PDF Oxu

Əsas

  • 10

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyilə keçirilən iclasın gündəliyinə ümumilikdə 6 məsələ daxil idi. Gündəliyin müzakirəsindən öncə cari məsələlərin müzakirəsi oldu. Millət vəkilləri Almaniyanın bəzi dairələri tərəfindən ölkəmizə qarşı aparılan qərəzli kampaniyaya etiraz etdilər.

Millət vəkili Azay Quliyev bildirdi ki, bəzi dairələr Azərbaycanla Almaniya dövləti arasında problemli məsələlərin olduğunu iddia edir: "Lakin dövlətlər arasında problem yoxdur. Fikir səsləndirilir ki, Azərbaycan mediasında məsləhətli şəkildə Almaniyaya qarşı yazılar dərc olunur. Bu da belə deyil. Almaniya Bundestaqı Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Orada bizim haqlı mövqeyimizi müdafiə edən kifayət qədər deputat var. Hətta biz Bundestaqda görüşlərimiz zamanı dəfələrlə fikirlər səsləndirildi ki, Azərbaycan Almaniya üçün tərəfdaş bir dövlət kimi çox vacibdir. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 2 milyard dollar olub. Amma Almaniya mətbu orqanlarında Azərbaycana qarşı qarayaxmalar da var. Belə yazılara səthi yanaşmaq olmaz. Bizi narahat edən bu məsələdir ki, Almaniyada "Yaşıllar fraksiyası" Azərbaycanla bağlı qeyri-dəqiq mövqe nümayiş etdirir. Bu cür məsələlərə xüsusi fikir vermək lazımdır".

Daha sonra Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov təşkilatın yaz sessiyasının yekunları barədə məlumat verdi. S.Seyidov Azərbaycan nümayəndə heyətinin sessiyada aparılan müzakirələrdə fəal iştirak etdiyini, Dağlıq Qarabağ münaqişəsini daim gündəmdə saxladığını bildirdi. Onun sözlərinə görə, Azərbaycan həmişə AŞPA qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Millət vəkili qeyd edib ki, qurumun Azərbaycan üzrə məruzəçisi K.Ştrasserin hesabatı dəyişdirilib və Azərbaycanda siyasi məhbus məsələsi adı altında təqdim olunub: "Bəzi qüvvələr var ki, Azərbaycanla bağlı öz maraqlarını diqtə etməyə çalışırlar. Bu xüsusi olaraq AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Ştrasserlə bağlıdır, onun mövqeyi doğru deyil. Ştrasser ancaq Azərbaycanda siyasi məhbus axtarışındadır, bu adam Azərbaycanı hədəf götürüb. İnsan haqları ilə bağlı məsələ, təbii ki, AŞPA-nın diqqətindədir və biz də buna normal yanaşırıq. Burada yalnız Azərbaycanı hədəf seçmək doğru deyil".

S.Seyidov bildirib ki, məsələ ilə bağlı Ştrasserə məktub yazıb, onunla açıq müzakirə aparıblar: "Onunla görüşüm zamanı açıq şəkildə bildirdi ki, o, Azərbaycanda yalnız siyasi məhbus axtarışında olacaq. Bu bizim üçün qəbulediləməzdir, əlimdə sənəd var, beynəlxalq təşkilatlar Ermənistanda 55 nəfərin siyasi məhbus kimi həbsdə saxlandığını bildirirlər və həmin 55 nəfər Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa əsgər kimi göndərilməkdən imtina etdiklərinə görə həbs olunublar. Amma AŞPA-da bunu insan haqları məsələsilə bağlı əlaqələndirmirlər. Azərbaycan öz öhdəliklərini həmişə həyata keçirib, biz həmişə açıq müzakirələrə hazırıq. Amma bizə qarşı qərəzli yanaşanlara biz heç vaxt qəbul etmərik".

Spiker O.Əsədov isə məsələyə münasibət bildirərək deyib ki, K.Ştrasser Azərbaycanda keçirilən "Eurovision" Mahnı Müsabiqəsinin boykot olunmasına çağırış edib: "Bu, onun səviyyəsini və Azərbaycana qarşı qərəzli yanaşmasını göstərir. Eyni zamanda, Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzlə yanaşır və Azərbaycanda "Eurovision"un boykotuna çağırır. Onlar yüz minlərlə, milyonlarla insanın hüquqlarını pozurlar, bir milyona yaxın qaçqının problem barədə bir kəlmə də danışmırlar. Bəzi dairələr insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu, hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bu məsələlərin kökündə nə dayanır".

