Doktor Sibel Şalvarlı uzaq Turan elində yaşasa da hər an qəlbi Azərbaycanla birgə vurur. Böyük Ulu Öndərimiz Heydər Əliyevin dediyi mənalı kəlam "Biz bir millət, iki dövlətik" sözləri sanki bu xanımın hər gün dilində qürurla səslənir və Azərbaycan xalqına sonsuz məhəbbətini öz əməli işi ilə, professional həkimlik məharəti ilə daim büruzə verir.
Sibel xanım kimdir?
O Türkiyənin İzmit bölgəsində doğulsa da orta təhsilini və liseyi Ankarada oxumuş, 1987-ci ildə Ankara Universiteti tibb fakültəsinə daxil olmuş və göz cərrahı və müayinəsi ixtisasına sahib olmuşdur. Bu müddət ərzində Halen Dünya Göz Xəstəxanası Ankara şöbəsində 25.000 mindən artıq katarakt, çəp gözlərin bərpası, lazerli əməliyyatlar, qapaq qüsurları, göz yaşı kanallarının bərpası, protez göz, estetik göz əməliyyatlarını uğurla aparmışdır. Sibel xanım insanlara tək nur paylamaqla kifayətlənmir, onun daxili aləmini, həyata baxışını, sevgisini öz nəzərindən keçirir ağıllı məsləhətləri ilə onda böyük inam yaradır, qaranlıq dünyanı işıqlı gündüzlər əvəz edir və hər gecə özü-özünə hesabat verir. "Bu gün neçə xəstəni sevindirmişəm". Bəli, həkim-cərrah üçün xoşbəxt və şirin anlar yaşamaq əsil həyat eşqidir.
Müasir göz cərrahiyyəsi texnikasının ən ümdə yeniliklərini Qərbin və dünyanın bir çox həkimləri ilə təmasda olan Sibel xanım hər gün sənətində yeni metodların xəstələr üzərində cərrahiyyəsini uğurla həyata keçirməklə öz daxili aləmində dinclik tapır. Xüsusilə, Azərbaycandan təşrif buyuran xəstələri öz nəzarətində saxlayır onların son ümidlərini puç olmasına yol vermir, əsil həkimlik təcrübəsilə onların sağalmasına cani dildən yanaşır. Hər gün xəstələr tərəfindən deyilən sözlər bu olur: "Tanrı səni xalqımıza çox görməsin", "Allah balalarını qol-budaq eləsin", "Nur parlayan əllərin var olsun".
Böyük Atatürkün yaratdığı məmləkətdə səhiyyə mədəniyyəti, səhiyyə quruculuğu sürətlə inkişaf edir, növbəyə dayanmış çoxsaylı xəstələr bu ocaqlardan şəfa tapır. Sibel xanımın yolunu gözləyən xəstələr isə, ilk növbədə, onun səsinin ahəngindən, şirin mülayim rəftarından, mehribanlığından məmnun olurlar və onun tövsiyələrinə diqqətlə qulaq asır, inanırlar. Azərbaycandan Sibel xanımın həkimlik məharətinin sədasını eşidib Ankaraya gələn alim-pedaqoq Fərman İbrahimov da öz göz əməliyyatından çox məmnundur. Uzun müddət bu xəstəlikdən əzab çəkən alim dostumuz bir aydan sonra o biri gözünü də əməliyyat olacağından və onun da belə uğurlu olacağına tam nikbinliklə baxır. Axı uzun müddət ali təhsil ocaqlarında müəllimlər ordusu yetişdirən, bu gün tələbələrinin uğurlarına qəlbən sevinən Fərman müəllimin gözləri bu müstəqil zamanımızda daha işıqlı və nurlu olmalıdır. Hələ, qabaqda neçə nəvə toyları gözləyir...
Sibel xanımla Fərman müəllimin son görüş səhnəsində mən də iştirak etdim və Sibel xanımın bir sözü məni həddindən artıq çox təsirləndirdi.
- Sibel xanım, bir aydan sonra ikinci dəfə cərrahiyyə əməliyyatına gələcəyəm. Ürəyinizdən nə keçir, Azərbaycandan sizə hansı sovqatı gətirim?
- Abi Fərman bəy, ilk növbədə, Azərbaycanda yaşayan bacı -qardaşlarıma Sibel xanımın salamını çatdır. İkinci, imkan daxilində, Azərbaycanın dövlət himninin lent yazısını mənim üçün gətir. Mən sizin hamınızı çox sevirəm.
SAĞ OL TÜRK BACIM, SAĞ OL TÜRKİYƏM - AZƏRBAYCANIM.
RAMİQ MUXTAR,
ŞAİR-DRAMATURQ