PDF Oxu

Əsas

  • 16

“Eurovision” güzgüsü: reallıq, həqiqət və xəyanət

“Eurovision” güzgüsü: reallıq, həqiqət və xəyanət

Məlum olduğu kimi, bu ay Bakı şəhərində "Eurovision-2012" Mahnı Müsabiqəsi keçiriləcək. Bununla əlaqədar olaraq, həm dövlət, həm də sosium səviyyəsində mahnı yarışmasının möhtəşəm şəkildə keçirilməsini təşkil etmək üçün bütün səylər birləşdirilib, güclər səfərbər edilib. "Eurovision-2012"-nin yüksək səviyyədə təşkil edilməsi üçün Prezident İlham Əliyevin Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsi sistemli, ardıcıl fəaliyyət sərgiləməklə, hazırlıq işlərini, demək olar ki, yekunlaşdırıb. Mahnı müsabiqəsinin keçiriləcəyi "Baku crystal hall"ın inşasından tutmuş, hotellərin, taksilərin, avtobusların, müxtəlif xidmət sektorlarının yüksək iş səviyyəsinə gətirilməsinədək işlər həyata keçirilib. Bütün bu işlər isə sonda bir daha "Eurovision-2012" Mahnı Müsabiqəsinin möhtəşəm şəkildə keçirilməsinə səbəb olacaq və Azərbaycan bir daha sübut edəcək ki, o, beynəlxalq tədbirlərin yüksək səviyyəli təşkilatçısıdır.


Dövlətlə birgə işləyən cəmiyyətimiz...


"Eurovision-2012"-yə hazırlıq prosesində sezilən ən mühüm məqamlardan biri odur ki, Bakı şəhərinin və digər ərazilərin Avropadan gələcək minlərlə qonağı qəbul etməsi, onlara doğma respublikamızın qonaqpərəstliyini nümayiş etdirmək üçün cəmiyyət də aktiv rol oynayır. Sosiumun müxtəlif təbəqələrindən olan insanlar fəaliyyət sahələrinə uyğun olaraq, qeyri-adi aksiyalarla bu yarışmanın yüksək səviyyədə keçirilməsinə öz dəstəklərini verirlər. Baykların yürüşünün təşkil olunması, Dənizkənarı Bulvarda gənclərin hava fənərlərini səmaya buraxması, ulduzların iştirakı ilə konsertlərin təşkil olunması və digər profilli tədbirlərin görülməsi söylənilən fikrə əyani sübutdur. Bakıda keçiriləcək "Eurovision" yarışması ilə əlaqədar keçirilmiş ictimai sorğuda göstərilir ki, ötən il mayın 15-16-da (yəni müsabiqədən dərhal sonra) keçirilmiş sorğunun nəticələrinə görə "Eurovision-2011"-i respondentlərin 59%-i izləmişdisə, bu il rəyi soruşulanların 80%-i müsabiqəni izləyəcəyini bildirib.

Respondentlərin 8%-i bu möhtəşəm konserti birbaşa zaldan izləməyi arzuladıqlarını, 68%-i isə televiziya vasitəsilə tamaşa edəcəklərini bildiriblər. Daha 6% tədbiri buraxmaq istəməsə də, bunun alınıb-alınmayacağına əmin deyil. Qalan 18% müxtəlif səbəblərdən müsabiqəni izləməyəcək. Onların bir hissəsi (4%) belə tədbirlərin o qədər də həvəskarı deyil, digər 7% hələ qərar verməyib, qalanlarını isə, (7%) ümumiyyətlə, belə hadisələr maraqlandırmır.

Təxmin edildiyi kimi, müsabiqəyə ən böyük maraq 18-24 yaşlı gənclər arasında qeydə alınıb. Müsabiqəni izləyəcəklərini deyənlərin 78%-ni məhz bu yaş qrupuna aid olan gənclər təşkil edir. "Eurovision" mahnı yarışmasına ən az maraq göstərənlər isə 60 və daha yuxarı yaşlı insanlardır (6%). Xatırladaq ki, eyni yaş bölgüsü ötən il keçirilən sorğu zamanı da qeydə alınmışdı. "Müsabiqənin başlanmasına təxminən bir ay vaxt qalır və hazırlıq işləri tam sürətilə davam edir. Sizcə, ev sahibi olaraq, Bakı "Eurovision-2012"-ni layiqincə keçirə biləcəkmi?"

Sorğu anketinin növbəti sualı məhz belə qoyulub və məlum olub ki, əksəriyyət görülən tədbirlərin uğurla nəticələnəcəyinə əmindir. Rəyi soruşulanların 81%-i hesab edir ki, işlər vaxtında başa çatdırılacaq və Azərbaycan bu mötəbər beynəlxalq tədbiri müvəffəqiyyətlə keçirəcək. Onlardan 52%-i sualı birmənalı olaraq "əlbəttə, keçirə biləcək", 29%-i isə "yəqin ki, keçirə biləcək" deyə cavablandırıb. Daha 11% suala cavab verməkdə çətinlik çəkib. Cəmi 8% respondent isə hesab edir ki, hökumət bu vəzifənin öhdəsindən gələ bilməyəcək.

