Son illərdə respublikamızın bütün bölgələri kimi, Şirvan şəhəri də sürətlə inkişaf etməkdədir. Şəhər gündən-günə öz görkəmini dəyişir, burada yeni istirahət guşələri, park və meydançalar yaradılır, məhəllələr abadlaşdırılır, insanların rifahı naminə mühüm tədbirlər həyata keçirilir. Şirvan sənaye şəhəri olduğundan, bu sahənin inkişafı üçün bütün imkanlardan istifadə edilir, yeni sənaye müəssisələrinin, obyektlərin açılmasına xüsusi diqqət yetirilir. Şirvan şəhərinin 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı geniş tədbirində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov aprel ayının 16-da dövlət başçısı cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli nitqinin, dəyərli tövsiyələrinin hər bir vətəndaş kimi şirvanlılar tərəfindən də maraqla izlənildiyini bildirdi.
M.Camalov Azərbaycan dövlətinin çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirdiyini, yeni iş yerləri açıldığını və regionların yüksək inkişafının təmin olunduğunu vurğuladı. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Azərbaycanın sosial-iqtisadi uğurlarının paytaxtla yanaşı, bütün bölgələrini əhatə etdiyini bildirən M.Camalov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyi daxili və xarici siyasət xəttinin, düşünülmüş iqtisadi və hüquqi islahatların real nəticələrinin ötən ilin yekunlarında özünün bariz əksini tapdığını vurğuladı.
M.Camalov ölkəmizdə davam edən inkişaf tendensiyasının Şirvan şəhərinin sosial-iqtisadi inkişafında da özünü göstərdiyini bildirdi. Şəhər icra hakimiyyətinin başçısı cari ilin birinci rübünün Şirvan şəhərinin də sosial-iqtisadi inkişafının artım tempi ilə müşayiət olunduğunu söylədi: "Belə ki, cari ilin birinci rübündə iqtisadiyyatın bütün sahələrində istehsal olunan məhsul və xidmətlərin həcmi 86,3 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çox olmuşdur. Ümumi məhsul buraxılışında xüsusi çəkiyə malik olan sənayedə 72,1 milyon manat məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz çoxdur. Tikinti müəssisələri tərəfindən 2,9 milyon manat həcmində tikinti-quraşdırma işləri görülmüşdür".
M.Camalov onu da bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın rayonlarına müntəzəm səfərləri yeni-yeni sosial obyektlərin açılışı, istehsal və emal sahələrinin işə salınması, infrastrukturun yeniləşməsi ilə müşayiət olunur: "Bu səfərlər, bir daha göstərir ki, dövlətimizin başçısı tərəfindən regional inkişaf üzrə Dövlət Proqramında əksini tapmış hər bənd, hər müddəa daim xüsusi diqqətdə saxlanılır. Xüsusi olaraq qeyd edim ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Şirvan Olimpiya İdman Kompleksində hal-hazırda tikinti işləri davam etdirilir. Yeni təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında respublikamızın 8 rayonu ilə birlikdə Şirvan şəhərində də "Gənclər evi"nin tikilməsi gənclərimiz üçün növbəti töhfə olacaqdır. Sahibkarlığın inkişaf etdirilməsi və onlar üçün səmərəli biznes mühitinin yaradılması məqsədilə birinci rübdə banklar tərəfindən vətəndaşlara 4,4 milyon manat kredit verilmişdir. Əhalinin banklarda olan əmanətlərinin həcmi isə 622 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 min manat artmışdır".
