PDF Oxu

Əsas

  • 16

“Dövlət bayrağının tapdalanması vətənpərvərlik hisslərinə xəyanətdir”

“Dövlət bayrağının tapdalanması vətənpərvərlik hisslərinə xəyanətdir”

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin cənub regionu üzrə zona müşavirəsi keçirilib. 13-15 aprel tarixlərində keçirilən müşavirənin gənclər üçün müsbət tərəflərini iştirakçılardan biri, YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin idarə heyətinin üzvü Tünzalə Muradova bizimlə bölüşüb. SƏSTV-də yeni yayımlanan "Gənc baxış" rubrikasında qonaq olan Tünzalə Muradova və YAP Qaradağ rayon təşkilatının təlimatçısı Emin Şıxəliyev ölkədə gedən ictimai-siyasi proseslərdə gənclərin rolunu da qiymətləndiriblər.

- Ləkəranda keçirilən ilk müşavirənin iştirakçısı olaraq təəssüratlarınızı bizimlə bölüşmənizi istərdik. Bu müşavirələrin gənclərə hansı müsbət təsiri var?


Tünzalə Muradova: -Cənub regionu üzrə zona müşavirəsi 13-15 aprel tarixlərində Lənkəran şəhərində keçirilib. Burada Biləsuvar, Masallı, Astara, Yardımlı olmaqla bir sıra cənub rayonlarının idarə heyətlərinin fəal gəncləri iştirak edib. İlk iclasımız Lənkəran Dövlət Universitetinin gəncləri ilə keçirildi. İclasın aparıcısı Lənkəran YAP gənclər birliyinin sədri Yalçın Əliyev oldu. İclas ərzində Seymur Orucovun da təşəbbüsü ilə gənclərimiz müxtəlif çıxışlar etdilər. Müzakirə olunan bir sıra mövzular zamanı gənclərin fikirlərini öyrəndik və onların tələblərini nəzərə aldıq. Eyni zamanda, müşavirə zamanı "Region gənclərinin ictimai-siyasi və İKT sahəsində fəaliyyəti" müzakirə edildi. YAP Gənclər Birliyinin sədri Seymur Orucovun təşəbbüsü ilə tədbirin ikinci günü "Dövlət gənclər siyasətinin əsas aspektləri və gənclərin fəaliyyət istiqamətləri" mövzusu müzakirə edildi. Gün ərzində ikinci diskussiya isə "Sağlam gənclik, sağlam gələcəkdir" mövzusunda idi. Burada da gənclərin bugünkü düşüncələrinin gələcəyimizi təmin etdiyi fikirləri səsləndirilirdi. Daha sonra isə tədbirdə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı region gənclərinin fikir və təklifləri mövzusundə diskussiya keçirildi. Aparıcı Aytac Əliyeva bu mövzu ətrafında geniş müzakirələrə yer verdi. Biz müşavirə zamanı baş verənləri, gənclərin tələblərini qeydə almışıq və yaxın zamanda planlı şəkildə hazırlayaraq rəhbərliyə təqdim edəcəyik.


- Sosial şəbəkələrdə Azərbaycan əleyhinə bir sıra fikirlər səsləndirilir. Gənclərimiz arasında bu fikirlərin arxasınca gedənlər var. Sizcə, həmin gəncləri narahat edən nədir və onlar Azərbaycan gəncliyinə ləkə deyilmi?


Emin Şıxəliyev: -Bəli, bu gün sosial şəbəkələrdə bir sıra saxta qruplar yaradılıb. Orada Azərbaycan əleyhinə hər gün müxtəlif fikirlər səsləndirilir. Biz gəncləri də, təbii ki, narahat edən ən önəmli məqam Azərbaycanda bu cür halların baş verməsidir. Ölkəmizdə inkişafın bu qədər dinamik getdiyi bir ərəfədə belə halların yaşanması, təbii ki bizə başucalığı gətirmir. Lakin biz bu halların aradan qaldırılması üçün əlimizdən gələni hər zaman etməliyik. Məsələn, biz öz yaratdığımız qruplarda həmin gənclərlə fikir müzakirələri edirik və onları müxtəlif sahələrdə verdiyimiz real cavablarla susdururuq. Son 3 gündür ki, həmin gənclərdə də bir durğunluq müşahidə olunur. Artıq tərəfimizdən susdurulublar. Onlar özləri də yaxşı bilirlər ki, pafoslu çıxışları boşdur və yalnız özlərinə zərər verir. Bu gənclərin istəkləri nədir sualına gəlincə, əslində, onlar nə istədiklərini heç bilmirlər. İşsizlikdən şikayət edən həmin bu gənclərə dəfələrlə müraciət edərək fikirlərini əsaslandırmaqlarını istəmişəm. Lakin onlar əsaslı bir fikir söyləyib öz istəklərini belə çatdıra bilmirlər.


- Bu gənclərin davranışları problemin həllinə çalışmaqdan daha çox, Azərbaycanın adına beynəlxalq səviyyədə ləkə yaxmağa və ölkəmizin uğurlarına mane olmaq cəhdlərinə bənzəmir ki?


