Dünən akademik Zərifə Əliyeva adına Məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumtəhsil və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında inşa müsabiqəsinin yekun mərhələsi keçirildi.
Yekun mərhələsinin açılış mərasimində təhsil naziri Misir Mərdanov çıxış edərək, bildirdi ki, hər il Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən bu müsabiqədə minlərlə şagird iştirak edir: "Müsabiqə Heydər Əliyev Fondu, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə reallaşdırılır. Müsabiqə üç mərhələdə (məktəb, rayon (şəhər) və respublika mərhələlərində) aparılır. "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir" mövzusu üzrə keçirilən müsabiqənin respublika mərhələsində 114 şagird (ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri) iştirak etmişdir. Müsabiqə qaliblərinin inşa yazıları kitab şəklində çap ediləcəkdir".
M.Mərdanov onu da vurğuladı ki, mükafatlandırma mərasimi mayda "Gülüstan" sarayında olacaqdır.
Yekun mərhələsinin açılış mərasimində Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, eləcə də, təhsil işçiləri iştirak etdilər.
R.Hüseynova