PDF Oxu

Əsas

  • 12

Bu, ədalətin zəfər çalması idi

Bu, ədalətin zəfər çalması idi
Tanrı bəşər övladını xəlq edən zaman bəzilərinin qismətini hamar etmiş, bəzilərinə isə əzablı yollar yazmışdır. Taleyinə əzablı, ağrılı-acılı yollar düşənlərdən biri də Hüseyn Cavid olmuşdur.
1937-ci ilin dəhşətli günləri idi. Adamlar bir-biri ilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan belə çəkinir, gözə görünməməyə çalışırdılar. Hər gün ağlasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılaraq adamları vahiməyə salırdı. İnsanların qəlbindən daş kimi ağır nisgil asılmışdı. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu, kiminsə tanışı "xalq düşməni" adı ilə damğalanaraq, sürgünə göndərilməsin. Vahimə, qorxu, şübhə ayaq açıb yeriyirdi.
Mətbuatda hər gün idarə və müəssisələrdə, elm və tədris ocaqlarında, şəhərlərdə və kəndlərdə gizli "əksinqilabçı", "qəsbçi", "ziyançı", "trotskiçi", "pantürkist", "panislamist" təşkilatların aşkar edilməsindən, "xalq düşmənləri"nin əl-qol açmasından yazırdılar.
Məhz belə bir vaxtda Azərbaycan K(b)P-nin XIII qurultayı çağırıldı. Onun məramı da belə idi: daha çox xalq düşməni aşkara çıxarmaq. Hesabat məruzəsi ilə çıxış edən M.C.Bağırov son sözündə dedi: "Bir baxın, yazıçılar ittifaqında kimlər əyləşmişdi. Hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç kimiləri".
Bu qərəzçi və böhtançı tənqiddən Cavid nə qorxdu, nə də çəkindi. Çünki Cavid də Cavid idi. Lakin 1937-ci ilin iyun ayının 4-də Cavid tezliklə susduruldu. Vətənindən, ailəsindən çox-çox uzaqlarda qarlı Sibirin ən ucqar yerlərindən birində -İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində torpağa qovuşdu, amma zamana təslim olmadı, əksinə, XX əsri heyrətamiz, bir məharətlə susdurdu.
Cavid 1956-cı ilə qədər sırf yasaq adların "qara siyahı"sında qaldı, adı səhnələrdən, imzası qəzetlərdən, əsərləri dərsliklərdən və kitabxanalardan yığışdırıldı. 1956-cı ildə Cavidə bəraət verilsə də, ona münasibətdəki soyuqluğa son qoyulmadı.
1981-ci ilin iyun ayında dahi şairin 100 yaşının yüksək səviyyədə ali ədəbi bayram kimi keçirilməsini düşünən Heydər Əliyev Azərbaycan KP MK-nın rəhbəri kimi qərar imzalayır.
O dövrdə Azərbaycan KP MK-nın ideologiya üzrə katibi işləmiş Həsən Həsənov xatırlayır ki, böyük şair və dramaturq Hüseyn Cavidin 100 illiyinin keçirilməsi haqqında layihəni Heydər Əliyevin masasının üzərinə qoyduqda, onu narazılıqla qarşılayır və Özü qələm götürərək, bu yubileyin qeyri-adi bayrama çevriləcək maddələrini bircə-bircə mətnə əlavə edir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu qərarda göstərilən bir çox vacib işlər nəzərdə tutulur. Şairin Bakı və Naxçıvan şəhərlərində ev muzeylərinin yaradılması, Bakıda monumental heykəlinin ucaldılması, üzərində Cavidin şəkli olan xatirə medalı ilə, döş nişanı, poçt markası və zərfin buraxılması, əsərlərinin Azərbaycan dilində 4 cilddə, rus dilində 2 cilddə, ərəb əlifbası ilə 1 cilddə çap olunması müxtəlif teatrlarda əsərlərinin tamaşaya qoyulması, onun haqqında sənədli filmin çəkilməsi və s. nəzərdə tutulmuşdur. Qızı Turan Cavid öz xatirələrində yazır: "Baxmayaraq ki, 1956-cı ildə atama bəraət verilmişdi, bununla əlaqədar bəzi işlər görülmüşdür. Lakin atama əsil bəraəti 1981-ci ilin iyun ayında "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" Heydər Əliyevin imzaladığı qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün mən birinci növbədə Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevə minnətdaram".
Cavidin ruhuna münasibətdə ən dramatik, ən yaddaqalan hadisə 1982-ci ilin okyabrında baş verdi. Kommunist rejiminin tüğyan etdiyi bir vaxtda məhz Heydər Əliyevin təşəbbüsü ilə bu böyük şairin cəsədinin qalıqları Vətəni Naxçıvana gətirilərək, ev muzeyinin yaxınlığında əbədi olaraq torpağa tapşırıldı. Sovet tarixində belə bir hadisə olmamışdı.
Hələ heç bir repressiya qurbanı Şimal cəhənnəmindən qurtularaq, Vətəninə dönməmişdi. Heydər Əliyev Kremldəki nüfuzundan, sözükeçərliyi və təsir imkanlarından istifadə edərək, bu icazəni ala bildi. Cavidi 100 yaşının tamamında Azərbaycana qaytardı.
Hüseyn Cavid şəxsiyyətinə dərin məhəbbət bəsləyən Heydər Əliyev 1990-cı ildə Moskvadan Naxçıvana qayıdan gün Cavidin məzarını ziyarət etdi. Ali Məclis Sədri işlədiyi dövrdə - 21 oktyabr 1992-ci ildə Hüseyn Cavidin anadan olmasının 110 illiyi ilə əlaqədar çağırılmış müşavirədəki çıxışında 37-ci ilin günahsız qurbanı olan böyük dramaturq bəraət aldıqdan sonrakı müddət ərzində respublikamızda onunla bağlı görülmüş işlər təhlil edildi.
Oktyabrın 23-də dahi şairin məzarı üzərinə muxtar respublika rəhbərliyi və ictimaiyyəti adından əklillər qoyulmuş və əklilqoyma mərasimindən sonra mitinq olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev mitinqdə çıxış etmişdir. Həmin gün axşam Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi şairin anadan olmasının 110 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya dəvət olunmuş Heydər Əliyevi Hüseyn Cavid daima düşündürürdü. 1995-ci ilin iyun ayının 10-da çağırdığı müşavirədə şairin qəbri üzərində möhtəşəm bir məqbərə ucaldılması müzakirə edildi, bu iş tezliklə həyata keçirildi. Həmin vaxt Turan Cavidin arzusunu nəzərə alan bu böyük şəxsiyyət Müşkinaz Cavidin cənazəsinin Bakıdan, Ərtoğrol Cavidin cənazəsinin Naxçıvan qəbiristanlığından Hüseyn Cavidin məqbərəsinə köçürülməsini məsləhət bildi.
Daim Hüseyn Cavid irsinə qayğı ilə yanaşan Heydər Əliyev 1996-cı il oktyabr ayının 29-da Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində demişdir: "Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını yüksəklərə qaldıran şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır". Ümummilli Lider Heydər Əliyevin 2002-ci ilin oktyabr ayında "Hüseyn Cavidin anadan olmasının 120 illiyinin keçirilməsi haqqında" imzaladığı Sərəncam da böyük şəxsiyyətə, onun yaratdığı milli sərvətə böyük qayğının nümunəsidir.

Bəhruz AXUNDOV,
Hüseyn Cavidin ev
muzeyinin, direktoru
Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi

Digər xəbərlər