PDF Oxu

Əsas

  • 11

Şuşa - güllələnmiş heykəllər və ruhlar şəhəri

Şuşa - güllələnmiş heykəllər və ruhlar şəhəri

Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ofisində Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş sərgi keçirildi. Şuşanın işğalı ilə bağlı həqiqətləri bir daha gənclərə və ölkə ictimaiyyətinə çatdırmaq məqsədilə təşkil olunmuş sərgidə "Şuşa işğaldan öncə", "Şuşa işğaldan sonra", "Ermənilərə yaraşmayan Şuşa", "Şuşa od içində", "Şuşalılar", "Güllələnmiş heykəllər və ruhlar şəhəri", "Abidələr şəhəri - Şuşa" mövzusunda olan fotoşəkilər nümayiş etdirilib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov YAP gənclər Birliyinin Şuşanın işğal edilməsinin 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırladığını və aksiyalar həyata keçirdiyini söyləyib. Onun sözlərinə görə, YAP Gənclər Birliyinin hazırladığı Şuşanın işğalı ilə bağlı müraciət beynəlxalq təşkilatların katibliklərinə, bəzi dünya dövlətlərinin parlamentlərinə elektron poçt vasitəsilə ünvanlanıb. Keçirilən sərgi də məhz bu tədbirlər silsiləsindəndir.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, YAP Gənclər Birliyi tərəfindən hazırlanan bu sərgi erməni vandalizmini, erməni vəhşiliyini açıq şəkildə təsəvvür etməyə imkan yaradır: "Sərgidə təqdim olunan şəkillərdə erməni işğalından sonra Şuşa şəhərinin necə xarabalığa çevrildiyini açıq-aydın görünür. Eyni zamanda, bu şəkillərə baxanda, biz bu gün Şuşa şəhərində kimlərin yaşadığını görürük. Vaxtilə Azərbaycanın ən dilbər mədəniyyət mərkəzlərindən olan Şuşada hansı insani keyfiyyətlərə-əgər onlara insan demək mümkündürsə, malik olanların yaşadığını görə bilirik. Bu gün güllələnən abidələrin şəkilləri nümayiş etdirilir. Hətta ermənilər görün hansı keyfiyyətlərə malik bir xalqdır ki, onlar heykəlləri də gülləyə tuturlar. Əlbəttə, biz əminik ki, yaxın zamanlarda bütün Azərbaycan torpaqları, eyni zamanda, Azərbaycanın dilbər guşəsi olan Qarabağ və Şuşa azad olunacaqdır. Təbii ki, bu, sadəcə arzu deyil, biz torpaqlarımızın azad edilməsi yönündə dayanmadan çalışırıq. Dövlətimizin gücü, hərbi potensialımızın güclənməsi, iqtisadiyyatımızın möhkəmlənməsi, dövlətimizin dünya birliyində mövqelərinin artması Azərbaycanın haqqı, ədaləti bərpa etməsinə möhkəm baza yaradır. Bu mənada, digər çox ciddi amil ondan ibarətdir ki, Azərbaycanın gəncləri torpaqlarımızı azad etmək üçün tam hazırdırlar. Zamanı gəlib çatanda sülh, danışıqlar yolu ilə torpaqlarımızın azad edilməsi potensialı tamamilə aradan qalxdıqda, dövlətimizin gücü, ordumuzun qüdrəti və insanlarımızın, ən əsası, gənclərimizin qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Hamımız buna hazır olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı buna hazır olmalıdır və güman edirəm ki, hazırdır. Əminəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. YAP Gənclər Birliyinin bu vətənpərvərlik aksiyasını yüksək qiymətləndirirəm. Əminəm ki, məhz bu gənclər torpaqlarımızın azadlığı uğrunda mübarizənin, qətiyyətin, əzmkarlığın önündə dayanacaq. Arzu edirəm ki, gələn il Şuşa, Azərbaycanın digər işğal altında olan əraziləri işğaldan tam azad olunsun".


