"Azərbaycan cəmiyyətinin, jurnalistikasının və siyasi həyatının bütün neqativ proseslərinin cizgiləri televiziyalarda əks olunur". SİA-nın xəbərinə görə, bunu Prezidentinin Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, şou aləmində indi meydan sulayan və meydan sulamalı olan musiqi nümunələri arasında seçim imkanı nə qədər məhduddursa, televiziyalar da həmin o məhdudiyyəti özündə əks etdirir: "Bundan başqa, telekanalların reytinq arxasınca qaçması, bazar iqtisadiyyatı mexanizmlərinin televiziyaların həyatına müdaxilə etməsi açıq şəkildə telekanalları milli-mənəvi dəyərlərdən, ictimai tələblərdən uzaqlaşdırmağa doğru yönləndirir. Ona görə də cəmiyyətdə mövcud olan bütün neqativ proseslər, o cümlədən Azərbaycanın şou həyatındakı proseslər televiziyaların həyataına da daxil olub".
PA rəsmisi həmçinin ölkə jurnalistikasında mövcud vəziyyətə toxunub: "Jurnalistikamıza baxın, məsələn, biz ötən ildən etibarən dövlət başçısının iradəsilə "Diffamasiya haqqında" qanunun qəbul edilməsinə hazırlaşırıq. Biz istəyirik ki, jurnalistlər məsuliyyəti üzərlərinə götürərək özlərini cəmiyyət qarşıdurmasından xilas etsinlər. Jurnalist cəmiyyəti məhkəmələrindən xilas olsun. Lakin, bu müddətdə Azərbaycan jurnalistikası bir daşı daş üstə qoyub, öz peşəkarlığını, sözün məsuliyyətini dərk edib bu istiqamətdə fəaliyyət göstərmək bacarıqlarını inkişaf etdirmək üçün bir iş görmədi. Cəmiyyətin və jurnalist ictimaiyyətinin qəbul etdiyi əxlaq kodeksini heç bir qəzet nəzərə almır. İndi jurnalistikada belə təcrübə formalaşıb, əvvəl yazırlar, sonra isə onun məsuliyyəti haqqında düşünürlər. Bu isə cəmiyyətdə gətirib elə bir proses formalaşdırır ki, qarşıdurma, insanların insanları təhqir etməsi, böhtan atması, onların nüfuzuna xələl gətirməsi və digər bu kimi hallarla nəticələnir. Eyni proses televiziya aləminə də sirayət edir. Televiziyalarda ən yaxşı Azərbaycan müsiqilərini efirlərdə görmək əvəzinə ən pis nümunələri görürük. Ən yaxşı efir nümunələrini, filmləri, müəllif, bədii və ictimai verilişləri reytinqli verilişlər sırasına qatmaq əvəzinə çox təəssüflər olsun ki, bayağı şoular reytinq qazanır. Görünür ki, burada televiziya ilə bazar mexanizmlərinin uyğunlaşması arasında müəyyən ziddiyətlər var. Gələcəkdə bunları daha da şəffaflaşdırmaq, bu sahədəki iştirakçıların sayını artırmaq və zənginləşdirmək yolu ilə azad rəqabət yaradılmasını düşünürük".
Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyətinin tele-radio siyasətilə bağlı konsepsiyası mövcuddur və bu siyasətin mahiyyəti, mexanizmləri də bəllidir: "Lakin, buna zaman lazımdır. Dünyanın heç bir ölkəsində televiziyalar qısa müddətdə indiki inkişaf etmiş səviyyəyə çatmayıb. Bunun üçün bəlli illər, mexanizmlərin reallaşması, bazar iqtisadiyyatının, liberal daxili həyatın tam oturuşması, televiziyalar arasında azad rəqabətin formalaşması və ən yaxşı şou nümunələrinin efirlərdə davamlı məskən salması lazımdır".