PDF Oxu

Əsas

  • 17

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar “Sığorta-pensiya sistemi”

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar “Sığorta-pensiya sistemi”

Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Sığorta-pensiya sistemi" mövzusunda dəyirmi masa keçirildi. "Kempinski Badamdar" hotelinin "Qəbələ" zalında təşkil olunan tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə imzaladığı Sərəncamın məqsəd və əhəmiyyətindən danışdı.

Əli Əhmədov: "Azərbaycan dövlətinin sosial siyasəti insanların rifah halının daha da yüksəlməsinə, etibarlı sosial təminatı sisteminin yaranmasına xidmət edir"


YAP Sədrinin müavini Ə.Əhmədov vurğuladı ki, bu sənəddən irəli gələn vəzifələr bütövlükdə ölkəmizin qarşıdakı on il ərzində inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarətdir: "Konsepsiyanın ayrı-ayrı sahələr üzrə əsas məqamları müəyyənləşdirilir. Yeni Azərbaycan Partiyası bu istiqamətdə aparılan işlərin ictimaiyyətə təqdim edilməsi ilə əlaqədar dəyirmi masalar təşkil edir. Azərbaycan vətəndaşlarını ciddi şəkildə düşündürən, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətli hissələrindən biri olan sosial siyasətin, pensiya təminatının konseptual bazasının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində hazırlanması istiqamətində də çox intensiv işlər gedir. Bugünkü tədbir də bu istiqamətdə aparılan işlərin ictimaiyyətə təqdimatı baxımından əhəmiyyətlidir. Azərbaycan dövlətinin sosial siyasəti insanların rifah halının daha da yüksəlməsinə, daha da etibarlı sosial təminatı sisteminin yaranmasına xidmət edir."

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində əhəmiyyətli yer tutan dəyişikliklərdən danışan Ə.Əhmədov onu da vurğuladı ki, sözügedən məsələlərdən biri də sosial müdafiə sisteminin təkmilləşdirilməsidir: "Bu islahatların qarşıya qoyduğu əsas məqsəd bir yandan Azərbaycan vətəndaşlarını və pensiyaçıları daha yüksək pensiya ilə təmin etmək, digər tərəfdən isə pensiya sisteminin müəyyənləşdirilməsi, pensiyaların müəyyənləşdirilməsi mexanizminin daha ədalətli formada təkmilləşdirilməsidir. Bu islahatların əsas əhəmiyyətli hissəsindən biri də pensiya alanlarla pensiya müəyyənləşdirən orqanlar arasında münasibətlərin daha sivil formada, daha müasir texnologiyalarla təmin edilməsindən ibarətdir ki, bunlar da nəticə etibarilə ölkəmizdə həyata keçirilən pensiya islahatlarının tərkib elementləridir."

YAP Sədrinin müavininin sözlərinə görə, dövlətimizin həyata keçirdiyi islahatlar bütövlükdə etibarlı, ədalətli və müasir pensiya sisteminin yaranmasını və fəaliyyət göstərməsini təmin edəcək: "Bu gün 2020-ci ilə istiqamətlənmiş hədəfləri müəyyənlədirərkən bu sahədə qarşıda hansı vəzifələr dayanır və onların icrası üçün hansı konkret addımların atılması nəzərdə tutulur, bütün bunlar tədbir çərçivəsində ətraflı müzakirə olunacaq, təkliflər səsləndiriləcək".

Səlim Müslümov: "Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının bütün tələblərini əhatə edir"


Daha sonra Azərbaycan Respublikası Dövlət Sosial-Müdafiə Fondunun sədri, iqtisad elmləri doktoru Səlim Müslümov mövzu ilə bağlı təqdimatla çıxış etdi. S.Müslümov bildirdi ki, Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının bütün tələblərini əhatə etməklə yanaşı, ölkəmizin özünəməxsus xüsusiyyətlərini tam nəzərə aldığından, yeni iqtisadi sistemə keçid dövrünü uğurla başa vurmağımızı şərtləndirmişdir: "Bu modelin təməl prinsiplərini Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir. Azərbaycanın gələcək inkişaf istiqamətlərinin vahid konsepsiya çərçivəsində təqdimi üçün həmin prinsiplərin ötən mərhələdəki sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və çoxşaxəli fəaliyyətin ətraflı təhlili mühüm əhəmiyyət daşıyır. Çünki gələcəyə baxışın düzgün istiqamətləndirilməsi və uğurların təmin edilməsi müasir qloballaşan dövrün ağır sınaqlarından çıxmış prinsiplərin daha da dərinləşdirilməsindən birbaşa asılıdır". Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da imzaladığı Sərəncamla müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması tapşırılmışdır."

