Dünən Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində rayon rəhbərliyi və pedaqoji ictimaiyyətin nümayəndələri, millət vəkilləri, Avropa Şurası baş katibliyinin Azərbaycandakı xüsusi nümayəndəliyinin, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin, hüquq- mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Avropa Şurası tərəfindən "Uşaqlara qarşı zorakılıq" Proqramı çərçivəsində "Biz zorakılığa yox deyirik!" mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, bəşəriyyətin gələcəyi olan uşaqlarla işlər, onların problemlərinin həlli dövlətin, cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olmalıdır: "Bu gün dünyada uşaqlara olan münasibətlər hamını narahat etməlidir. Hər gün dünyada orta hesabla 24 min beş yaşına çatmamış uşaq əsasən qarşısı alınması mümkün olan xəstəliklərdən tələf olur. İldə təxminən 500 milyon-1,5 milyard uşaq müxtəlif zorakılığa məruz qalır. 150 milyon 5-14 yaşlı uşaqlar uşaq əməyinə cəlb olunur, 100 milyon ibtidai təhsil yaşlı uşaq təhsildən kənarda qalmışdır. Qızların erkən nigaha girməsi onların sağlamlığına ciddi zərər vurur. Bu gün Azərbaycan əhalisinin 29 faizi uşaqlar təşkil edir. Ölkə rəhbərliyinin səyləri nəticəsində onlara olan diqqət və qayğı günbəgün artmaqdadır".
A.Əsgərov Səbail rayonunda yaşayan 93772 nəfər əhalinin 26,5 faizini uşaqların təşkil etdiyini söylədi: "Rayonda 17 orta, 2 orta ixtisas təhsil müəssisəsi, 1 peşə məktəbi, 17 məktəbəqədər tərbiyə müəssisəsi, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 21.324 uşaq təhsil alır, uşaq bağçalarında isə 1790 uşaq tərbiyə alır".
Tədbirdə Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini, AŞPA-nın "Uşaqlara qarşı zorakılıq" proqramının Azərbaycandakı parlament əlaqələndiricisi, millət vəkili Sevinc Fətəliyeva mövzu ilə bağlı geniş məruzə etdi. S.Fətəliyeva qeyd etdi ki, uşaq hüquqları, uşaqlara qarşı zorakılıq məsələsi həmişə dünyanın gündəmində olub: "Qloballaşan dünyada həyat ritmi artıq tamam dəyişib.Biz artıq valideynlərimizin həyatını yaşamırıq, biz daha intensiv həyat tərzi yaşamaq və onu reallaşdırmaq istəyirik". S.Fətəliyeva onu da söylədi ki, müasir həyat müəyyən stereotiplərdən ibarətdir və əksəriyyət də çalışır ki, bu stereotiplərə uyğun addımlasın. Millət vəkili onu da qeyd edərək bildirdi ki, valideynlər karyera inkişafını, maddi qazancı önə çəkərək, bəzən uşaqlardan uzaqlaşır və onların necə, nə ilə yaşadıqlarından xəbərsiz qalırlar: "Valideynləri də başa düşmək olar. Amma problemləri də həll etmək lazımdır. Uşaqlar bizim gələcəyimizdir. Və bu gün onların hansı mühitdə yaşadıqları, nə ilə maraqlandıqları, nə barədə düşündükləri biz böyüklərdən çox asılıdır. Hətta bəzən biz uşaqlarımızı evdə tək qoyub, düşünürük ki, onlar tam təhlükəsizdir".
Tədbirdə millət vəkilləri Gülər Əhmədova və Elmira Axundova, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin uşaq müdafiəsi şöbəsinin müdiri Munir Məmmədzadə, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokotorulos, Bakı Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hüseyn Əliyev və başqaları mövzu ətrafında çıxış etdilər.
Sonda tədbirin təşkilatçılarından olan Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini, AŞPA-nın "Uşaqlara qarşı zorakılıq" proqramının Azərbaycandakı parlament əlaqələndiricisi, millət vəkili Sevinc Fətəliyeva toplantıya yekun vurdu.
RƏFİQƏ KAMALQIZI