Millət vəkilləri Fuad Muradov, Çingiz Qənizadə, Fəzail İbrahimli də Almaniyanın bəzi dairələrini tənqid ediblər. Bildiriblər ki, bu kampaniyanın arxasında erməni lobbisi dayanır.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələlərin kökündə hansı məsələlərin dayandığı araşdırma mövzusudur: "Bir məsələni qeyd etmək istəyirəm ki, 1992-93-cü illərdə Azərbaycanda Fridrix Nauman Fondu fəaliyyət göstərib. Bu gün Azərbaycana qarşı fəaliyyət göstərənlər vaxtilə həmin fondun ekspertləri olublar. Aydın məsələdir ki, bu, nə deməkdir.Amma onu deyim ki, Almaniya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Almaniya Bundestaqı ilk dəfə olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edib. Almaniya 16 nəfər "yaşıllar"dan ibarət deyil" - deyə spiker vurğulayıb. O.Əsədov bildirib ki, Bakıda evləri sökülən vətəndaşlara mənzilin bir kvadratmetri üçün 1500 manat kompensasiya verilir: "Bu çox sərfəli rəqəmdir. Çünki şəhərin mərkəzində 1 kv.m sahənin 1200 manatdır, bir az ətrafda isə bu rəqəm 600-800 manatdır. Yəni vətəndaşlara verilən kompensasiya ilə ev tikmək, onu təmir etmək tamamilə mümkündür".

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, burada söhbət Almaniya dövlətindən gedir, xalqından getmir. Onun sözlərinə görə, problemi yaradan bəzi qüvvələrdir ki, onları yaxşı tanıyırıq. Millət vəkili bildirib ki, həmin qüvvələr Fridrix Nauman Fondu vasitəsilə bəzi müxalifət partiyalarını maliyyələşdirir, onları müəyyən addımlar atmaq üçün qızışdırırlar: "Almaniyanın səfiri deyib ki, Bakıda sökülən evlərə laqeyd qala bilmirəm. Bəs Azərbaycanın işğal olunan torpaqlarına, orada sökülən evlərə, mədəniyyət abidələrinə, qəbiristanlıqlara, məscidlərə, qaçqın və məcburi köçkünlərə necə laqeyd qala bilir? Onun vicdanı oynamadı ki, etiraz səsini qaldırsın? Bu gün Almaniyada türklərə qarşı da kampaniya aparılır".

S.Novruzov Almaniyada islamofobiya olduğunu, bunu sübut edən fotoları özü ilə parlamentə gətirdiyini deyib və şəkilləri nümayiş etdirib: "Məscidlərin üzərində qadağa işarəsi qoyurlar. Paytaxtlarından tutmuş ayrı-ayrı şəhərlərində belə hallar var ki, bu cür reklamla özlərinin mövqelərini göstərirlər. Dünyada bütün dinlər bərabərdir. Gəlsinlər, Azərbaycandan tolerantlığı öyrənsinlər. Azərbaycanda şeyximizlə yanaşı, digər dinlərin nümayəndələri də fəal əməkdaşlıq edirlər. Eyni zamanda, Almaniya mətbuatında dərnək səviyyəsində olan bəzi siyasi partiyaların rəhbərlərinin məqalələri dərc olunur ki, onlar da Azərbaycan haqqında böhtanlar danışırlar".

YAP İcra katibinin müavini bildirib ki, "Eurovision" Mahnı Müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycanın haqqıdır. Onun sözlərinə görə, bu nüfuzlu tədbirin Bakıda keçirilməsi erməni lobbisini narahat edir. Ona görə də, belə təxribatlara əl atırlar.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Kolumbiya Senatının Xocalı soyqırımını tanımasını böyük hadisə kimi qiymətləndirib. Onun fikrincə, bu hadisə göstərir ki, Azərbaycan həqiqətləri, diplomatiyamız dünyada özünə layiqli yer tutur: "Azərbaycanın Kolumbiyada, Kolumbiyanın isə Azərbaycanda diasporu yoxdu. Həmçinin, səfirliklərimiz də yoxdur. Xocalı soyqırımının orada tanınması Azərbaycan diplomatiyasının uğuru deməkdir. Parlamentimizdə dostluq qrupu da yoxdur. Təklif edirəm Kolumbiya Senatına təşəkkür məktubu göndərilsin, parlamentdə Kolumbiya parlameti ilə dostluq qrupu yaradılsın".

