Pakistanın "Liberty" jurnalında tanınmış alim, şair və publisist, professor Casim Takinin "Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları" adlı məqaləsi dərc edilib. Məqalədə Moskvada keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin Baş Assambleyasında 2020-ci il Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün Azərbaycanın öz namizədliyini irəli sürdüyünü qeyd edən müəllif ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsində və hazırlıq-təbliğat işlərinin aparılmasında böyük rol oynadığını bildirib.
Müəllif Mehriban xanım Əliyevanın Azərbaycan tarixindən, inkişaf və nailiyyətlərindən söz açarkən, qeyd etdiyi fikirləri diqqətə çəkib: "2020-ci il Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsi təşəbbüsü hökumət və xalq tərəfindən dəstəklənir. Qədim tarixi irsə malik olan şəhərimiz Şərqin və Qərbin qovuşduğu nöqtədə yerləşib... Olimpiya Oyunlarında bir müstəqil ölkə kimi nisbətən yaxın keçmişdən iştirak etməyimizə baxmayaraq, biz idman infrastrukturunun inkişafına böyük investisiyalar qoyuruq. Biz, doğurudan da, bu oyunları ölkəmizdə keçirmək əzmindəyik və bunun üçün siyasi və maddi dəstək verməyə hazırıq...".
Professor Mehriban xanım Əliyevanın dünyanın birinci xanımları sırasında ən yüksək pillələrdən birini tutduğunu vurğulayaraq, Onun təşəbbüsünün uğur qazanacağına inandığını bildirib. Məqalədə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi genişmiqyaslı humanitar və sosial layihələr barədə də geniş məlumat verilib. Belə ki, ölkənin birinci xanımı xeyriyyəçilik fəaliyyətinə, həmçinin, dünya mədəniyyəti irsinin qorunub saxlanmasına görə YUNESKO-nun xoşməramlı səfiri seçilib, bir neçə inkişaf etmiş ölkələrin medal və ordenləri ilə təltif olunub.
Şair C.Taki məqaləsinin sonunda Mehriban xanım Əliyevaya həsr etdiyi şeirini də dərc etdirib.
ZÜMRÜD