Şirvan şəhərində abadlıq-quruculuq işləri ilə bağlı məlumat verən M.Camalov bu işlərin ardıcıl olaraq davam etdirildiyini bildirdi: "Belə ki, cari ilin ilk birinci rübü ərzində 857 ədəd ağac, 770 ədəd qızıl gül, 250 ədəd primula kolları əkilmişdir. Rüb ərzində 1775 kvadratmetr dam örtüyü şüşə ruberoid ilə əsaslı təmir edilmiş, 42 ədəd binaların giriş hissələrinə plastik pəncərə qoyulmuşdur. Küçələrin fasiləsiz işıqlanması, məişət tullantılarının vaxtında daşınması təmin edilmişdir. Şəhərin küçə və məhəllələrinə ümumilikdə, 3230 kvadratmetr sahədə abadlıq işləri aparılmış və tamet tavalarla üzlənmişdir. Şəhidlər Xiyabanı təmir edilərək 500 kv.m. sahəyə tamet döşənmişdir. Şirvan şəhərində fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinə məxsus Telemexanika və Araz zavodlarında bir sıra əhəmiyyətli təbirlər həyata keçirilmişdir. Telemexanika zavodunda 7 saylı istehsal korpusu (5 184 kvadratmetr) və köməkçi sahələr (888 kvadratmetr) tam təmir edilmişdir. Alətlər sexi yeni sahəyə köçürülmüş, yeni qablaşdırma sahəsi (144 kvadratmetr) 2 anbar tikilib istifadəyə verilmişdir. İşçilərin əmək haqqı 10 faiz artırılaraq orta aylıq əmək haqqı 293 manata çatdırılmışdır. Birinci rüb ərzində 20 nəfər şəhər sakini yeni açılmış iş yerlərinə qəbul olunmuşdur. Həmçinin, zavodda işçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də, hər il olduğu kimi, bu ilin birinci rübü ərzində də müxtəlif işlər görülmüşdür. Belə ki, artıq zavodda işçilərə pulsuz nahar yeməyi verilir, işçilər mütəmadi olaraq işçi geyimləri ilə təmin olunurlar. Zavodun tikinti-quraşdırma və yenidənqurma işləri də uğurla davam etdirilir. Bu ilin sonuna qədər zavodun nəzdində 3 istehsalat korpusu istifadəyə veriləcəkdir ki, bu da xeyli sayda şəhər sakinlərinin işlə təmin olunmasına zəmin yaradacaqdır. Əhalini elektrik enerjisi ilə səmərəli təmin etmək məqsədilə Şirvan şəhər elektrik şəbəkəsi tərəfindən 3192 metrə yaxın kabel və naqil dəyişdirilmiş, 2 yarımstansiya əsaslı təmir edilmişdir. Əhali üçün 41 ədəd 1 fazalı və 17 ədəd 3 fazalı "SMART" tipli kart sayğacı quraşdırılmışdır. Eyni zamanda, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinin cari ilin iyun ayında başlanılacağı və işlərin 2013-cü ildə tamamlanacağı planlaşdırılmışdır. Əhaliyə satılan suyun dəyəri 82,5 faiz ödənilmişdir".
Rayon rəhbəri aztəminatlı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının həmişə diqqət mərkəzində olduğunu söylədi: "Qeyd edim ki, Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən pensiya və müavinətlərin ödənilməsi məqsədilə 964,0 min manat vəsait xərclənmişdir. ƏSMM tərəfindən 959 ailənin 4027 üzvünə 384 min manat vəsait ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaları 344,8 min manat olmuş, fonddan pensiya və müavinətlərin ödənilməsi üçün 379,7 min manat vəsait ayrılmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən isə hesabat dövründə 108,2 min manat məcburi dövlət sosial sığorta haqqı toplanmışdır ki, bu da cari ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz çoxdur. Hesabat dövründə şöbənin ümumi xərcləri 4,4 mln. manat olmuşdur. Bunun 99,4 faizi əhalinin pensiya və müavinətlərinin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilə nisbətən 30 faiz çoxdur". Daha sonra hesabat məruzəsi ətrafında çıxış edənlər bildirdilər ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Şirvan şəhərində böyük uğurla reallaşır. Çıxış edənlər rayon icra hakimiyyətinin başçısının məruzəsini qənaətbəxş qiymətləndirdilər. Sonda iştirakçılar adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
RƏFİQƏ KAMALQIZI