Spiker O.Əsədov isə millət vəkilinin təklifinin nəzərə alınacağını, Kolumbiya parlamenti ilə dostluq qrupunun yaradılacağını deyib.

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə martın 16-da Milli Məclisin iclasında Almaniyanın xarici işlər nazirinin ölkəmizə səfəri gedişində diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına zidd olaraq bəzi əməllərə yol verdiyi haqqında çıxış etdiyini xatırladıb: "Bundan sonra Almaniyanın ölkəmizdəki səfiri mənə məktubla müraciət edib. Məktubunu belə başlamışdı ki, çıxışıma təəccüb edib. Doğrusu, mən də cənab səfirin məktubuna və onların atdıqları addımlara təəccüb etməkdəyəm. Vyana Konvensiyasına görə, diplomatın ölkələrin daxili işlərinə qarışmasına yol verilmir. Almaniyanın səfiri bunu bilir, amma bu vəziyyət yenə də davam edir. Səfirlərin məqsədi ölkələr arasında əlaqələrin, dostluğun inkişafına kömək etməkdir. Amma biz bunun əksini görməkdəyik. Azərbaycanla Almaniya arasında əlaqələr inkişaf edir və ölkəmiz bunu dəyərləndirir. Lakin Almaniyada bəzi dairələr bu əlaqələri pozmağa çalışır, anti-Azərbaycan kampaniyasının başında dayanırlar".

M.Qurbanlının sözlərinə görə, Almaniyanın ombudsmanı M.Löninq ölkəsində milli azlıqlara qarşı törədilən cinayətlərlə bağlı səsini qaldırsaydı, onun ədalətli olduğunu demək olardı. "Amma Almaniyada neofaşistlər müsəlmanlara, türklərə, ərəblərə qarşı dəfələrlə cinayətlər törədiblər, ailələri yandırıblar. Amma biz nə "yaşılların", nə M.Löninqin bu barədə fikirlərini eşitməmişik. Eləcə də, Ermənistanın Azərbaycan qarşı təcavüzü, Xocalı soyqırımı ilə bağlı onlardan ədalətli mövqe görməmişik. Biz YAP olaraq Xocalı soyqırımı ilə bağlı dəfələrlə tədbirlər keçirmişik və bu tədbirlərə səfirləri dəvət etmişik. Amma Almaniyanın səfiri bu tədbirlərə bir dəfə də iştirak etməyib. Əgər səfir insan hüquqlarına biganə deyilsə, onda insanlığa qarşı törədilmiş bu hadisəyə niyə laqeyd yanaşır?" deyə YAP İcra katibinin müavini vurğulayıb. Millət vəkilinin fikrincə, Almaniyada bəzi dairələr başqa ölkələrə qarşı "mənəvi jandarm" rolunu oynamaq istəyirlər: "Alman xalqının özü belələrini rədd edəcək".

Sonra gündəlikdə olan Şuşanın işğalının 20 illiyi ilə bağlı çıxış edən Milli Məclisin Sədr müavini Bahar Muradova bu hadisə ilə əlaqədar siyasətçi kimi deyil, məcburi köçkün kimi danışmağa üstünlük verdiyini dedi: "Bu 20 il ərzində Qarabağsızlığa, Şuşasızlığa dözmək çətindir. Qarabağsızlığa, Şuşasızlığa dözüb də haqsızlığa dözmək çox çətindir. Həmçinin, bəzi beynəlxalq dairələrin, beynəlxalq təşkilatların 20 ildən artıqdır bu haqsızlığa, bu təcavüzə göz yummaları, görməməzliyə vurmaları çox çətindir".

