Mehriban xanım Əliyeva: "Şərq memarlıq üslubu ilə müasir Avropa üslubunu özündə birləşdirən Bakının gözəlliyi özünün çeşidli aurası, qonaqpərvərliyi ilə tələbkar qonaqların istəyinə cavab verəcək".
Azərbaycan "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçiriləcəyi günə addım-addım yaxınlaşır. Dünyanın bir məkana toplaşacaq yarışmasında 41 dövlət təmsilçi qismində, eləcə də, digər dövlətləri təmsil edən qonaq simasında gələnləri qarşılayacaq Azərbaycan böyük məsuliyyətlə, həvəslə bu milli dəyərlərimizi, dövlətin tarixini, mədəniyyətini təqdim etmək yolunda layihələri həyata keçirib. "Dövlətimizin tam siması, mənzərəsi hansı formada təqdim edilməlidir" sualı ətrafında reallaşan tədbirləri əsasında bu gün Bakı qapılarını taybatay açıb, üzüağlıqla qonaqları qarşılamağa hazırdır. Gündən-günə çiçəklənən ölkəmizin firavan həyatı hər bir ölkə nümayəndəsinin diqqətindən kənarda qalmayacaq. Dünya iqtisadiyyatının böhran içində yaşadığı zamanda ölkəmizin sürətli iqtisadiyyatı və inkişafı ilə tanış ola biləcəklər. Belə irimiqyaslı yarışma ərəfəsində konsert zalı, otellər, şəhər təchizatı, infrastruktur tam hazır vəziyyətdədir.
Böyük və inkişaf etmiş dövlətlərin təmsilçilərinin "Bakı Kristall Zalı"nın arenasından böyük həzz alacaqları şübhəsizdir. Sözsüz ki, Azərbaycanda baş verən sıçrayışlar, xüsusilə də, müsabiqə ərəfəsi görülən işlər Azərbaycana qısqanclıqla yanaşan, onun inkişafını birmənalı qiymətləndirməyən dövlətlər tərəfindən müxtəlif rənglərdə qələmə verilsə də, reallıq istər-istəməz son anda etiraf edilir. Düşmən mövqedə dayananlar öz acizlikləri ilə baş-başa qalıb, məğlubiyyəti qəbul edirlər. Bu gün Bakı möhtəşəm şounu keçirməyə hazırdır. Hansısa qüvvələrin bunu boykot etmə cəhdləri yalnız və yalnız fantastika və utopiyadır. Bəlkə də nağıl dünyalarının bir parçasıdır. Avropa Şurasının baş katibi Torbyorn Yaqland müsahibələrinin birində bildirib ki, Azərbaycanda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsini boykot etmək lazım deyil. Söz azadlığı və siyasi məhbuslarla bağlı məsələyə gəlincə isə, o, qeyd edib ki, 2011-ci ilin sonuna kimi Azərbaycandan Avropa Məhkəməsinə 1700-ə qədər şikayət daxil olub: "Bolqarıstandan 4 min, Moldovadan 4200, Rumıniyadan 12 min şikayət daxil olub. Lakin bu sahədə 40 min şikayətlə Rusiya lider olaraq qalır".
Budur, artıq müsabiqənin başlanmasına 10 gün qalıb. 57-ci "Eurovision" Mahnı Müsabiqəsi həftəsi mayın 13-dən start götürür. "Bakı Kristal Zalı"nda hər gün texniki və dublyor məşqləri davam edir. Mayın 13-dən isə "Eurovision 2012"-nin səhnəsində Bakı şousunda təmsil olunan ölkə təmsilçilərinin iştirakı ilə məşqlər başlayacaq. Bu artıq boykot fikri ilə yaşayan qüvvələrə bir mesajdır ki, müsabiqənin startına ilk addımlar atılır. Dünya ölkələri də bunu daim izləyir. "Eurovision-2012" Mahnı Müsabiqəsinin şou tərəfdaşı "Brainpool" şirkətinin rəhbəri Yorq Graboş Avropanın ən nüfuzlu televiziya şousunun hər zamankından çox fərqli olacağını söyləyir. "Şou hazırlıqlarına 800-ə yaxın işçi cəlb olunub. Bu, ən böyük televiziya şoularından biri, bəlkə də ən böyüyüdür. Azərbaycandakı bu şou daha möhtəşəm olacaq!"-deyə o bildirib. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və harmoniya içində dinc yanaşı yaşadıqlarından beynəlxalq müsabiqənin keçirilməsi üçün də ən əlverişli bir məkandır. Dünyanın nüfuzlu "Business-year" jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva müsahibəsində qeyd edir ki, qitələrin və sivilizasiyaların qovuşuğunda yerləşən bir ölkə kimi, biz müxtəlif dinlərlə, müxtəlif mədəni dəyərlərlə, adət və ənənələrlə tanışıq: "Bizim tolerantlıq ənənəmiz elə bir parlaq təməl yaradıb ki, Azərbaycana gələn hər bir təşkilatçı, müşahidəçi, yaxud adi tamaşaçı üçün hər cür şərait yarada bilərik. Ümid edirəm ki, Şərq memarlıq üslubu ilə müasir Avropa üslubunu özündə birləşdirən Bakının gözəlliyi özünün çeşidli aurası, mehribanlığı və qonaqpərvərliyi ilə, hətta ən tələbkar qonaqların da istəyinə cavab verəcək."
"Eurovision-2012" mahnı yarışması ilə bağlı münasibətə gəlincə isə Mehriban xanım Əliyeva on minlərlə insanı Bakının qəbul etməsindən məmnunluq duyduğunu bildirib.
"Bakı Kristal Zalı"n tikintisini həyata keçirən şirkətin direktoru Günter Vixinq arenanın və Azərbaycanın əvəzolunmazlığını ifadə etməsi də yuxarıda vurğuladığımız fikirləri təsdiqləyir: "Bakı Kristal Zalı" və buradakı "Eurovision" şousu hər kəsi valeh edəcək. Bakıya gəlməyə, buradakı şounu görməyə dəyər. Bakı fantastik şəhərdir. "Bakı Kristal Zalı"n Bakı buxtasında yerləşməsi də fantastikdir. Azərbaycana gəlin və buradan zövq alın".
Müsabiqə ərəfəsində "Eurovision 2012"-yə ev sahibliyi edən Bakı yarışmaya uyğun bəzədilir. "Bakı Kristal Zalı" ərazisində və şəhərin bir çox hissələrində işıqlı "Eurovision ürəkləri" quraşdırılıb. Həqiqətən də, "Eurovision ürəkləri" Bakı gecələrinə özünəməxsus yaraşıq verir.
Nəzakət ƏLƏDDİNQIZI