PDF Oxu

Əsas

  • 13

DAHİ ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASİ DÜHASI HƏR ZAMAN HİSS OLUNUR

DAHİ ÖNDƏR HEYDƏR ƏLİYEV SİYASİ DÜHASI HƏR ZAMAN HİSS OLUNUR

Dünən Sabunçu rayon icra hakimiyyəti ilə YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı geniş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə əklil və tər gül dəstələri düzdülər. YAP Sabunçu rayon təşkilatının qərargahında keçirilən tədbir ilk öncə Dahi Şəxsiyyət Ulu Öndərə həsr olunmuş filmin nümayişi ilə başladı.

Sonra tədbirdə çıxış edən Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderimiz Heydər Əliyevin 89-cu ildönümünün ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunduğunu bildirdi: "Ümummilli Liderimizin doğum günü ərəfəsində bir araya gələrək, bu BÖYÜK ŞƏXSİYYƏT barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, DAHİ ÖNDƏR Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə deməyiblər. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir".

Rayon rəhbəri onu da vurğuladı ki, Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib: "İstənilən xalqa şəxsiyyət gərəkdir. Onları zaman yetişdirir və onlarsız keçinmək mümkün deyil. Buna görə də biz fəxr edirik ki, Heydər Əliyev kimi DAHİ, MÜDRİK, ƏBƏDİYAŞAR, ÜMUMMİLLİ LİDERİMİZ var. Ulu Öndər Heydər Əliyev tarixin yaratdığı şəxsiyyət idi və Özü də tarix yaradırdı. Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək, ən yüksək zirvələri fəth edir, mühüm uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində, daha da artmaqdadır".

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirdi ki, Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir: "Bu gün bütün nailiyyətlərimizə görə, Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Çünki bu gün Azərbaycanı uğura aparan yol Dahi Liderimiz Heydər Əliyev ideyalarıdır və bu ideyaların davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətə sadiqliyidir. Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Davamı müstəqil Azərbaycan dövlətinin ömrü qədər sonsuz olan bu yolda hər bir fədakar vətəndaş Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir. Bu, Azərbaycanın və Azərbaycan xalqının seçimidir. Heydər Əliyev, sözün əsl mənasında, xalqının, millətinin taleyi ilə yaşayan müstəqil Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək üçün rahatlıq tapmayan bir şəxsiyyət idi. Ömrünün qalan hissəsini də xalqına qurban verməyə hazır olan Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqın inamını doğrultmaq üçün yorulmadan çalışdı, Azərbaycanı müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsindən qurtardı".

M.Abasquliyeva, həmçinin, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) sıralarında 560 mindən çox ölkə vətəndaşının birləşdiyini də diqqətə çatdıraraq, qeyd etdi ki, partiyanın sıralarında yüksək intellektə, böyük vətənpərvərlik duyğularına, malik insanlar birləşir: "Bu insanların yüksək fədakarlığı YAP-a yaxından bağlılığı, partiyanın ideyalarına, Onun Yaradıcısına olan sədaqəti, partiyanın Sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətin bariz nümunəsidir".

M.Abasquliyeva sonda onu da vurğuladı ki, ömrünü xalqının yolunda şam kimi əridən Ulu Öndərimiz Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək.

Tədbirdə millət vəkili Eldar Quliyev Ümummilli Liderimiz Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs etdi: "Ulu Öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də, 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaratmışdır. Arzusu, amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbərliyə gəlməsinə qədər ölkədə bütün sahələrdə boşluqlar var idi. Özbaşınalıq, korrupsiya, sosial-iqtisadi gerilik ölkədə hərc-mərclik yaratmışdı. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikamızda mövcud olan bütün problemlər aradan qaldırıldı". Tədbirdə partiya fəallarından Faiq Qazıyev, Nailə Məmmədova və başqaları çıxış edərək, bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin bundan sonra davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Bu yol Azərbaycan dövlətçiliyi üçün ən uğurlu və əbədi yoldur.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup gəncə diplom və hədiyyələr, eyni zamanda, partiyanın sıralarına qəbul edilmiş gənclərə partiya vəsiqələri təqdim olundu.


R.KAMALQIZI

Digər xəbərlər