S.Müslümov fond tərəfindən Azərbaycanın sığorta-pensiya sisteminin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi məqsədilə bir sıra layihələr çərçivəsində aktual tədqiqatların təşkil olunduğunu vurğuladı: "Tədqiqat müasir dünyada sığorta-pensiya sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə standart indukativ göstəricilər əsasında təşkil olunub. Beynəlxalq maliyyə və tədqiqat qurumlarının qəbul etdiyi metodiki tövsiyələr əsasında Azərbaycanın sığorta-pensiya sisteminin qiymətləndirilməsi aparılıb, 2020-ci və 2040-cı illər üçün sığorta-pensiya sisteminin inkişafı üzrə fərqli ssenarilər, mövcud risklər və onların qarşılanması üçün alternativlər verilib. "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasının hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilədək olan dövr xüsusi diqqətə alınmışdır".

DSMF sədri bildirdi ki, ötən dövrdə Azərbaycanda sosial müdafiə sisteminin beynəlxalq standartlara əsaslanan islahatı nəticəsində sığorta-pensiya sistemində mühüm nailiyyətlərə nail olunub: "3 pilləli pensiya təminatı müəyyənləşdirilmişdir ki, bu da əhalinin sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür. Əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır. İşləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi yeni qaydalarla əhatə olunmuş, bununla da işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən, sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılmışdır. İşləyən pensiyaçıya yaşa görə əmək pensiyasının 50 faiz həcmində ödənilməsi kimi mənfi praktika ləğv olunmuş və onlar öz pensiyalarını tam məbləğdə almağa başlamışlar".

S.Müslümov onu da qeyd etdi ki, bütövlükdə, pensiyaların artımı mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə və pensiya məbləğlərinin indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qorunmasına şərait yaratmışdır: "Vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir. 2012-ci ilin bir aprel tarixinə 1 milyon 978 mindən artıq sığortaolunan sosial sığorta nömrəsi verilmiş, onlar üçün fərdi hesab açılmışdır. Pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılmışdır. Hazırda pensiya ödənişi aparılan pensiyaçıların şəhərlərdə 100 faizinin, kənd yerlərində 99 faizinin, ümumilikdə isə, 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazası tamamilə yenidən qurulmuş, fondun bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmışdır."

DSMF sədri onu da söylədi ki, son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil etmişdir: "Pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53 faizi düşür ki, bununla da qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunmuşdur".

S.Müslümov bildirdi ki, 2020-ci ildə Azərbaycanın sığorta-pensiya sisteminin sığortaedənlər, sığortaolunanlar və pensiyaçılara münasibətdə aşağıdakı kimi fəaliyyət göstərməsinə nail olmaq hədəflənmişdir. Qeyd edildi ki, pensiyaçılara münasibətdə isə vətəndaşın pensiya təyinatı üçün hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmır və yalnız ona pensiya təyin edilməsi üçün müvafiq müraciətini elektron qaydada fonda ünvanlayır: "Yaşa görə pensiya üçün tələb olunan şəxsiyyət vəsiqəsi barədə məlumatlar fondla Daxili İşlər Nazirliyi arasındakı elektron əlaqə ilə təmin olunur, sosial sığorta şəhadətnaməsi və digər sosial sığorta parametləri barədə məlumatlar isə fondun mərkəzi məlumat sistemində olur. Əlilliyə görə pensiya üçün fondla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı elektron əlaqə ilə əlillik qrupunun verilməsi barədə müvafiq məlumatlar alınır, digər məlumatlar isə fondun mərkəzi məlumat bazasından götürülür. Ailə başçısını itirməyə görə pensiya üçün fondla Ədliyyə Nazirliyi arasındakı elektron əlaqə ilə vəfat etmiş şəxs barədə və ya onun ailə üzvləri barədə məlumat əldə edilir, digər müvafiq məlumatlar isə fondun mərkəzi məlumat bazasından götürülür. Vətəndaşların elektron müraciətləri əsasında pensiya təyinatı avtomatlaşdırılmış qaydada vahid mərkəzdən aparılır. Təyin olunmuş pensiyaların avtomatlaşdırılmış ödənişini təmin etmək üçün fonddan vətəndaşın yaşadığı ərazi üzrə tenderin qalibi kimi ödəniş xidmətini həyata keçirən bank şöbəsinə pensiyaçıya plastik kartın hazırlanaraq təhvil verilməsi barədə elektron göstəriş göndərilir. Pensiya təyinatı aparıldıqdan sonra pensiyaçıya təyin olunmuş pensiyasının məbləği və avtomatlaşdırılmış ödəniş üçün plastik kartın hansı ödəniş təşkilatından təhvil götürülməsi barədə elektron poçt və adi poçt vasitəsilə rəsmi məlumat verilir. Pensiyaların hesablara köçürülməsi hər ay eyni gündə mərkəzləşdirilmiş şəkildə aparılır. Sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlər pensiyalarının artımına yönəldilir".

