PDF Oxu

Əsas

  • 15

AZƏRBAYCAN 2020: İNKİŞAFIN YENİ HÜDUDLARI

AZƏRBAYCAN 2020: İNKİŞAFIN YENİ HÜDUDLARI

Gələcəyə baxış


Azərbaycanda son on ildə müşahidə olunan sürətli inkişafın nəticəsi təkcə ölkə həyatının ən müxtəlif sahələrində kəmiyyət göstəricilərinin dəyişməsində ifadə olunmur. Doğrudur, hər bir inkişaf ilk öncə məhz kəmiyyət dəyişikliklərinə səbəb olur. Bu, inkişaf adlandırılan ictimai hadisənin əsas əlaməti sayılır. İqtisadi göstəricilər artmadan iqtisadi inkişafdan, rifah göstəriciləri artmadan rifahın yüksəlməsindən və s. danışmaq mümkün deyil. Bu mənada Azərbaycanın inkişafı fenomeni də hər şeydən əvvəl statistikada özünü göstərməkdədir və müəyyən mənada bunu inkişafın özünütəsdiqi kimi qiymətləndirmək olar.

Azərbaycan nümunəsində diqqəti cəlb edən digər cəhət haqqında da söhbət açıla bilər. Bunu mən inkişafın hiperdinamikası adlandırardım. Azərbaycanda iqtisadi və digər sahələrdə inkişafın məhz belə paramentlərə malik olduğunu sübuta yetirən kifayət qədər təsirli faktlar mövcuddur. Yalnız bir neçə misal gətirməklə irəliyə sürülən iddianın həqiqiliyi öz təsdiqini tapa bilər. Düşünürəm ki, son 8 il ərzində Azərbaycanın iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin 16 dəfə, investisiya xərclərinin 10 dəfələrlə, maaşlar və pensiyaların bir neçə dəfə artması faktlarını sadalamaq tamamilə yetərlidir.

Azərbaycanın XXI əsrin birinci onilliyinə təsadüf edən inkişaf mərhələsinin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu inkişaf, dünyanın əksər inkişaf edən ölkələrinin nümunəsindən fərqli olaraq, faizlərlə deyil, dəfələrlə ölçülür. Əlbəttə, inkişafın böyük sürəti iqtisadi göstəriciləri kəskin şəkildə yüksəltməklə yanaşı, həyatın digər sahələrində də ciddi dəyişikliklərin əsaslarını yaratmaya bilməzdi.

Mənim bu məqamda xüsusi olaraq vurğulamaq istədiyim dəyişklik meylləri həyat standartları sferasını əhatə edir. Haqqında söhbət açdığımız sürətli iqtisadi artım fonunda qeyri-adi sosial inkişaf müşahidə olunmaqdadır. Bunun ən bariz ifadəsini ilk növbədə yoxsulluq dərəcəsinin təxminən 7 dəfə, başqa sözlə 49 faizdən 7 faizə qədər azalmasında görmək mümkündür. Təbii ki, bu, maaşların, pensiyaların, əhalinin gəlirlərinin artımının xüsusilə yüksək dinamikasından irəli gəlir. Lakin son illərin sosial sferaya aid olan gerçəkliyi təkcə sadalanan rəqəmlərdən ibarət deyil. Daha əhəmiyyətli məqam həyatın səviyyəsi ilə yanaşı, həyat keyfiyyətinin dəyişməsidir. Artıq qəti şəkildə Azərbaycanda həyatın yeni standartlarının meydana gəldiyini qeyd etmək olar və hətta bunu qeyd etmək zəruridir. Zəruridir ona görə ki, haqqında söhbət açdığımız standartlar təkcə əldə olunan nailiyyət kimi əhəmiyyət kəsb etmir, həm də gələcək fəaliyyətlə bağlı yeni vəzifələr irəli sürür.

İnkişafın yüksək dinamikasının yaratdığı yeni həyat standartları, əvvəla insanların öz həyatına, həyatın mənasına yeni baxışlarını və onlara uyğun yeni tələbatları sistemini formalaşdırır, digər tərəfdən isə, sosial siyasətin artıq yeni dövrün xüsusiyyətlərinə uyğunlaşması gərəkliyi meydana çıxmış olur. Bir növ, klassik siyasi iqtisadın fundamental qanunlarından olan, ödənilmiş tələbatların yeni tələbatlar meydana gətirməsi gerçəkliyi müasir Azərbaycanın timsalında özünü qabarıq şəkildə göstərməyə başlayır. Vətəndaşın sosial subyekt kimi özünü yenidən dərk etməsi prosesi baş verir. Cəmi bir neçə il bundan əvvəl özünü kasıb bir dövlətin vətəndaşı sayan insan artıq sürətli inkişaf, qlobal yeniləşmə və modernləşmə, əzəmətli infrastruktur layihələri fonunda artıq həyatını fərqli meyarlar vasitəsi ilə dəyərləndirir. Başqa sözlə, dəyərləndirmə meyarı olaraq təkcə insanın şəxsi imkanları deyil, həm də, bəzən isə hətta daha çox, formalaşmış yeni həyat standartları çıxış edir ki, bunun özü də sosial siyasətin qarşısında tamamilə yeni vəzifələr qoyur.

Fərdin həyatının yenidən qiymətləndirilməsi mexanizminin Azərbaycanda qəti şəkildə işə düşməsi, heç şübhəsiz, ölkənin inkişafının ən mühüm nailiyyəti sayılmaq haqqına sahibdir. Bu ondan xəbər verir ki, vətəndaşların yeni nəsli meydana gəlməkdədir və bu nəsil həm vətəndaş məsuliyyətinə, həm də həyatda öz yerinə, həyatının mənasına tam fərqli meyarlarla yanaşır. Beləliklə, həyat standartlarının dəyişməsi prosesi baş verir, həyatın dəyərləndirilməsi zamanı həyat səviyyəsi ilə yanaşı həyatın keyfiyyəti anlayışı da dəyərləndirici meyar rolunda çıxış edir. "İşləmək və yaşamaq" həyat modeli ardıcıl olaraq "rahat yaşamaq, mənalı işləmək" modeli ilə əvəzlənir.

Azərbaycanın gələcək inkişaf perspektivlərinə ciddi təsir göstərmək qüdrətində olan reallıqları sırasında demoqrafik dəyişikliklərinin mühüm rol oynadığını ayrıca qeyd etməyə dəyər. Hesab edirəm ki, demoqrafik dəyişiklikləri sadəcə əhali artımı kimi qiymətləndirmək düzgün olmazdı. Onun mənası, xüsusilə də sosial-iqtisadi proseslərə təsiri imkanları daha geniş və çoxşaxəlidir. Demoqrafik inkişafın böyük tempini nəzərə alsaq, onun gələcək inkişaf konsepsiyasında nə qədər əhəmiyyətli rol oynadığını başa düşmək çətin deyil.

Son iyirmi il ərzində Azərbaycanın əhalisi 2 milyon nəfər artaraq 7 milyondan 9 milyona çatıb. Bu, əhalinin 30 % artımı deməkdir. Deməli hər 10 ildə əhali təxminən 15 faiz, ildə isə, 1,2-1,3 % artmışdır. Əgər bu meyl saxlanılarsa, 2020-ci ildə əhalinin 10 milyonluq həddi aşacağı şübhəsizdir.

Əlbəttə, Azərbaycanda sürətli sosial-iqtisadi yüksəliş fonunda əhalinin məlum artım dinamikası fərali rəqəmlərlə ifadə olunur. Elə bunun sayəsidir ki, iqtisadi artım əhali artımını dəfələrlə qabaqlayır. Məsələn, son 10 ildə əhali cəmisi 15 % artdığı halda, iqtisadi artım 3 dəfə təşkil edib. Fərq təxminən 13 dəfəyə bərabərdir ki, bu da sosial və iqtisadi həyatın strukturunda yuxarıda qeyd etdiyimiz müsbət meyllərin əsasını təşkil etmişdir.

Lakin müqayisəli şəkildə deyil, mütləq artım baxımından yanaşdıqda, həm son 20, həm də 10 ilin demoqrafik inkişafı kifayət qədər ciddi rəqəmlərlə ifadə olunur ki, sonuncunun nəticəsi təkcə əhalinin demoqrafik strukturuna deyil, habelə sosial və iqtisadi strukturuna əhəmiyyətli təsir etmək gücünə sahibdir.