Tünzalə Muradova: -Bu gün Azərbaycan gəncləri müxalifət nümayəndələrini dəstəkləmir. Çünki onlar gənclərimizə doğru istiqamət göstərəcək mövqedə deyillər. Bu gün biz dövlətçiliyimizin daha da gücləndirilməsi üçün atılan addımları görürük və təbii ki, birmənalı olaraq bunu dəstəkləyirik. Biz müxalifət partiyalarına qoşulmuş bir sıra gənclərin yox dərəcəsində olduğunu da, onların istəklərini reallaşdırmaq iqtidarında olmadıqlarını da yaxşı bilirik. Sadəcə, bu gün xalq sosial şəbəkələrdən istifadəyə üstünlük verir, ona görə də həmin təfəkkürü dar olan gənclər sosial şəbəkələr üzərindən öz planlarını yeritməyə çalışırlar. Bilirsiniz, biz yanlış deyib kənara atmırıq bu çağırışları. Yaxından izləyirik, dəyərləndirməyə çalışırıq. Yəni doğru yoldadırlarsa, fikirlərini söyləsinlər, bizi də inandırsınlar. Hamıya belə azad meydan verildiyi göz qabağındadır. Lakin bütün həqiqətlər ortadadır. Hər dəfə müxalifət çirkinliklərinin şahidi olduğumuz mitinqlərdən biri də 17 mart və 8 apreldə keçirildi. Elə burada da dediyim kimi, müxalifətin yeritdiyi yanlış siyasəti yaxından izlədik. Lakin müxalifət öz məğlubiyyəti ilə barışa bilmir, Azərbaycan gəncləri tərəfindən nəinki dəstəklənmədiyini, hətta nifrətlə qarşılandığını həzm edə bilmir. Sosial şəbəkələrdən edilən çağırışlar sadəcə Qərbdən aldıqları süni dəstək hesabınadır və o maliyyə yardımı dayanan kimi bu gənclərin də əsil üzləri ortaya çıxacaq.


- 8 aprel mitinqinə toxundunuz. Mitinqdə milli mənsubiyyətimiz olan bayrağımızın tapdalanması kimi bir sıra çərçivədən kənar hərəkətlər sərgiləndi. Sizcə, bu davranışlar müxaliflərin eyni zamanda vətənpərvərlik hisslərinə xəyanət etdiyini gəstərmirmi?


Tünzalə Muradova: - Əvvəla, qeyd etməliyik ki, iqtidar Azərbaycanda problem olmadığı fikrini təkzib etmir. Müstəqilliyini 20 ildir qazanmış gənc dövlət olaraq biz bir sıra sahələrdə dinamik inkişafa nail olmuşuq. Lakin təbii ki, ailədə də, işdə də, dövlətdə də müəyyən problemlər olur. Onlar elə zənn edirlər ki, biz problemlərimizi pərdələməyə, və ya fikirdən yayındırmağa çalışırıq. Bu, belə deyil, biz də problemlərimiz olduğunu bilirik, lakin bunun həlli yollarını axtarırıq və o istiqamətdə hərəkət etməyə çalışırıq. Lakin onlar isə öz fikirlərini nalayiq söyüşlər, mədəniyyətdən və tərbiyəvi çərçivədən kənar ifadələrlə çatdırırlar. Bayrağımızın tapdalanması dediniz. Baxın, bu davranışı sərgiləyənlər hansı dövlətçilikdən danışa bilərlər? Azərbaycanın dövlət bayrağının tapdalanması vətənpərvərlik hisslərinə xəyanətdir. Bütün bunları görən Azərbaycan xalqı və gəncləri də onlara dəstək olmamaqla yanaşı, günü-gündən nifrət edir. Müxalifət nümayəndələrini dəstəkləyən həmin gənclərə səslənərək demək istəyirəm ki, aramızda nifaq salıb özümüzü təhqir etməyimizə gərək yoxdur. Kənardan baxanları və ya düşmənlərin "Qurd ağacı içindən yeyər" və ya "Sapı özlərindən olan baltalar" kimi ifadələr səsləndirmələrinə icazə verməmək lazımdır. Onlar kənardan özlərini izləsələr, görərlər ki, nə qədər hörmətsizlik edirlər. Hamımız Azərbaycan vətəndaşlarıyıq. Onlar nə üzərində mübarizə aparıb, nəyi bölməyə çalışırlar, mən şəxsən bunu anlamıram. Azərbaycan nə tək iqtidarın, nə də müxalifətindir. Azərbaycan azərbaycanlılarındır. Biz dövlətimizin ərazi bütövlüyünü təmin etmək, işğal altında olan torpaqlarımızı geri qaytarmaq uğrunda mübarizə aparmaq üçün birləşməliyik. Tək əldən səs çıxmaz. Kobud da səslənsə, gəlin, ölkəmizi bir ipə bənzədək, hərə də bir tərəfdən çəksin. Bu üsulla, sizcə, nəyə nail olmaq olar? Ümumiyyətlə, dünya praktikasında da hansısa bir ailəni, komandanı, qrupu çökdürmək üçün üzvlərini və ya fərdlərini tək-tək fikrindən yayındırılar. Elə dövlət də belədir. Ona görə də, Azərbaycan gəncləri bir fikrə gəlməli və artıq bu cür mənasız çağırışlara son verilməlidir.

Emin Şıxəliyev: -Bəli, bayrağın tapdalanması halı uzun müzakirələrə layiqdir əslində. Öz fikirlərini çatdırmaq istəyən gənclər bunun qarşısında sadəcə utanmalıdırlar. Çünki ölkəsinin bayrağına belə hörmətsizlik edən gənc həmin ölkəyə hansısa xeyir vermək haqda fikir irəli sürə bilməz. Ümumiyyətlə, 8 aprel mitinqinə nəzər saldıqda, bu cür əxlaqdan və vətənpərvər ruhdan kənar bir sıra hallarla qarşılaşmaq mümkündür. Toplaşdıqlarını iddia edən 5000 nəfər gənc, əslində, montaj vasitəsilə artırılıb. Bir sıra bu cür faktlar da onların əməllərini gözdən salmaqdan başqa heç bir işə yaramadı. Biz bunun bu cür olacağını bilirdik əslində, sadəcə, onlar özlərini hər dəfə bu cür biabır edirlər və bundan dərs götürmürlər.


GÜNAY MƏMMƏDOVA

Digər xəbərlər