S.Müslümov bildirdi ki, 2020-ci ildə Azərbaycan Respublikasının sığorta-pensiya sistemində vətəndaşla fondun əməkdaşları arasında birbaşa əlaqə yarada bilən bütün hallar aradan qaldırılır, həm sığortaedənlərin uçota alınması, məcburi dövlət-sosial sığorta haqlarının hesablanması, ödənilməsi, fərdi uçotunun aparılması, fərdi şəxsi hesablardan müvafiq məlumatların əldə edilməsi, fond tərəfindən bu proseslərə audit və digər vasitələrlə nəzarət edilməsi, həm pensiyaların təyin olunması, həm də onların ödənişi tam avtomatlaşdırılır.

Hadi Rəcəbli: "Düşünürük ki, 2020-ci ilə qədər dövr üçün qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olacağıq"

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli qeyd etdi ki, Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətinin ayrı-ayrı sahələr üzrə geniş müzakirə oluması sevindirici haldır: "Təbii ki, keçirilən tədbirlərdə səsləndirilən fikirlər Konsepsiyasının hazırlanması zamanı nəzərə alınacaq və sənədin daha təkmil olmasında mühüm rol oynayacaq. Siyasi baxımdan YAP-ın bu Konsepsiyanın təkmilləşdirilməsində iştirakını yüksək dəyərləndirirəm. Bütövlükdə ölkəmizdə modern dövlət quruculuğu modeli üzərində iş gedir. Bu modelin əsas tərkib hissələrindən biri odur ki, ardıcıl islahatlar həyata keçirilir və bu islahatlar dünyəvi addımlarla müşayiət olunur. Son illər həm iqtisadiyyatın, həm də müdafiə sisteminin bütün sahələrində sistemli şəkildə islahatlar aparılır."

Ötən illəri müqayisəli təhlil edən H.Rəcəbli qeyd etdi ki, sosial müdafiə sistemində həyata keçirilən islahatların böyük bir hissəsi sığorta-pensiya sistemində aparılıb: "Azərbaycanın ilk dəfə olaraq, pensiyanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə, ünvanlılığa keçməsi çox önəmli məsələlərdən biridir. Bu gün hər bir vətəndaşın adını kompyuterdə qeyd etməklə onun pensiya sənədləri haqqında tam məlumatın formalaşdığını aydın görərik. Bu gün pensiyaların plastik kartlarla ödənilməsi də uğurlarımızdandır."

H.Rəcəbli bildirdi ki, bu gün pensiya-sığorta sistemində məmur-vətəndaş təması minimuma endirilib: "Vətəndaş artıq öz pensiyasını hesablamaq imkanlarına malikdir. İslahatların zamanın tələbinə uyğunlaşdırılması sistemin daha təkmilləşdirilməsinə öz müsbət təsirini göstərir. Düşünürük ki, 2020-ci ilə qədər dövr üçün qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olacağıq."