Yüksək demoqrafik dinamika əhalinin tərkibində bir sıra struktur dəyişikliklərini şərtləndirir. Bunlardan ikisi ayrıca qeyd olunmağa layiqdir. Birinciisi, əhalinin tərkibində gənclərin xüsusi çəkisi artır. Müxtəlif hesablamalara görə 35 yaşına qədər vətəndaşlar əhalinin 60 %-dən çoxunu təşkil edir. Ikincisi isə, əhali artımının sürəti kənd yerlərində daha yüksək olduğundan, kənddən şəhərə axının ciddi rəqəmlərlə ifadə olunmasına baxmayaraq, kənd və şəhər əhalisinin nisbətində o qədər də kəskin fərq müşahidə olunmur. Bu günə qədər ölkə əhalisinin təxminən 45 %-i kənddə yaşayır. Müvafiq surətdə, urbanizasiya problemi tam həll edilməmiş qalır ki, bunun da mühüm, həm sosial, həm iqtisadi, həm də mədəni aspektləri mövcuddur.

Beləliklə, səthi şəkildə olsa da, nəzərdən keçirilən reallıqlar 2020-ci ilə hədəflənmiş inkişaf konsepsiyasının başlıca qayəsini başa düşməkdə, həyata keçirilməsi vacib olan islahatların istiqamətlərini müəyyənləşdirməkdə zəruri açar rolunu oynaya bilər.

Hər şeydən əvvəl, 2020-ci ilə yönəlmiş islahatların əsas məqsədini aydın şəkildə ifadə etməyə çalışaq. Aparılan dəyərləndirmələrin ortaya qoyduğu reallıq ondan xəbər verir ki, içində yaşadığımız onilliyin başlıca məqsədi iqtisadi inkişafın davamlılığının təmin edilməsi əsasında yeni standartlara uyğun rifaha və həyat keyfiyyətinə nail olması sayıla bilər. Bu məqsəd hər şeydən əvvəl Azərbaycan dövlətinin konstitusion öhdəliklərindən, ideoloji baxışlarından və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir.

"Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması zərurəti məhz bu həqiqətin dərk edilməsindən və dəyərlənməsindən qaynaqlanır. Sözügedən konsepsiyanın hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeyd edilir: "Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşması, sosial sahədə öncələyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".


Yeni Azərbaycanın yeni

hədəfləri: bəzi istiqamətlər


Azərbaycanın dövlət məfkurəsinin başlıca məqsədinin insan olması sübuta ehtiyac duymayan reallıq kimi qavranılmaqdadır. İnsan, onun həyatı, rifahı o ali kateqoriyalardandır ki, onlar Azərbaycan dövlətinin ən yüksək dəyərləri olaraq qəbul olunur. Bu səbəbdən ölkəmizdə dövlət siyasəti əhalinin yüksək rifahının təmin edilməsi kimi ali məqsədin reallaşmasına yönəldilmişdir.

Müstəqil dövlətçilik praktikasının 20 ili ərzində Azərbaycanda insan rifahının təmin edilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyü göz önündədir. Iqtisadi islahatlar, sahibkarlığın inkişafı, təşəbbüskarlığa geniş meydan verilməsi bir yandan, dövlətin sosial siyasətinin yaratdığı imkanlar isə, digər yandan insanların rifahının əhəmiyyətli dərəcədə yüksəldilməsini mümkün etmişdir. Xüsusilə də Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan böyük neft vəsaitlərinin ağıllı istifadəsi özünün mühüm təsdiqini təsirli sosial siyasətdə, insanların həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş dövlət layihələrində tapır. Rifah sahəsində əldə olunan nəticələrin xüsusi mənası və dərəcəsi yüksəlişin faizlə deyil, dəfələrlə olmasında ifadə olunur. Adambaşına düşən ümumi daxili məhsulun bir neçə dəfə artması, dövlət sektorunda maaşların və pensiyaların dəfələrlə hiss olunan dərəcədə yüksəldilməsi, vətəndaşların bütünlükdə real gəlirlərinin çoxalması sosial rifah sahəsində ümumi mənzərənin köklü surətdə dəyişməsini təmin etmişdir. Deyilənin bariz ifadəsi əhalinin istehlakının dinamikasında özünü əyani şəkildə biruzə verməkdədir. Bu mənada Azərbaycan cəmiyyətində insanların istehlakının strukturunda baş verən dəyişikliklər onun inamla inkişaf etmiş cəmiyyətlərə yaxınlaşdığı barəsində iddia irəli sürməyə əsaslar yaradır. Ölkədə son illərdə təkcə istehlakın səviyyəsi artmamışdır, baxmayaraq ki, bu, çox vacib göstəricidir. Eyni zamanda onun strukturunda mühüm dəyişikliklər baş verməkdədir. Mənzillərin, avtomobillərin alınması, səyahətlər və s. istiqamətli xərclərin ardıcıl olaraq artması meyli söylənilən fikrin əyani təsdiqi kimi qəbul oluna bilər. Daha çox misallar gətirmək imkanının məhdudluğu üzündən yalnız bir misalla kifayətlənməli oluruq. Hazırda Azərbaycanda ölkə əhalisinin birləşdiyi təxminən 2 milyon ailənin şəxsi istifadəsində 1 milyondan çox avtomobil vardır. Orta hesabla, hər iki ailədən birinə şəxsi avtomobil düşür ki, bu da inkişaf etmiş ölkə göstəricilərinə yaxındır.

Beləliklə, Azərbaycanın nail olduğu iqtisadi göstəricilər ona XXI əsrin ikinci onilliyini iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi başa vurmağa real imkan yaradır. Hesab edirəm ki, ən ümumi hədəf olaraq bu, növbəti onilliyin başlıca vəzifəsi sayılmalıdır. Qarşıya belə bir vəzifənin qoyulması təbii olaraq sosial inkişaf sahəsində dəqiq hədəfləri müəyyənləşdirməyə yardım edir.

Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyətinin sosial rifah sahəsindəki mənzərəsi onun inkişaf etmiş cəmiyyətlərə əhəmiyyətli dərəcədə yaxınlaşmasından xəbər verir. Deməli, yaşadığımız onilliyin bu sahədə əsas hədəfi inkişaf etmiş ölkələr səviyyəsinə çatmaqdan, sosial rifah cəmiyyəti qurmaqdan ibarət olmalıdır.

İnkişaf etmiş ölkələrin sosial cəmiyyət modeli uzun illər ciddi siyasi və elmi müzakirələrin predmeti olmuş və bu gün də olmaqdadır. Əsas etibarı ilə inkişaf etmiş cəmiyyətlərin sosial modeli kimi qəbul olmuş istehlak cəmiyyəti son illərin iqtisadi böhranlarının təsiri altında ciddi sarsıntılara məruz qalmaqdadır. Növbəti illərdə istehlak cəmiyyəti anlayışının əsaslı surətdə elmi və siyasi dairələrin təftişinə məruz qalacağı şübhəsizdir. Bir sıra hallarda əsassız istehlakçı sosial həyat modelinin indiki iqtisadi böhranlara səbəb olması və nəticə etibarı ilə bəzi ölkələrdə sosial gərginliklərə və qarşıdurmalara gətirib çıxarması sübuta yetirilməkdədir.

Düşünürəm ki, izahı çox vacib olan bir məsələyə də toxunulmasına gərək var. Bu da belə bir suala cavab axtarılmasından ibarətdir ki, dövlət rifah cəmiyyətinə xas olan "layiqli həyat"ın təmin edilməsində hansı rolu oynamalıdır. Dövlətin hər şeyi öz üzərinə götürüb yerinə yetirə bilmədiyi sosializm və ya sovet sistemindən fərqli olaraq, müasir Azərbaycan cəmiyyətində dövlət insanın bütün həyatını tənzimləmək və bütün təlabatlarını ödəmək rolunu öz üzərinə götürmür. Əksinə, bu cəmiyyətdə daha çox liberal dəyərlərə istinad edilərək insanın sərbəstliyinə və təşəbbüskarlığına meydan açılır.

Əlbəttə, irəli sürülən tezis heç də dövlətin "rifah cəmiyyəti"ndə rolunu heçə endirmək məqsədi güdmür. Bu həm də ona görə mümkün deyil ki, əvvəla, Azərbaycan Respublikasının Konstitusiyası dövlətin üzərinə mühüm sosial vəzifələr qoyub, ikincisi isə, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət geniş əhatəsi və ciddi layihələri ilə insanların rifahının təmin edilməsində əhəmiyyətli rol oynayır.