B.Muradova onu da bildirdi ki, Azərbaycan və Ermənistana bu məsələdə fərqli münasibətlər mövcuddur: "Azərbaycan xalqının pozulmuş haqları beynəlxalq qurumlar tərəfindən görməzliyə alınır. Bu gün dünya görmək istəmir ki, Ermənistanda uşaq və qadın qatilləri hakimiyyətə gəliblər. Mən bütün bunları rəsmi şəxs kimi yox, köçkün kimi deyirəm" - deyə B.Muradova vurğulayıb. Şuşanın işğalı faktına dünya birliyinin laqeyd yanaşmasını pisləyən vitse-spiker ermənilərin qədim Azərbaycan şəhərində keçirdikləri bayram təntənələrinin onu ağrıtdığını bildirib. "Bu gün bir millət olaraq erməniləri cinayətkar adlandırmaq istəməzdim. Amma ölkənin rəhbərliyində uşaq və qadın qatilləri durursa, başqa söz də deyə bilmirəm. Biz Şuşanın işğalının 20 illiyini qeyd edərkən, Ermənistan rəhbərliyi Şuşada bayram keçirmək istəyir. Onlar Şuşanın işğal edilməsinin 20 illiyini qeyd etmək istəyirlər. Onlar bizim soydaşlarımızı oradan didərgin salmalarını bayram edirlər. Buna dünya birliyi də laqeyd şəkildə baxır".

B.Muradova bölgədə sabitliyi təmin etmək üçün beynəlxalq təşkilatların işğalçılığa hüquqi qiymət vermələrini tələb etdi: "Azərbaycan öz problemlərini öz iqtidarı ilə həll edir və bu, bir sıra qüvvələri qane etmir. Bu gün Azərbaycanın hərbi sahədə güclənməsi öz torpaqlarını qaytarmağa yönəlir. Beynəlxalq təşkilatlar, xüsusən, BMT Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni qərarlar qəbul etməlidir. Vaxtilə işğalla bağlı qətnamə qəbul edilib, lakin torpaqların qaytarılması mexanizmi yoxdur".

Spiker Oqtay Əsədov isə yeni qərarlara ehtiyac olmadığını və mövcud qəbul edilmiş qərarların icrasının vacibliyini vurğuladı.

Müzakirələr zamanı millət vəkilləri Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Zahid Oruc, Aydın Mirzəzadə bildirdilər ki, Azərbaycan torpaqlarının işğalı Ermənistana uğur gətirməyib.

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirdi ki, Şuşa əhalisi Şuşanın heç vaxt itirilməyəcəyinə inanıb və bunun üçün əlindən gələni edib: "Şuşa əhalisi, özünümüdafiə batalyonu böyük qəhrəmanlıqlar göstərsə də, Şuşanın müdafiəsi ilə bağlı o vaxtkı hakimiyyət kifayət qədər ardıcıllıq nümayiş etdirə bilmədi. Bizim bu itkimizin ən böyük səbəbi lidersizliyimiz, o vaxtkı hakimiyyətin xarici siyasəti düzgün qura bilməməsi, müxalifətin ortaq ümummilli maraqları görə bilməməsi idi. İndi də müxalifət bunu görə bilmir".

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat hazırlanmasını təklif etdi. Onun sözlərinə görə, Şuşa işğal ediləndən sonra torpaqlarımızın işğalı sürətləndi: "Həm Azərbaycan daxilində gedən proseslər və xarici dəstək nəticəsində Ermənistan tərəfindən Şuşa işğal olundu. Şuşa uğrunda döyüş getdi, nə qədər şəhidlər verdik, ancaq bu döyüş qeyri-bərabər idi". Millət vəkili vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması dövlətimizin başlıca vəzifəsidir: "Azərbaycan güclü dövlətdir, hərbi potensialımız günü-gündən artır. Bu gün Azərbaycan ordusunun təminatı dünya orduları sırasında ilk 20-liyə daxildir. Bu da, onu göstərir ki, sülh danışıqları nəticə verməsə, torpaqlarımız hərbi yolla azad olunacaq. Buna hər bir vətəndaş hazırdır".

Şuşanı Azərbaycanın döyünən qəlbi sayan millət vəkili Qənirə Paşayeva türk dövlətlərinə səsləndi. İclasda, həmçinin, millət vəkilləri Xanhüseyn Kazımlı, Gövhər Baxşəliyeva, Fərəc Quliyev, Sahibə Qafarova, Astan Şahverdiyev və başqaları çıxış etdilər.

Çıxışlardan sonra Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə müraciəti qəbul olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər