Dünən Daşkəsən rayonunda 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı geniş tədbir keçirildi. Rayon mədəniyyət evində davam etdirilən hesabat yığıncağı dövlət himninin səsləndirilməsi ilə başladı. Hesabat yığıncağında məruzə ilə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi.
Ə.Abıyev Azərbaycan dövlətinin çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirdiyini, yeni iş yerləri açıldığını və regionların yüksək inkişafının təmin olunduğunu vurğuladı. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Azərbaycanın sosial-iqtisadi uğurlarının paytaxtla yanaşı, bütün bölgələrini əhatə etdiyini bildirən Ə.Abıyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyi daxili və xarici siyasət xəttinin, düşünülmüş iqtisadi və hüquqi islahatların real nəticələrinin ötən ilin yekunlarında özünün bariz əksini tapdığını vurğuladı.
Ölkəmizdə davam edən inkişaf tendensiyasının Daşkəsən rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərdiyini bildirən rayon icra hakimiyyətinin başçısı cari ilin birinci rübünün Daşkəsən rayonunda da sosial-iqtisadi inkişafın artım tempi ilə müşayiət olunduğunu söylədi: "Belə ki, cari ilin birinci rübü ərzində Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülmüşdür. Ümumi məhsul buraxılışı 10022 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz çoxdur. O cümlədən, göstəricilər kənd təsərrüfatı üzrə 28,4 faiz, nəqliyyat üzrə 6 faiz, rabitə üzrə 2,5 faiz, ictimai-iaşə xidmətləri üzrə 7,3 faiz çox olmuşdur. Həmçinin, sənaye müəssisələrinin işçilərinin orta sayı 571 nəfərə çatmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı isə 335,5 manat təşkil etmişdir. Cari ilin birinci rübü ərzində rayonda 156 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Həmin dövrdə rayonda 72 iş yeri yaradılmışdır".
Ə.Abıyev cari ilin birinci rübü ərzində istifadə olunmuş elektrik enerjisinin əhali qrupu üzrə dəyərinin ödənilməsinin 97,4 faiz təşkil etdiyini bildirdi: "Ötən ilin birinci rübündə bu göstərici 91,4 faiz təşkil etmişdir. Ümumi ödəmə üzrə isə bu göstəricilər müvafiq olaraq 78,42 faiz, 72,1 faiz olmuşdur. Həmçinin, rayonda elektrik avadanlıqlarının yeniləşdirilməsi və təmiri, yeni transformatorların alınıb quraşdırılması, transformatorların əsaslı təmiri, elektrik dayaqlarının, EVX-nin dəyişdirilməsi və təmiri üzrə bir sıra işlər görülmüşdür. Belə ki, 5 ədəd transformator təmir edilmiş, 2 ədəd dayaq dəyişdirilmiş, 17 ədəd əyilmiş dayaq düzəldilmiş 1,2 km EVX-də təmir işləri aparılmış, 250 m AC-50 markalı zədələnmiş naqil yenisi ilə əvəz olunmuş, 243 m kabel çəkilmiş, "Alunit" istehsalat sahəsində qəza vəziyyətində olan 35/6 kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikintisi üçün torpaq sahəsi ayrılmış, tikinti işlərinə başlanmışdır".
Natiq onu da vurğuladı ki, ötən ildə Daşkəsən rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılıbdır: "Ötən il Daşkəsəndə də bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri aparılıbdır. Belə ki, Bayraq Meydanı və istirahət mərkəzi olan park yaradılıb, "Yeni həyat" xeyir-şər evi tikilərək rayon ictimaiyyətinin ixtiyarına verilibdir. Daxili imkanlar hesabına şəhərin "Cümə" məscidi əsaslı təmir edilibdir. Həmçinin, rayonun Heydər Əliyev, İ.Qayıbov küçələrinə asfalt örtüyü salınmış, rayon baytarlıq idarəsinin inzibati binasının, diaqnostika mərkəzi və Dəstəfur kəndində baytar sahəsi üçün inzibati binanın və rayon mərkəzi xəstəxanasının inzibati binaları tikilərək istifadəyə verilibdir. Eyni zamanda, cari ilin birinci rübü ərzində də bu işlər davam etdirilməkdədir".
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, heyvandarlıq üzrə 1 və arıçılıq üzrə isə 1 damazlıq təsərrüfatları fəaliyyət göstərdiyini vurğulayan rayon rəhbəri bitən ildə toxumçuluq təsərrüfatlarında 90 ton kartof, 200 ton taxıl toxumu istehsal edildiyini söyləyib.
Daha sonra hesabat məruzəsi ətrafında rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev, 22 saylı yol istismar idarəsinin rəisi Nəriman Süleymanov və başqaları çıxış edərək, rayon icra hakimiyyətinin başçısının məruzəsini qənaətbəxş qiymətləndiriblər.
Sonda iştirakçılar adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
RƏFİQƏ HÜSEYNOVA