Deyilənlərlə yanaşı, rfiah cəmiyyəti konsepsiyasına uyğun layiqli həyatın təmin edilməsində insanın şəxsi iştirak payının artırılması onun uğurla həyata keçirilməsinin ən mühüm amillərindən biri kimi qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, insanın özünün şəxsi həyatının təmin edilməsində iştirak əmsalının artırılması fərdin və dövlətin həm məqsədlərinin, həm də səylərinin yaxından əlaqələndirilməsini və birləşdirilməsi tələbini irəli sürür. Başqa sözlə, rifah cəmiyyəti bir yandan vətəndaş məsuliyyətini və təşəbbüskarlığını artırmağı nəzərdə tutursa, digər yandan dövlətin sosial mahiyyətinin və funksiyalarının təkmilləşdirilməsini şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islahatların, o cümlədən siyasi islahatların daha da dərinləşdirilməsi haqqında bəyanatları, məhz bunları nəzərdə tutur və hesab edirəm ki, yaşadığımız onilliyin islahatlar paketində qeyd olunanlar əhəmiyyətli yer tutacaq.

Beləliklə, rifah cəmiyyətinin qurulması üçün ilkin şərtlərin yaradılması məsələsinə aydınlıq gətirilməsi zamanı çatdı. Yəqin ki, ən əsas şərtin müxtəlif mənbələr və iqtisadiyyatın bir çox sahələrinin sürətli ahəngdar inkişafı hesabına adambaşına ümumi daxili məhsulun iki dəfə artırılması hesab olunmalıdır. İlkin mənbə kimi karbohidrogen ehtiyatlarından əldə edilən gəlirlər nəzərdən keçirilə bilər. Lakin ÜDM-nin təxminən 100 milyard ABŞ dolları həddinə çatdırılmasında bu mənbə yetərli deyil, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, bu gəlirlər dünya enerji bazarında konyukturadan asılı olaraq yüksək qeyri-sabitliyini qoruyub saxlayır.

İkinci mühüm mənbə qismində iqtisadiyyatın modernləşməsi, yəni müasir istehsal sahələrinin yaradılması nəzərdən keçirilə bilər. Bu, Azərbaycanda iqtisadi islahatların yeni mərhələsini nəzərdə tutur ki, sonuncunun ən vacib nəticələrindən biri iqtisadiyyatın əhəmiyyətli struktur dəyişiklikləri olacaqdır. Hazırda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, xüsusilə də dünyanın aparıcı iqtisadi qurumları tərəfindən Azərbaycanın dərin iqtisadi islahatların həyata keçirdiyi ölkə kimi tanınması sözügedən prosesin aktiv fazada olmasından xəbər verir.

Yəqin ki, ÜDM-nin kəskin şəkildə artırılması kimi məsuliyyətli vəzifənin həyata keçirilməsində daha bir mənbə haqqında söz açmağa dəyər. Bu, insan resurslarından səmərəli istifadə edilməsidir. İrəliyə gedərək qeyd etmək yerinə düşər ki, ÜDM sahəsində ciddi yüksəlişin təmin edilməsində ən mühüm mənbələrdən sayılan insan resursları sahəsində istifadə edilməmiş imkanlar kifayət qədərdir.

Azərbaycanın 9 milyonluq əhalisindən hazırda təxminən 25-30 %-i ictimai dəyər yaradılması prosesinə cəlb edilib. Deməli, bu gün ölkənin ÜDM-də əməyi olanlar əhalinin təxminən 1/3-ni təşkil edir. Qeyd etmək yerinə düşər ki, ÜDM-si adambaşına 20 min ABŞ dollarından çox olan ölkələrin əksəriyyətində milli dəyər yaradılması prosesində əhalinin yarısından çoxu iştirak edir.

Doğrudur, son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda təxminən 1 milyon yeni iş yerlərinin açılması təhlilə cəlb edilən sahədə vəziyyəti ciddi şəkildə dəyişdirmişdir. 7-8 il bundan əvvəlki dövrlə müqayisədə indi ÜDM-də payı olan vətəndaşların sayı xeyli artmış, iqtisadiyyatın və ÜDM-nin strukturunda əhəmiyyətli dəyişiklik baş vermişdir. Bununla belə bu sahədə istifadə olunmamış imkanlar, yuxarıda qeyd edildiyi kimi, yetərincədir.

Əvvəl ondan başlayaq ki, Azərbaycanın əhalisi, artıq qeyd etdiyimiz kimi sürətlə artır. Bu günün qeyd edilən meyli ondan ibarətdir ki, hər 10 ildə əhali təxminən 1 milyon nəfər artır. Deməli, Azərbaycanın əmək resursları sferasında hər 10 ildə 1 milyon nəfər artım müşahidə olunur. Başqa sözlə desək, resursların illik artımı 100 min nəfərə bərabərdir. Buradan belə bir mühüm nəticə çıxır ki, ildə təxminən 100 min, 10 il ərzində isə 1 milyona yaxın iş yerlərinin açılması sosial-iqtisadi inkişaf strategiyasının qaçılmaz tələbidir. Həmin tələbin yerinə yetirilməməsi bir yandan izafi iş qüvvəsinin meydana gəlməsinə səbəb olacaq, digər tərəfdən isə işçi qüvvəsinin tam şəkildə milli dəyərin yaradılması prosesində iştirakı təmin edilməmiş qalacaq.

Beləliklə, kənddən şəhərə müşahidə olunan miqrasiya meyli ən azından qarşıdakı onillik ərzində saxlanılacaq. Bu isə öz növbəsində yeni iş yerlərinin yaradılması prosesinin strukturunda zəruri dəqiqləşdirilmələrin aparılmasın şərtləndirir. Nəticə: a) şəhər yerlərində iş yerləri daha intensiv şəkildə açılmalıdır; b) Bakı şəhərinin sıxlaşmasının qarşısının alınması üçün yeni iş yerlərinin əsas ağırlığı digər şəhərlərin üzərinə köçürülməlidir; c) bütün ölkə üzrə iqtisadi inkişafın tarazılığını və əmək resurslarından daha səmərəli istifadə edilməsini təmin etmək üçün bütün bölgələri əhatə edən regional iqtisadi mərkəzlərin yaradılmasını nəzərdə tutan məskunlaşma konsepsiyası hazırlanmalıdır. Bu konsepsiya, heç şübhəsiz 2020-ci ilə ünvanlanmış inkişaf strategiyasının əsas tərkib hissələrindən biri olmaq haqqına sahibdir.

Nəhayət, yaşadığımız onilliyin əsas hədəfləri içərisində önəmli yer tutan təhsilə diqqət yetirək. Təhsil müasir cəmiyyətin mühüm mənəvi və iqtisadi potensialı, tükənməyən, əksinə daim artan maddi resursudur. Bir universitet təhsilli insanın milli dəyər yaratmaq əmsalı, unversitet təhsili olmayan vətəndaşın eyni əmsalından xeyli yüksəkdir. İstehsalın müasirləşməsi, ictimai ahəngdarlığın təmin edilməsi və bu kimi müsbət məqamlar da nəzərə alınsa, təhsilin cəmiyyətin həyatında müstəsna rolunu başa düşmək çətin deyil. Bu baxımdan, təhsilin inkişafı, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi ölkənin iqtisadi potensialının artmasının ən perspektivli sahələrindən sayılmalıdır.

Qeyd edilməlidir ki, bu sahədə istifadə olunmamış böyük imkanlar mövcüddür. Azərbaycanda məktəbi bitirən gənclərin təxminən 25-30%-i universitet təhsilinə cəlb oluna bilir. XXI əsrin müasir cəmiyyətində universitet təhsili almaq ayrı-ayrı gənclərin üstünlyü, imtiyazı olmaqdan gənclərin əksəriyyətini əhatə edən təhsil prosesinə çevrilmək zorundadır. 2020-ci ilə ünvanlanmış inkişaf konsepsiyası çərçivəsində ona nail olunmalıdır ki, gənclərin universitet təhsilinə cəlb olunmaq dərəcəsi 45-50 faizə çatdırılsın, yüksək təhsil və mədəniyyət Azərbaycan cəmiyyətinin mövcud mənzərəsinin ayrılmaz ünsürü kimi özünə möhkəm yer tutmaqla, onun inkişafına əhəmiyyətli tövfəsini verə bilsin.

Azərbaycan müstəqilliyinin 20 ili ərzində böyuk inkişaf mərhələsini yaşayaraq növbəti onillikdə daha əzəmətli yüksəlişə hazırlaşır. Bu yüksəlişə onu istinad etdiyi dəyərlər və siyasətə xalqın dərindən inamı və dəstəyi səfərbər edir. Şübhə yoxdur ki, indiyədək qarşısına qoyduğu bütün əzəmətli vəzifələrin öhdəsindən layiqincə gələn Azərbaycan cəmiyyəti növbəti hədəflərə doğru irəliləyişində zəruri nailiyyətləri qazana biləcək. 2020-ci ilin Azərbaycanında yaşamaq daha rahat, işləmək daha mənalı olacaq. Azərbaycan xəyalların gercəkləşdiyi ölkələr sırasında özünə layiqli yer tutacaq.

Digər xəbərlər