Bahar Muradova: "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni işğalı altında olan ərazilərimizin böyük hissəsi azad edildi"


Tədbirdə çıxış edən Milli Məclisin Sədr müavini, YAP İdarə Heyətinin üzvü, millət vəkili Bahar Muradova qeyd edib ki, bu günlər hər birimiz üçün dərin kədər, həm də gələcəyə inam hissi ilə qeyd olunur. B.Muradova onu da bildirib ki, bu günlərdə respublikamızın hər yerində Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. Bu tədbirdə Şuşanın Azərbaycan xalqının ictimai-siyasi həyatında hansı yeri tutduğu barədə fikirlərin səsləndiyini deyən B.Muradova qeyd edib ki, Şuşanın işğalı ermənilərə digər Azərbaycan torpaqlarını işğal etmək üçün "şərait" yaratdı: "Bu gün, eyni zamanda, torpaqlarımızın işğaldan azad ediləcəyi ilə bağlı dərin inam ifadə olundu. Mən buna əminəm. Çünki bu torpaq bizim torpağımızdır. Şəkillərə baxdıq və müqayisə imkanı yarandı. Bu gün ermənilər söyləyirlər ki, guya Şuşanı və digər regionları "azad" ediblər. Bir müqayisəni gətirək ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni işğalı altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Füzuli və Ağdam rayonlarının bir hissəsi, Dağlıq Qarabağın bir hissəsi olan həmin torpaqlar bu gün özünün inkişafını yaşayır, həmin torpaqlara can gəlir. Bu torpaqlar abadlaşır, orada geniş abadlıq layihələri həyata keçirilir. Çünki həqiqətən, bu torpaqlar bizimdir və işğaldan azad olunmuş torpaqlardır. Amma Şuşadan olan görüntülərdən bir daha görürük ki, orada vəziyyət fərqlidir. Onlar bilirlər ki, orada müvəqqətidirlər, özgə torpağını zəbt ediblər. Onlar bilirlər ki, özgə ocağında xoşbəxt olmaq mümkün deyil. Ona görə də bu gün işğal altında olan torpaqlarda erməni gəncləri qalmır. Məhz Ermənistanın özünün siyasəti nəticəsində evini-eşiyini itirmiş bir neçə erməni orada məskunlaşıb. Amma onlar Şuşanın sahibləri deyillər. Şuşanın əsil sahibləri Azərbaycan dövlətidir, azərbaycanlılardır. Biz bütün torpaqlarımıza sahib çıxacağıq. Bunun üçün bizim bütün imkanlarımız var. Azərbaycan dövlətinin yeritdiyi siyasət bu gün Azərbaycanın beynəlxalq aləmdə qazandığı yer, möhkəm mövqe, onun dünya siyasətində öz sözünü deməsi işğalda olan torpaqlarımızın azad olunmasına möhkəm zəmin yaradır. Biz öz torpaqlarımızın sahib kimi o torpaqlara qayıdacağıq. Və elə Qarabağda yaşayan ermənilərə bizimlə bərabər yaşamaq hüququnu verəcəyik. Bu, Azərbaycan dövlətinin, Prezidentinin iradəsidir və Azərbaycan xalqının müqəddəs arzusudur. Mən bu günlərdə hər birimizə arzumuza çatmağı arzulayıram. Əminəm ki, bu gün hər bir Azərbaycan gənci ayaqdadır və bu gəncliyin içində YAP Gənclər Birliyinin öz yeri var. Bu gün bu tədbirin təşkili ilə onlar öz siyasi münasibətlərini bildiriblər və lazımi anda digər şəkildə də öz münasibətlərini bildirməyə hazırdırlar".


Samir Rəhimov: "Mən hər bir Azərbaycan gənci kimi cənab Prezidentimizin bu siyasətini dəstəkləyirəm və hər zaman əsgər kimi torpaqlarımızın azad edilməsində iştiraka da hazıram"


Çıxış edən YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Samir Rəhimov bildirib ki, Şuşa şəhəri işğal olunan zaman onun 8 yaşı vardı: "Bu gün mənim 28 yaşım var. Mənim üçün işğal altında olan şəhərim haqqında danışmaq çox çətindir. Amma möhtərəm Prezidentimizin apardığı qətiyyətli və davamlı siyasi kurs işğal altında olan torpaqlarımızın azad ediləcəyi gün yaxınlaşdırıb. Mən hər bir Azərbaycan gənci kimi cənab Prezidentimizin bu siyasətini dəstəkləyirəm və hər zaman əsgər kimi torpaqlarımızın azad edilməsində iştiraka da hazıram".

Çıxış edən Şuşa şəhərinin sakini, məcburi köçkün Əyyub Əbdüləzimov da Şuşa şəhəri ilə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, hər bir şuşalı gözəl şəhərin azad ediləcəyi günü gözləyir.

Daha sonra gənclər hazırlanan stendlərlə yaxından tanış olublar və fotoşəkillərlə bağlı onlara geniş məlumat verilib.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər