PDF Oxu

Əsas

  • 16

9 May faşizm üzərində Qələbə Günüdür

9 May faşizm üzərində Qələbə Günüdür

İkinci dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalıb. 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal etməsi ilə bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı "Qafqazın idarə olunması planı"na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.

Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin "Böyük Türküstan" dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin "Edelveys" adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri "Vilvet" planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi.

Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Onun da igid oğul və qızları sovet-fin müharibəsi cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqının Böyük Vətən Müharibəsi başlanandan sonra o da faşizmə qarşı müharibəyə cəlb olundu. Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər.

Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü

1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.

1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə göstərdikləri misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov, F.Səfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar.

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuıuşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belorusiyada "Dyadya Kolya" partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı.

Beləliklə, İkinci Dünya müharibəsində faşizm və militarizm üzərində qələbənin əldə edilməsində Azərbaycan da öz böyük töhfəsini vermişdi.

Digər xəbərlər