"Soyuq müharibə" bitdikdən sonra dünya dəyişərkən biz demokratiyanın gələcəyinə ümidlə baxırdıq. Son 20 ildə Azərbaycanın siyasi və iqtisadi transformasiyası onu sübut edir ki, azadlıq vədi çətin, lakin olduqca güclü bir fenomendir. 225 illik tarixi dövründə Birləşmiş Ştatlar bir sıra ölkələrlə tərəfdaşlıq və müttəfiqlik əlaqələri qurmuşdur. Köhnə dostlara malik olmaq yaxşıdır. Amma hərdən, sənin yeni dostların ən yaxşı dostlarına çevrilə bilər. Bu gün biz, ABŞ ilə Azərbaycan arasında 20 illik müttəfiqlik və dostluğu qeyd edir, əsas uğurlarımızı və qarşılaşdığımız çətinlikləri xatırlayırıq.
Mən Senatın Hərbi Xidmətlər Komitəsinin üzvüyəm. Bilirəm ki, Azərbaycan ABŞ-la Kosovo, Əfqanıstan və İraq kimi qaynar yerlərdə terrora, kütləvi qırğın silahlarının yayılmasına və digər təhdidlərə qarşı birgə mübarizə aparır. Eyni zamanda, Azərbaycan Əfqanıstanda NATO qüvvələrinin təchizatı üçün istifadə olunan mühüm nəqliyyat dəhlizinin bir hissəsidir. Biz Azərbaycanın gündən-günə artan nüfuzuna sevinirik. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq arenada mühüm yer tutacaqdır.
Təmsil etdiyim Misisipi ştatı, ABŞ-ın digər ştatları kimi, Azərbaycanla xoş münasibətlər qurmuşdur. Misisipi ilə Azərbaycan ticarət münasibətlərini inkişaf etdirərək, iki ölkə arasında iqtisadi əməkdaşlığa töhfə verməkdə davam edəcəkdir. Zəmanəmizin ən başlıca məsələlərindən biri energetikaya gəldikdə isə, deyə bilərəm ki, neft və qaz kəmərləri ilə Azərbaycan qlobal enerji bazarında liderliyini və enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaş olduğunu nümayiş etdirməkdədir.
ABŞ ictimaiyyətində Birləşmiş Ştatlar ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri barədə məlumat, təəssüf ki, hələ azdır. Azərbaycanı amerikalı məktəblilərə, universitet tələbələrinə daha geniş şəkildə təqdim etmək lazımdır. Tərəflər arasında anlaşmanı artırmaq məqsədilə daha çox tələbə mübadiləsi aparılmalıdır. Mən Azərbaycana ABŞ-la qurduğu dostluq münasibətlərinə görə minnətdarlığımı bildirirəm. Azərbaycan kimi sabit müttəfiqlə münasibət qurmaq olduqca müsbət haldır.
ABŞ-la Azarbaycan arasında inkişaf edən münasibətlər Konqresdə yüksək qiymətləndirilir
Azərbaycan qurmağa çalışdığı təsisatlara və dəstəklədiyi dəyərlərə görə yüksək dərəcədə diqqətəlayiq olan ölkədir. Konfransda Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinin müxtəlifliyini görərkən, bu ölkənin "Ərəb baharı"ından çıxan dövlətlər üçün model ola biləcəyini düşünürəm. Suriyada baş verənləri təhlil edərkən, o bölgədə modellər axtararkən, əvvəl Türkiyə, son zamanlar isə həm də Azərbaycan modeli qarşımızda durur. Bu modellər işləkdir, öz icmalarında müxtəlifliyə ehtiramla yanaşaraq, dünyəvi idarəetmə təsisatları qurmaq istəyir. Eyni zamanda, dini etiqad azadlığına hörmətlə yanaşılır.
Bildirmək istəyirəm ki, ABŞ-la Azərbaycan arasında inkişaf edən münasibətlər Konqresdə yüksək qiymətləndirilir. 11 sentyabr faciəsindən sonra Azərbaycanın ABŞ-a göstərdiyi dəstək çox vacib idi. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF), ABŞ-ın digər bölgələrdəki hərbi bölmələrinə Azərbaycanın təchizat dəstəyi Birləşmiş Ştatlarda yüksək qiymətləndirilir və minnətdarlıqla qarşılanır. Möhkəmlənən bu dostluq, humanitar-iqtisadi və xarici siyasətdə inkişaf edən əlaqələr olduqca əhəmiyyətlidir. ABŞ Əfqanıstanda birbaşa hərbi mövcudluğunu azaldandan sonra, mühüm strateji bölgədə yerləşən Azərbaycan Əfqanıstanda ümid etdiyimiz gələcəyin formalaşmasında önəmli rol oynayacaqdır.
Biz Azərbaycan xalqına və hökumətinə tutduğu mövqeyə görə təşəkkür edir, bu əlaqələri çox vacib sayırıq. Mən özüm bu münasibətlərin genişlənməsi istiqamətində çalışacağımı bəyan edirəm. Biz həm xalqımız, həm parlamentlərimiz arasında təmasları artırmalıyıq.
Bu konfrans üçün sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkəmiz arasında strateji əhəmiyyət daşıyan bu münasibətlər gələcəkdə yalnız inkişaf edəcəkdir.