Bakı təkcə neft diyarı deyil, həm də dünyanın əsil mədəniyyət və incəsənət beşiyidir
Mayın 19-da İçərişəhərdəki Kiçik Karvansarada ənənəvi "Qız qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalının başa çatmasına həsr edilmiş mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Qeyd edək ki, mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən "Qız Qalası" beynəlxalq incəsənət festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız Qalası" Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilir.
"Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız Qalasının təbliğini qarşısına məqsəd qoyub. YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilən və paytaxtımızın rəmzi hesab olunan Qız Qalasının dünyada tanıdılması məqsədilə keçirilən builki İncəsənət Festivalında 24 ölkədən 30-dan çox tanınmış rəssam iştirak edib. Onlar qalanın kiçik maketlərini öz milli üslublarında naxışlarla bəzəyərək, fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradıblar.
Əvvəlki festivallardan fərqli olaraq, nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nə diqqəti cəlb etmək məqsədilə bu il ilk dəfə olaraq, İDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası çərçivəsində ceyran maketləri hazırlanıb. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak edib və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədilib.
Bu işlər sırasında yer alan Mehriban xanım Əliyevanın və Leyla Əliyevanın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Festivalda sərgilənən işlərlə yaxından tanış olan Mehriban xanım Əliyevaya məlumat verilib ki, hər il iştirakçı rəssamların müxtəlif ölkələri təmsil etməsi festivalın əhatə dairəsini genişləndirərək, mədəniyyətlərarası dialoqa mühüm töhfə verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tədbirdə çıxış edərək "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalı çərçivəsində keçirilən "Böyük beşlik" sərgisi ətrafında iştirakçılara məlumat verib. O, qeyd edib ki, bu festival üçüncü dəfədir ki, keçirilir və çox böyük uğur qazanır. Bu festival Bakı sakinlərinə dünyanın fərqli ölkələrindən müxtəlif rəssamların yaradıcılıq nümunələri ilə tanış olmağa imkan verir: "Bu gün biz burada Azərbaycanda və Cənubi Qafqazda ən gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardan biri olan ceyranı nümayiş etdiririk. "Böyük beşlik" sərgisi diqqəti Azərbaycanda və regionda nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlara cəlb etmək üçün təşkil edilmişdir. İDEA kampaniyası nəsli kəsilmək təhlükəsi ilə üzləşən ayı, qartal, canavar, ceyran və Qafqaz bəbirini "Böyük beşliy"ə daxil etmişdir. Bu gün biz nəsli kəsilmək təhlükəsi ilə üzləşən bu canlılara nümunə kimi ceyrandan istifadə edirik. Ceyran Azərbaycanın sehirli nağıllarında və musiqilərində hər zaman zəriflik və gözəllik rəmzi olmuşdur. Heydər Əliyev Fondu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ceyranların təbii yaşayış mühitinə köçürülməsi layihəsini reallaşdırmışdır. İDEA olaraq biz bu layihəyə daha çox yaradıcı və bədii yanaşma nümayiş etdirmək qərarına gəldik."
Leyla xanım Əliyeva onu da bildirib ki, İDEA kampaniyası təxminən bir il əvvəl yaradılmışdır. Onun dediyinə görə, bu müddət ərzində ətraf mühitin qorunması ilə bağlı xeyli layihələr həyata keçirilmiş və çox müsbət nəticələr əldə edilmişdir: "Bu gün Dövlət İdarəçilik Akademiyasında resurs mərkəzi açdıq. Bu mərkəz insanlara ətraf mühitlə bağlı araşdırmalar aparmağa imkan verəcəkdir. İDEA-nın maraqlı bir layihəsi burada - qədim Qız Qalasının qarşısında reallaşdırılır. Qız Qalasında bərpa işləri aparılarkən, biz Afrikadan Azərbaycana uçub gəlmiş uzunqanad quşların yuvalarını aşkar etdik. İDEA kampaniyası "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə bu quşlar üçün alternativ yuvalar tikdi. Mən böyük məmnuniyyətlə məlumat verirəm ki, quşlar yeni yuvalarına köçmüşdür."
Tədbirdə "Qız Qalası" Üçüncü Beynəlxalq İncəsənət Festivalına həsr edilmiş videomaterial nümayiş etdirilib. Mühüm bir layihənin reallaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirən küveytli rəssam Suraya Albaqsami və Birləşmiş Ərəb Əmirliyindən gəlmiş sənətkar Talal Moualla Bakıda belə bir festivalda iştiraklarından xüsusi zövq aldıqlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, bu gün Bakı təkcə neft diyarı deyil, həm də dünyanın əsil mədəniyyət və incəsənət beşiyidir.
Builki festivalın digər fərqləndirici cəhəti isə Qız Qalası üzərində video-mappinq texnologiyasının təqdim edilməsi olub.
Festivalın bağlanış mərasimində Qız Qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız Qalası maketlərinin proyeksiyası salınaraq, rəngarəng görüntülər yaradılıb. Görüntülərin yaradılmasında müasir post-prodakşn videotexnologiyalarından istifadə olunub. Qız qalası səthinin 360 dərəcə görüntülərlə əhatə edilməsi məqsədilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsilə proyeksiyalar salınıb.
Bakı sakinləri və qonaqlar bu rəngarəng görüntüləri mayın 29-dək izləyə biləcəklər.
ZÜMRÜD