"BMT Təhlükəsizlik Şurasına üzv seçilmək və ona sədrlik etmək Azərbaycan üçün çox qürurverici bir haldır. Biz bunu dünyanın Azərbaycana etimadı kimi qəbul edirik. Düşünürük ki, Azərbaycan ilk növbədə dünyanın etimadını doğrultmalıdır. Obyektiv şəkildə dünyanın qlobal məsələlərinin həllində iştirak etməli, dünyada baş verən hadisələrə obyektiv yanaşmalıyıq. Çalışmalıyıq ki, BMT dünyanın idarəçiliyində ən optimal yolları seçsin, beynəlxalq hüququn normalarına əməl etsin". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O bildirib ki, artıq dünən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına prezident İlham Əliyevin sədrliyi ilə rəhbərliyi başlayıb və 1 ay müddətində Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Ə.Həsənovun sözlərinə görə, beynəlxalq hüququn pozulmuş normalarından biri də Dağlıq Qarabağ problemidir: "Azərbaycan 20 ilə yaxındır ki, bu istiqamətdə öz səylərini davam etdirir. BMT Təhlükəsizlik Şurasına üzv seçilmək və ona sədrlik etmək Azərbaycana əlavə imkan verir ki, Ermənistanın işğalına dair BMT-nin əməl olunmamış qətnamələrinə əməl edilməsi məsələsini qaldırsın və dünyada bundan sonra da bu tipli hallara yol verilməməsi üçün mexanizmlər qəbul olunsun".
Əli Həsənov İctimai Palatanın mitinqi təxirə salması ilə bağlı qərarına münasibət bildirib. O vurğulayıb ki, Azərbaycan müxalifəti Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir, ictimai institutdur: "Burada təmsil olunan insanlar yüksək səviyyəli dövlət siyasətinə, Azərbaycanı idarə etməyə iddialıdırlar. Burada qəbul edilən qərarlar da Azərbaycan dövlətinə və onun yürütdüyü dövlət siyasətinə adekvat olmalıdır. Hər şeyin qanun çərçivəsində olmasına tərəfdarıq. Müxalifətin qanun çərçivəsində olan istənilən addımı bizim üçün məqbuldur, qəbulolunandır. Qeyri-qanuni istənilən addımları isə məqbul deyil. Bizim funksiyamız qeyri-qanuni addımların qarşısını almaqdan ibarətdir".
PA-nın rəsmisi qeyd edib ki, hər bir dövlətin daxili və xarici siyasəti, onun prioritetlərinin müəyyən olunması xalqının milli maraqlarına, suveren dövlət maraqlarına və təhlükəsizlik maraqlarına uyğunlaşdırılıb: "Azərbaycan hazırkı siyasəti bölgədə maraqlarına uyğun şəkildə bölgədə tarazlı, neytral siyasət yürütmək və heç bir qarşı duran bloklara qoşulmamaq, Azərbaycanı və Cənubi Qafqazı qarşıdurma bölgəsi kimi deyil, əməkdaşlıq, tərəfdaşlıq bölgəsi kimi görməkdir və bu istiqamətdə də Azərbaycan siyasətini davam etdirir".
Bununla belə, Ə.Həsənov Azərbaycanın gələcəkdə hansısa bloka qoşulacağını istisna etməyib: "Gələcəkdə hesab etsək ki, hansısa bloka qoşulmaq doğrudan da Azərbaycanın həm müstəqilliyinə, suveren dövlət hüquqlarının bərpasına, ərazi bütövlüyünün bərpa olunmasına, onun gələcək təhlükəsizliyinin təmin olunmasına xidmət göstərəcək. Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan xalqının siyasətini müəyyən edən qurumlar mütləq şəkildə buna baxacaqlar. Hər halda, bu, bloklara qoşulmamaq və neytral dövlət olaraq davam etmək siyasətidir. Amma bir dövlətin öz siyasətini müəyyən etməsi Quran ayəsi deyil ki, onu dəyişmək mümkün olmasın".