PDF Oxu

Əsas

  • 16

Laçının işğalından 20 il ötür

Laçının işğalından 20 il ötür
(Əvvəli ötən sayımızda)

"Səs" qəzeti ənənəvi olaraq ölkənin ictimai-siyasi, mədəni həyatında baş verən hadisələr, eləcə də, ictimaiyyətin marağında olan məsələlərlə bağlı mütəmadi olaraq dəyirmi masalar təşkil edir. Dünən təşkil olunan dəyirmi masa Laçının işğalı gününə həsr edilmişdir. Tədbirdə Laçın alayının keçmiş komandiri Arif Paşayev, Laçın rayon icra hakimiyyəti başçısının Köhnəkənd üzrə nümayəndəsi, şəhid ailəsi İzzət Səlimov, "Laçın" qəzetinin baş redaktoru Mayıl Xanlar, Köhnəkənd icra nümayəndəliyinin əməkdaşı Etibar Quliyev, Qarabağ müharibəsi veteranı, ilk snayperçi qadın Növrəstə Yusifova, Laçın cəbhəsində batareya komandirinin müavini Famil Məmmədov, Şuşa batalyonu post-patrul xidmətinin polis çavuşu Adil Süleymanov iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev qeyd etdi ki, Azərbaycan ərazisinin erməni işğalçıları tərəfindən məqsədli şəkildə işğal edilməsi və tarixi torpaqlarımızın separatçı qüvvələr tərəfindən ələ keçirilməsi nəticəsində bu gün ölkənin coğrafi ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Belə ki, əsrlər boyu işğalçı mövqedən çıxış edən Ermənistan öz ərazisini genişləndirmək və böyük bir dövlət yaratmaq iddiasını ortaya qoyaraq, tarixin dönəmlərində Azərbaycana qarşı hərbi qüvvəsindən istifadə etmişdir. 1987-ci ildən başlanan ictimai-siyasi proseslər ölkəmizin bir sıra rayonlarının, eləcə də, Laçının işğalına gətirib çıxarmışdır. Rayonun 71 min 300 əhalisinin öz doğma yurdundan uzaqlaşdırılması ağır və dözülməz olmuş olsa da, bu reallıqların içərisində yaşamışıq. Bugünkü dəyirmi masadakı məqsədimiz məhz Laçının işğal olunduğu günü diqqətə çəkib rayonun ələ keçməsində qüvvələrin mövqeyinə və laqeydliyinə aydınlıq gətirməkdir. Ümid edirəm ki, bu günə qədər mətbuatda açıqlanmayan və diqqətə çəkilməyən məqamlar dilə gətiriləcək.
Etiraf edək ki, bu gün dövlət tərəfindən qaçqın və köçkün olan vətəndaşlara böyük diqqət və qayğı göstərilir. Belə bir əhatədə yaşayan işğal olunmuş rayonun sakinləri, sözsüz ki, vətənə bağlılıq hissini heç nə ilə əvəzləyə bilmirlər. Ali Baş Komandanın məqsədyönlü səyi və yürütdüyü siyasət nəticəsində işğal altında olan ərazilərimizin geri alınacağı şübhəsizdir.

HƏRBİ SURSATIN SİLAH ANBARINA YIĞILMASI LAÇIN ƏHALİSİNƏ QARŞI HAZIRLANMIŞ MƏHV PLANI İDİ

ARİF PAŞAYEV:
- 1992-ci ilin 15 may tarixində rayon ərazisi artıq boşaldılmışdır. Mən bununla bağlı əlaqədar təşkilatlara müraciət edib və qəti şəkildə tələblərimi irəli sürsəm də, heç bir nəticə vermədi. Nəsə iş görmək, rayonu, əhalini bu ağır situasiyadan çıxarmaq istəyən insanlara belə imkan verilmirdi. Hətta elə bir vəziyyət yaranmışdı ki, məni sıradan çıxarmaq üçün erməni olduğumu söyləyirdilər. Guya anam ermənidir. Mənə qarşı sui-qəsd planı hazırlanmışdı. Etiraf edim ki, Laçında olan hərbi hissənin gücü digər rayonlarımızdakı döyüş bölgəsində olan qüvvələrlə müqayisə olunmurdu. Çünki strukturlaşdırılmış, mükəmməl hərbi hissə var idi. Döyüş gedən bir məkanda hərbi hissənin ləğv edilməsi özü bir cinayət idi. May ayının 6-da əhalidə olan hərbi sursatın tam şəkildə yığılıb silah anbarında cəmləşdirilməsi, artıq Laçın əhalisinə qarşı hazırlanmış məhv planı idi. Təəssüf ki, çox gərgin vəziyyətin mövcudluğu paytaxtda kürsüdə əyləşən dövlət nümayəndələrinin belə marağından kənarda idi.
Həmin ərəfədə mənim bütün səlahiyyətlərim əlimdən alınmış olunsa da, laçınlı bir nümayəndə kimi bütün prosesləri izləyib torpağımın müdafiəsində hər an hazır bir vəziyyətdə idim. Mayın 15-dən 16-na keçən gecədə bütün hərbi qüvvələr Laçından uzaqlaşdırılıb və ermənilər gəlib ərazini ələ keçirmişdilər. Ermənilərlə bizim aramızda cəmi 5 santimetr torpaq boş qalmışdı. Mən Laçın ərazisində olan bir insan kimi deyərdim ki, laçınlılar çox böyük qeyrətlə, hünərlə öz torpaqlarının müdafiəsinə qalxmışdılar. Bu torpaqların verilməsində yerli əhalinin zərrə qədər də günahı və hiyləgərliyi olmadı. Laçının işğalı siyasi oyunlar çərçivəsində baş verdi. Bu da Azərbaycanın yenidən Rusiyanın tərkibinə qayıtması və müstəqilliyinin əlindən alınmasına dəlalət edən siyasi gedişlər idi.

LAÇININ MÜDAFİƏSİNƏ LAZIMİ QÜVVƏ VƏ HƏRBİ GÜCÜ VAR İDİ

FAMİL MƏMMƏDOV:
- Laçın xəyanətin qurbanı oldu. Burada döyüşən insanların qiymətini zaman özü verəcək. Mən döyüş yolu keçmiş bir insan olaraq, deyərdim ki, Laçının işğalı yerli qüvvələrin siyasi oyunları nəticəsində baş verdi. Əks halda, Laçının müdafiə olunmasında lazımi qüvvə və hərbi gücümüz var idi. Mən deyilən fikirlərin hər birinə şərikəm. Mən döyüşçü olaraq qətiyyətlə deyə bilərəm ki, Laçının əldən verilməsində hərbi qüvvələrimizin başında duran rəhbərlərin, dövlət strukturunda çalışan nümayəndələrin başbaşa günahı var.

ŞUŞANIN İŞĞALI ARTIQ LAÇININ ƏLDƏN VERİLMƏSİ DEMƏK İDİ

ADİL SÜLEYMANOV:
- 1990-cı ildən mən Şuşa polis batalyonunda işləmişəm. 1992-ci ildən Laçında gedən döyüşdə yaralanmışdım. Şəhərdə nəzarət anlaşılmaz bir vəziyyətə gəlib çatmışdı. İdarəçilik çox zəif bir şəkil almışdı. Laçında gərgin bir vəziyyət olduğu zamanda, hərbi xidmətdə olan 20-30 nəfəri eyni vaxtda məzuniyyətə göndərdilər. Bu, artıq Laçında özbaşınalığın mövcudluğunu göstərən əsas faktdır.
Deyim ki, Şuşanın işğalı artıq Laçının əldən verilməsi demək idi. Eləcə də, Laçının düşmən əlinə keçməsi Şuşanın məhvi demək idi. Laçın ərazisi çox böyük bir məkan idi. Ermənilər tərəfdən Laçının üç istiqamətdən hədəfə alınması üçün lazımi şərait var idi. Laçın yalnız Şuşa tərəfdən qorunmaq imkanında idi. 8 may tarixində Şuşanın verilməsi artıq Laçına düşmən əlinin uzadılmasına yol verirdi.

TORPAQLARIMIZIN ERMƏNİLƏR TƏRƏFİNDƏN İŞĞALINDA RƏHİM QAZIYEV BİRBAŞA İŞTİRAK EDİB

İZZƏT SƏLİMOV:
- Laçın hər zaman ermənilər üçün qaraqapı olub. Laçına hücumlar hər zaman olsa da, ermənilər bir qarış da irəliləyə bilməmişdilər. 1987-ci ildə başlanan hadisələrin çərçivəsində 5 il ərzində erməni işğalçıları burada istəklərini reallaşdıra bilməmişdilər. Bir həqiqəti diqqətə çəkim ki, Ermənistan dövləti uzun illər həyata keçirdiyi planlı siyasətini ardıcıl olaraq Azərbaycan üzərində həmin dövrdə tətbiq edirdi. Onu da qeyd edim ki, dünya dövlətləri də bu ölkənin arxasında idi. Laçına hücum edilsə də, ermənilər istəklərinə nail ola bilmirdilər. Rəhim Qazıyev xalq cəbhəsinin nümayəndəsi olmuş olsa da, o, artıq satılmış bir nümayəndə idi. Torpaqlarımızın ermənilər tərəfindən işğalında Rəhim Qazıyevin birbaşa iştirakı olub.

"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:
- Laçında ikinci Xocalı soyqırımı təkrarlanmasın deyə hansı tədbirlər görüldü?
ŞUŞADA, LAÇINDA BAŞ VERƏN HADİSƏLƏRİN BAKIYA HEÇ BİR AİDİYYƏTİ YOX İDİ

MAYIL XANLAR:
- Laçında elə bir vəziyyət yaranmışdı ki, əhali nə baş verdiyini aydınlaşdıra bilmirdi. Əhali arasında yanlış məlumatın yayılması elə bir çaxnaşma yaratdı ki, Xocalı hadisəsini göz önünə alıb göndərilən maşınlarla öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Əhalinin müdafiəsi ilə bağlı heç bir tədbir görülməmişdi. Şuşada və Laçında baş verən hadisələrin Bakıya heç bir aidiyyatı yox idi. Mərkəzdə hakimiyyət daxilində gedən çəkişmələr döyüş bölgələrindəki vəziyyəti onlara unutdurmuşdu. Yaranmış vəziyyətdən sui-istifadə edən düşmən qüvvələr ölkə daxilində olan və bu milləti təmsil edən bəzi insanları belə ələ keçirməyə qadir oldular və bu da xoşagəlməz sonluqla nəticələndi. Bunun nəticəsində Şuşa, Laçın, eləcə də, digər bölgələr ermənilərin əlinə keçdi.
Biz bütün laçınlılar, eləcə də, bütün Azərbaycan Ali Baş Komandanın əmrini gözləyir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, güclü ordusu, eyni zamanda, beynəlxalq məkanda qazanılan nüfuzu erməni işğalında olan torpaqlarımızın geri qaytarılmasına imkan verəcək.

LAÇININ İŞĞALI HAZIR ŞƏKİLDƏ YAZILMIŞ SSENARİ İDİ

ETİBAR QULİYEV:
- Mən hər zaman özüm üçün bir nəticə çıxarıram ki, Laçının verilməsi hazır şəkildə yazılmış bir ssenari idi. Laçını nə qədər insan müdafiə etmiş olsaydı belə, bu, baş verməli idi. Şuşanın işğalından sonra eyni ssenari ilə Laçın əhalisi rayondan çıxarıldı və ərazilər işğal edildi. Laçın işğalında əvvəlki gecə ağır texnika ərazidən çıxarıldı. Yalnız silahlı dəstələr qalırdı. Belə bir vəziyyət ermənilərin ərazini ələ keçirməsi üçün əlverişli idi. Müharibəsiz, müdafiə olunmayan ərazini ələ keçirmək olduqca asan və itkisiz oldu.
Bu gün hər birimiz laçınlı olaraq nəinki Laçının, işğal altında olan torpaqlarımızın hamısını qaytarmağa hazırıq. Bunun üçün qeyrətli oğullarımız var. Ali Baş Komandanın əmrindən sonra hər birimiz torpaqlarımızın müdafiəsinə qalxacağıq.

Zümrüd BAYRAMOVA,
Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər