Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşı olan tələbələr Quba məzarlığını ziyarət edib. Türkiyə, Nigeriya, ABŞ, Cənubi Koreya, İraq, Türkmənistan və digər ölkələri təmsil edən 20-dən çox gənc-tələbələr erməni vəhşiliyinin göstəricisi olan bu məzarlıqla yaxından tanış olublar. Ziyarətin təşkil edilməsində məqsəd əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir. Çünki Ermənistan hər il aprelin 24-də uydurma "erməni soyqırımını" qeyd edir, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Amma Quba məzarlığı əsl soyqırımın ermənilər tərəfindən törədildiyini sübut edən əyani faktdır. Gənclər 1918-ci ilin mart ayında ermənilərin Qubada törətdiyi qətliamın qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, məzarlığa gül dəstələri düzüblər.
B.Səfəroğlu adına Quba Mədəniyyət Evinin direktoru Ramiz Azərsoy ziyarətçilərə məzarlıq haqqında məlumat verib. O bildirib ki, 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Qubada da minlərlə günahsız dinc insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib: "Kütləvi məzarlıq 2007-ci ilin aprel ayında ərazidə torpaq işləri görülərkən aşkarlanıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda tədqiqat işləri aparılıb, onun 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu müəyyən edilib. Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadrat metr sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kvadratmetr sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Arxeoloji qazıntılar nəticəsində qazıntı sahəsində insan cəsədləri ilə doldurulmuş 2 quyu və 2 arx aşkar edilib. Mövcud məzarlıqda 600 dinc insan kəsici və küt alətlərlə öldürülərək basdırılmışlar. Ümumilikdə isə, S.Şaumyanın başçılığı ilə1918-ci ildə Qubada 36 min dinc insan vəhşicəsinə qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb. Ermənilər hər il aprelin 24-də uydurma "soyqırımı" qeyd edirlər. Amma bu fakt göstərir ki, digər xalqlara qarşı soyqrımı törədənlər məhz ermənilərdir".
Qeyd olunub ki, bu həqiqətlərin dünyada tanınması üçün dövlət səviyyəsində işlər aparılır. Hazırda məzarlığın ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Soyqırımı memorial kompleksi" inşa olunur. Daha sonra isə məzarlıqda soyqırımı muzeyi yaradılacaq.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə vurğulayıb ki, hazırda Ermənistan uydurma "soyqırımı" dünyada tanıtmağa çalışır. Onun sözlərinə görə, Quba məzarlığını ziyarət etməklə xarici ölkə vətəndaşları olan tələbələr insanlığa qarşı necə cinayətin törədildiyinin şahidi olurlar. "Bizim istəyimiz ondan ibarətdir ki, bu gənclər əsil həqiqətləri öz imkanları daxilində ölkələrində yaysınlar. Bunun üçün sosial şəbəkələrin imkanlarından geniş istifadə etmək mümkündür"- deyə S.Orucov vurğulayıb. S.Orucov qeyd edib ki, Quba məzarlığı, Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı təsdiq edən əyani sübutdur. Bu sübutların olduğu halda ermənilərin özlərinə qarşı "soyqırımın" törədilməsini iddia etmələrinin heç bir əsası yoxdur. S.Orucov bildirib ki, dünyada hələ də uydurma "erməni soyqırımının" təbliğatı aparılır. Onun sözlərinə görə, bəzi dövlətlərin bu qondarma hadisəni tanıması təəssüf doğurur.
"Ermənistanın həqiqi xislətinin dünyaya tanıdılması üçün Azərbaycan və Türkiyə birgə fəaliyyət göstərir. Bu fəaliyyət sistemli, ardıcıl şəkildə davam etdirilməlidir. Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verməkdədir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir. Təbii ki, Azərbaycan gəncliyi olaraq bizlər ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Bu gün informasiya texnologiyaları yüksək səviyyədə inkişaf edib və onun imkanlarından istifadə edərək əsil həqiqətlərin beynəlxalq aləmə çatdırmaq istiqamətində bütün gücümüzü səfərbər etməliyik"- deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
Çıxışlarda qeyd edilib ki, Quba məzarlığında yaradılacaq kompleks ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların beynəlxalq birliyə nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir. Ümumiyyətlə, Quba məzarlığı erməni vəhşiliyini, insanlığa qarşı cinayətləri əks etdirən əyani faktdır. Bu gün Azərbaycan dövləti daha da güclənir və görülən bütün bu işlər əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Quba məzarlığı ilə tanış olan xarici ölkə vətəndaşları olan tələbələr də gördükləri mənzərədən təsirləndiklərini bildirib və bu haqda məlumatları sosial şəbəkələr vasitəsilə öz ölkələrində paylaşacaqlarını vurğulayıblar. Qeyd edək ki, əcnəbi tələbələrə YAP Gənclər Birliyi tərəfindən Quba məzarlığı ilə bağlı məlumatları əks etdirən ingilis dilində hazırlanmış bukletlər də paylanıb.