Dünən YAP Gəncə şəhər təşkilatı və Gəncə şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə gənclər arasında Ulu Öndər Heydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş mini-futbol yarışı keçirildi.
Gəncə Olimpiya İdman Kompleksində keçirilən bu turnirdə hər komandada 9 nəfər olmaqla ADAU-nun, GDU-nun, AzTU-nun və AzMİ Gəncə filialının mini-futbol komandaları yarışdılar. İdmançılar yüksək oyun texnikası nümayiş etdirdilər. İlkin yarışlarda ADAU ilə GDU-nun, AzTU ilə AzMİ-nin komandaları görüşdülər. Mini-futbol turniri yüksək səviyyədə başa çatdı və qalib komanda müəyyən edildi. Gərgin keçən idman yarışlarında Gəncə Dövlət Universitetinin komandası birinci, Azərbaycan Dövlət Aqrar Universitetinin komandası ikinci və Azərbaycan Texnologiya Universitetinin komandası üçüncü yeri tutdular. Qalib komandaya YAP Gəncə şəhər təşkilatının təsis etdiyi keçici "Kubok" təqdim edildi. Qalib komandanın üzvləri və yarışda iştirak edən bütün idmançı gənclər, məşqçilər YAP Gəncə şəhər təşkilatı tərəfindən mükafatlandırıldı, onlara Ulu Öndərin xatirəsini ehtiva edən qiymətli hədiyyələr verildi.
Yarışa yekun vuran YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov Gəncə şəhər icra hakimiyyətinin rəhbərliyinin və YAP Gəncə şəhər təşkilatı idarə heyətinin adından yarışın iştirakçılarını yüksək oyun texnikası nümayiş etdirdiklərinə, bu məsul yarışa ciddi hazırlaşdıqlarına görə təbrik etdi: "Bu istiqamətdə keçirilən tədbirlərin gənclərin mənəviyyatında və vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malikdir. Elə bunun bariz nümunəsidir ki, bugünkü tədbirdə də gənclərimiz arasında yüksək coşqunluq hiss olunur. Gənclərimiz şəhərimizin hər bir sahəsində fəal mövqe tutmaqla, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik ideyalarına səylə yiyələnir, təhsil və bilik sahəsində müvəffəqiyyətlər qazanmaqla, intellektual səviyyələrini yüksəltməklə ölkə başçısı cənab İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğını layiqincə doğrultmağa çalışırlar. Futbol turniri bir daha onu göstərdi ki, gənclər Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir, idmana çox böyük maraq göstərir və onlar zəngin potensial qüvvəyə malikdirlər. Demək olar ki, hər bir idmançının ayrı-ayrılıqda möhtəşəm yarışlarda iştirak etmək və uğur qazanmaq qabiliyyəti vardır".
Şəhər təşkilatının sədri, həmçinin onu da vurğuladı ki, bu gün Azərbaycanın layiqli gəncliyi yetişir: "Bu gənclər Prezident cənab İlham Əliyevin apardığı siyasətin həyata keçirilməsində yaxından iştirak edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsində gənclərimiz hazırda Azərbaycanın ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir. Dövlət başçısı İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" nın hazırlanması ilə bağlı xüsusi Sərəncam imzalayıb. Bu Proqram gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların içtimai siyasi fəallığının artmasına kömək edəcəkdir".
RƏFİQƏ