regional əməkdaşlığı təhdid yaradır.
Transmilli layihələr və regional
əməkdaşlıq təhdid altındadır
Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, o, istənilən an Qərblə Şərqi birləşdirən transmilli layihələri, konkret olaraq, BTC-ni, BTƏ-ni, BTQ-ni və digər neft-qaz kəmərlərini və nəqliyyat yollarını raket atəşinə tuta bilər. Bunun üçün isə Yerevan Rusiyadan raketlər də alıb. Cənubi Qafqaz regionunda reallaşdırılan transmilli layihələrdən həm region ölkələrinin (Ermənistan istisna olmaqla), həm də Qərb dövlətlərinin faydalanır. Xüsusilə də, enerji təhlükəsizliyi problemi ilə üz-üzə qalan Avropa dövlətləri daha çox yararlanan tərəf qismində çıxış edir. Ona görə də, Ermənistanın bu cür terror xarakterli bəyanatlarına qarşı sərt təpki verilməlidir. Əks təqdirdə, regionda qarşısıalınmaz proseslərin başlanğıcı qoyula bilər.
Ən düzgün həll variantı...
Sonda qeyd edək ki, aparılan təhlillər bir daha göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm region ölkələrinin inkişafına, həm də regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsinə ciddi maneədir. Bu münaqişənin tezliklə ədalətli şəkildə həll edilməsi vacib məsələdir. Ədalətli həll isə,
- Ermənistanın işğalçı ordusunun Dağlıq Qarabağdan və ətraf yeddi rayondan çıxarılmasından,
- Beynəlxalq hüququn tələb etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından,
- Ərazilərin minalardan təmizlənməsindən,
- Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından qovulmuş insanların geri qayıtmasından,
- Kommunikasiya əlaqələrinin qurulmasından,
- İcmalar arasında etimad mühitinin möhkəmləndirilməsindən,
- Nəhayət, referendumun keçirilməsindən ibarət olmalıdır.
Başqa cür həll variantı heç bir halda qəbuledilən ola bilməz. Çünki Azərbaycan münaqişənin həm hərbi, həm də diplomatik həll variantına hazırdır. Sadəcə, zaman ölçüsü atılacaq addımların əhəmiyyətini və rasionallığını müəyyənləndirəcək.
"Səs" Analitik qrupu