Əhliman Əmiraslanov: "Azərbaycan dünyada yeganə ölkədir ki, bir ildə pensiyalar 40 faiz artıb"


Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov ölkəmizin sosial-iqtisadi uğurlarından, sığorta-pensiya sistemində həyata keçirilən islahatların uğurlu nəticələrindən bəhs etdi. Bildirdi ki, iqtisadi imkanların artması güclü sosial siyasətin həyata keçirilməsinə stimul verir: "Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan dünyada yeganə ölkədir ki, bir ildə pensiyalar 40 faiz artıb. Ötən il 900 minə yaxın pensiyaçının təqaüdünün orta hesabla 40 faiz artması uğurlu nəticədir."

Bir məsələni də xüsusi qeyd edən Ə.Əmiraslanov bildirdi ki, dövlət başçısı İlham Əliyevin diqqəti nəticəsində elm və təhsil sahəsində çalışanlar pensiyaya çıxan zaman təqaüdlərinə əlavələr edilir. Belə ki, elmlər namizədi dərəcəsinə görə 100 manat, elmlər doktoru dərəcəsinə görə isə 200 manatın əlavə olunması elm və təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Gələcəkdə bu rəqəmin daha da artacağına böyük əminlik ifadə olunur.


Ziyad Səmədzadə: "Bu gün pensiya-sığorta sistemi müasir tələblərə cavab verən şəkildə fəaliyyət göstərir"


Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə qeyd etdi ki, dünyanın inkişaf etmiş ölkələrində həyat tərzinin yaxşılaşması, keyfiyyətli həyat tərzi sisteminə keçilməsi qarşıya əsas məqsədlərdən biri kimi qoyulur: "Bu sahədə yeniliyə, təşəbbüskarlığa daha çox üstünlük verilir. Ona görə də, bu gün pensiya-sığorta sistemi müasir tələblərə cavab verən şəkildə fəaliyyət göstərir. Beynəlxalq standartlara cavab verən texnologiyalar tətbiq olunur. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının müzakirə olunduğu bugünkü mərhələdə bu mövzuya müraciət təbiidir. 20 il bundan əvvəl işlər sosial qalıq prinsipləri əsasında qurulurdu. Bu gün isə dövlət başçısı İlham Əliyev qarşıya bu mühüm vəzifəni qoyub ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında olmalıdır. Bu, o deməkdir ki, ilk növbədə, pensiya sistemi yaxşılaşmalıdır. Bu baxımdan, tədbirdə bu sahədə görülən işlərin təqdimatı göstərdi ki, gələcəkdə böyük dəyişikliklər olacaq. Qarşıya konkret hədəflərin qoyulması və onların həlli yollarının müəyyənləşdirilməsi ölkəmizin bugünkü imkanlarına əsaslanır."


Əli Məsimli: "Bu tədbir Azərbaycan əhalisinin 1,3 milyon nəfərinin taleyi və gələcəyi ilə bağlıdır"


Tədbirin çox aktual məsələyə həsr olduğunu qeyd edən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli bunu belə əsaslandırdı: "Bu tədbir Azərbaycan əhalisinin 1,3 milyon nəfərinin taleyi və gələcəyi ilə bağlıdır. Bu amilə Azərbaycanın mentalitetini, yəni azərbaycanlı adını daşıyan hər kəsin yaşlı nəslə böyük hörmət və diqqətlə yanaşdığını əlavə etsək, bu aktuallığı aydın görərik. Pensiyaların 40 faiz artması, bu ilin ortalarından sovet dövründən qalma əmanətlərin qaytarılmasına başlanılması da diqqətin nəticəsidir."

Ə.Məsimli 2020-ci ilə qədər dövr üçün İnkişaf Konsepsiyasının hazıranması barədə Prezident Sərəncamını yüksək qiymətləndirərək, qarşıda duran hədəflərə çatmaq üçün öz təkliflərini səsləndirdi. Vurğulandı ki, sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması, həmçinin, Azərbaycanda təhsilin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması və s Konsepsiyanın əsas istiqamətlərindəndir.

Tədbirdə təqdimat ətrafında müzakirələr zamanı səsləndirilən təkliflərə xüsusi önəm verildiyini bir daha qeyd edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın qarşısında böyük imkanlar açılır. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi də uğurlu siyasətin nəticəsidir.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər