PDF Oxu

Əsas

  • 18

Pakistanın nüfuzlu “Diplomatic insight” jurnalının Azərbaycana həsr edilmiş  xüsusi nömrəsi dərc olunub

Pakistanın nüfuzlu “Diplomatic insight” jurnalının Azərbaycana həsr edilmiş xüsusi nömrəsi dərc olunub

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, buraxılışın üz qabığında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın üçrəngli bayrağımızın fonunda fotoşəkilləri yerləşdirilmişdir.
Jurnalın ilk səhifələrində nəşrin redaktorunun Azərbaycan-Pakistan münasibətlərinə həsr edilmiş yazısı və ölkəmizin Pakistandakı səfiri Daşqın Şikarovun oxuculara müraciəti verilmişdir. Həmçinin Azərbaycanın enerji layihələri, ölkəmizdə əlverişli investisiya mühiti, maliyyə və bank sistemi, turizm imkanları, mədəniyyət və incəsənətə dair geniş məlumatlar əksini tapmışdır. Bundan başqa, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun və bu ölkədə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının təmsilçisi Ximena Remolinınin Xocalı soyqırımına həsr edilmiş məqalələri yer almışdır.
Jurnalda Pakistan Senatının xarici əlaqələr komitəsinin sabiq sədri, keçmiş neft və təbii resurslar naziri, tanınmış ictimai-siyasi xadim Salim Seyfulla Xanın Pakistan-Azərbaycan əlaqələrinə, Senatın katibi İftixarulla Babarın fevralda Senat tərəfindən qəbul edilmiş Xocalı soyqırımına dair qətnamə ilə bağlı məqalələri dərc edilmişdir.
Nəşrdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş silsilə humanitar layihələrə xüsusi yer ayrılmış, ölkənin müxtəlif bölgələrində həyata keçirilmiş aksiyalar haqqında geniş məlumatlar verilmişdir.
Xüsusi nömrədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət analizi şöbəsinin rəisi, professor Rövşən İbrahimov, Qafqaz Universitetinin xarici əlaqələr fakültəsinin dekanı Əziz Hüseynovun, Pakistanın Preston Universitetinin rektoru, professor Abdul Basitin, Kayde Azam Universitetinin siyasət və beynəlxalq əlaqələr məktəbinin direktoru professor Lubna Alinin və bu ali təhsil ocağının professoru Razia Sultananın ölkələrimiz arasında siyasi, hərbi və iqtisadi münasibətlərə dair yazıları yer almışdır.
Jurnalın sonunda Azərbaycan Diplomatik Akademiyasının təqaüdçüsü Xurram Kazinin ölkəmizin mədəniyyəti, adət-ənənələri, toy mərasimləri, Novruz bayramı, "Eurovision-2012" mahnı müsabiqəsi və digər mövzularla bağlı geniş məqaləsi dərc edilmişdir.
Xüsusi nömrədə Azərbaycan-Pakistan münasibətlərinin məqamlarını, həmçinin Azərbaycan mənzərələrini təsvir edən çoxsaylı fotoşəkillər, arxa qabığında isə "Eurovision-2012" mahnı müsabiqəsinin loqosu yerləşdirilmişdir.

Digər xəbərlər