PDF Oxu

Əsas

  • 15

Xalqın unudulmaz alimi

Xalqın unudulmaz alimi

Dünən Hacıqabul rayon icra hakimiyyəti YAP Hacıqabul rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününü qeyd etdi. İlk öncə görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş sənədli filim nümayiş etdirildi. Sonra konfransı giriş sözü ilə Hacıqabul rayon icra hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov açaraq, Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışdı. O, qeyd etdi ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.

YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov isə unudulmaz alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edərək, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biri olduğunu, tibb elminə böyük töhfələr verdiyini bildirdi. Natiq Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından, oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açdı: "Zəngin və mənalı ömür yolu keçən Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Zərifə xanım Əliyeva qədirbilən övlad, məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi".

YAP Hacıqabul rayon təşkilatının sədri onu da vurğuladı ki, Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil almışdır: "1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr etmişdir. Ötən əsrin 40-50-ci illərində Zərifə xanım Əliyeva respublikamızın bir çox rayonlarında yayılmış traxoma xəstəliyi ilə mübarizəyə başlamış, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparıb. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa bəxş etmişdir. Görkəmli alim malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olmuşdur. Akdemik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim olmuşdur. Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq "Vestnik oftalmologii" jurnalı redaksiya heyətinin üzvü olmuşdur".

Konfransda çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Beydulla Qarayev Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq Zərifə Əliyevanın mənalı və dəyərli həyat yolu keçdiyini bildirdi. Qeyd etdi ki, bu böyük insan Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin ömür-gün yoldaşı kimi xalqımızın firəvan gələcəyə qovuşmasında Onunla çiyin-çiyinə böyük işlərin, xeyirxah əməllərin önündə olub: "Bu mənada, görkəmli oftalmoloqun Azərbaycan tibb elminə və göz xəstəliklərinin müalicəsində beynəlxalq dərəcəli bir alim kimi tanınmasında Onun böyüyüb boya-başa çatdığı ailənin də əhəmiyyəti çox yüksəkdir".

Tədbirdə YAP Hacıqabul rayon təşkilatı qadınlar şurasının sədri Zeynəb Əsgərova, rayon 1 saylı tam orta məktəbin direktoru Cəmilə Ağamalıyeva, rayon mərkəzi xəstəxanasının həkim oftalmoloqu Sevinc Səmədli, Hacıqabul rayon mərkəzi kitabxananın şöbə müdiri Elmira İbrahimova və başqaları alimin yüksək insani keyfiyyətlərindən danışdılar. Bildirdilər ki, Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah, mehriban insan olmuşdur. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq onun həyat tərzi idi. Akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Ona görə də, bu gün Azərbaycan xalqı görkəmli akademikimiz olan Zərifə Əliyevanın adına özü üçün böyük örnək təcəssüməsi kimi yaşadır və xalqımız Onun əziz xatirəsini daima uca tutacaq.


R.HÜSEYNOVA

Digər xəbərlər