Bu faktlar isə göstərir ki, Azərbaycan cəmiyyəti "Eurovision-2012" Mahnı Müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə keçirilməsinin tərəfdarıdır və bunun üçün də əlindən gələni edir.


Xarici vətəndaşlar belə "Eurovision-2012"-nin möhtəşəm keçəcəyinə inanır


Bakıdakı ruh yüksəkliyini görən xarici vətəndaşlar da "Eurovision-2012" mahnı yarışmasının möhtəşəm şəkildə keçəcəyinə inanır. Yarışma ilə bağlı biletlərin sürətlə satılması, Avropadan gələcək qonaqlar üçün viza rejiminin sadələşdirilməsi, yol və istirahət xərclərinin münasib olması söylənilən fikri bir daha təsdiqləyir. Artıq bu aydan başlayaraq, müxtəlif ölkələrdən Azərbaycana qonaqlar gəlir və onların hər biri ilə aparılan söhbət zamanı müəyyən olur ki, xarici vətəndaşlar ölkəmizdə özlərini çox rahat hiss edirlər. Çünki Bakı şəhərində təhlükəsizlik məsələləri də mükəmməl şəkildə təmin olunub. Bir sözlə, Azərbaycanda keçiriləcək beynəlxalq mahnı yarışması xarici vətəndaşlar üçün də bayram olacaq.


Erməni lobbisilə radikal müxalifətin

fəaliyyət sinxronluğu...


Amma bütün söylənilənlərin əksinə olaraq, Azərbaycanın radikal müxalifəti özünə yer tapa bilmir və ölkənin əleyhinə olan bütün çirkin kampaniyalarda iştirak edir. Məlumdur ki, Azərbaycan 2011-ci ildə "Eurovision-2011" Mahnı Müsabiqəsinin qalibi olduqdan sonra ölkəmizə qarşı aparılan qara piar kampaniyası daha da intensivləşdi. Təbii ki, xarici qərəzli qüvvələr Azərbaycanda hər hansı təxribat törədə bilməsə də, informasiya vasitəsilə öz təsirlərini göstərməyə cəhd göstərirlər. Bu işdə isə təəssüf və təəccüb doğurucu hal ondan ibarətdir ki, radikal müxalifətin Azərbaycana qarşı yönəlmiş fəaliyyəti erməni lobbisinin və digər xarici qərəzli dairələrin atdığı addımlarla sinxronluq təşkil edir. Belə ki, dünyanın müxtəlif mətbuat orqanlarında Azərbaycanın imicinə zərər vurmağa hesablanmış yazıları, materialları Azərbaycanda radikalların nəzarətində olan "Azadlıq" və "Müsavat" kimi qəzetlər yenidən dərc edirlər. Bununla yanaşı, erməni lobbisinin mətbuat ruporu olan adı çəkilən qəzetlər Azərbaycanda Ermənistanın antimilli fəaliyyətini tənqid edənlərə qarşı hücuma keçirlər. Bütün bu faktlar isə, bir daha sübut edir ki, radikal müxalifət korporativ maraqları naminə bütün sifarişləri yerinə yetirməyə hazırdır.


"İctimai Palata" xəyanətkar siyasi sifarişləri yerinə yetirir


Radikal müxalifətin müxtəlif görüşlər əsnasında Azərbaycanın uğurlarına sevinməyən qüvvələrlə əldə etdiyi xəyanətkar razılaşmalarda əsasən siyasi sifarişlər alır. Məsələn, bir müddət öncə, bir sıra xarici ölkələrin səfirləri ilə görüşən Əli Kərimov və İsa Qəmbərov anti-Azərbaycan cəbhəsində xüsusi fəallıq nümayiş etdirən almanlardan yeni bir siyasi sifariş alıb: "Eurovision-2012" mahnı yarışması ərəfəsində Azərbaycanda sosial-siyasi atmosferi gərginləşdirmək.

Bunun üçün isə əlindən gələni edən radikallar şəhərin mərkəzində müxtəlif vasitələrlə təxribatlar, qarşıdurmalar yaratmağa cəhd göstərir. Yəni, görünən odur ki, xarici qərəzli dairələr Azərbaycanda Ukraynadakı kimi təxribat, terror törədə bilmir. Buna isə ölkəmizin mükəmməl şəkildə fəaliyyət sistemi qurulmuş, daim ayıq-sayıq olan hüquq-mühafizə orqanlarımız imkan vermir. Bu səbəbdən də, həmin dairələr radikal müxalifətin əli ilə Bakıda qarşıdurmalar yaratmaq istəyirlər. Anti-Azərbaycan mövqeyində duran qüvvələr radikalların Azərbaycan dövlətinə və xalqına qarşı tutduğu xəyanətkar mövqeyini yaxşı bildiyindən onlara siyasi sifarişləri açıq şəkildə verə bilirlər. Lakin əminik ki, xalq-iqtidar birliyinin güclü olduğu Azərbaycanda bu cür təxribatlara yol verilməyəcək və cəmiyyətimiz daim ölkəmizin inkişafına xidmət edən ideyaları, addımları dəstəkləyəcək.

Digər xəbərlər