Dünən müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 89 illiyi münasibəti ilə Səbail rayonunun mərkəzindəki "Sahil bağı"nda "Gül bayramı" keçirilib.
Nəhəng bir xalçanı xatırladan "Sahil bağı"nda Azərbaycanın və eləcə də, dünyanın müxtəlif guşələrindən gətirilmiş ətirli güllərdən, bahar çiçəklərindən, digər təbii gözəlliklərdən ayrı-ayrı kollektivlərin toxuduqları, sərgilədikləri çoxsaylı ekspozisiyalar nümayiş olunub. Tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, deputatlar Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Paytaxt sakinlərinin sevimli istirahət guşəsi olan "Sahil bağı"nın yuxarı hissəsində səyyar səhnə quraşdırılmışdı. Musiqi təranələri, təntənəli marşların sədaları ətrafa yayıldıqca paytaxt sakinlərinin üzlərində sevinc, dodaqlardakı xoş sözlər, könüllərdəki xoş ovqat keçirilən "Gül bayramı"nın təntənəsini dəqiqələr ötdükcə, daha da artırırdı. Ümummilli Lider Heydər Əliyevin portireti, dövlət rəmzləri gül-çiçəkdən toxunmuş çeşidli lövhələri Ulu Öndərə xalq sevgisinin, onun qurub-ucaltdığı müstəqil dövlətimizə övladlıq borcunun ətirli və təravətli görüntüləri kimi hər kəsin diqqətini cəlb edirdi. Şagirdlər, tələbələr, rayonda yaşayan bədii-tərtibat ustaları, gənc dizaynerlər sanki bir-birindən ifadəli əsərləri ilə nəhəng bir gözəllik yarışmasına toplaşmışdılar. Bayramın gözəl və yaddaqalan keçməsi üçün Səbail rayonundakı idarə və müəssisələr, o cümlədən, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, "Qərb" Universiteti, Bakı Oksford məktəbi canlı və süni güllərdən düzəldilmiş ekspozisiyar hazırlamış, mütəxəssislərlə yanaşı, gənc tələbə dizaynerlər bu ekspozisiyaların gözəlliyi üçün çox çalışmışlar. Rayonun orta və orta ixtisas məktəblərinin, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdlərin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin, şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.
Tədbirdə iştirak edən rayon rəhbəri və millət vəkilləri "Sahil bağı"nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər.
Gül bayramı tanınmış incəsənət xadimlərinin rəngarəng konsert proqramları ilə davam etdirildi.
RƏFİQƏ HÜSEYNOVA