PDF Oxu

Əsas

  • 21

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

Oqtay Əsədov: "Eurovision"la bağlı anti-Azərbaycan təbliğatının kökündə Ermənistan və onun lobbisi dayanır"


Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlikdə olan 14 məsələnin müzakirəsindən öncə cari məsələlər müzakirə olundu. İclas Milli Məclisin Sədri Oqtay Əsədov son günlər "Eurovision"la bağlı başlanılan anti-Azərbaycan təbliğatının aparıldığını söylədi: "Eurovision"la bağlı anti-Azərbaycan təbliğatının kökündə Ermənistan və onun lobbisi dayanır. Elə buna görə də, "Eurovision"la bağlı anti-Azərbaycan kampaniyasında "fəallıq" göstərən İranda məlum hadisələr, onun mətbuat orqanlarında gedən yazılar sanki Ermənistanla eyni mərkəzdən idarə olunur. Mən, demək olar ki, hər gün Ermənistan saytlarında çıxan materialları izləyirəm və görürəm ki, həmin materiallardakı fikirlərlə İrandakı anti-Azərbaycan dairələrinin fikirləri üst-üstə düşür. Bunlar, bir daha onu göstərir ki, Azərbaycan əleyhinə başlanılan kampaniya eyni mərkəzdən - Ermənistandan idarə olunur".

Spiker bir neçə il əvvəl İrandan olan yüksək vəzifəli şəxslə söhbətini xatırlatdı: "2-3 il öncə İrandan Azərbaycana səfər edən yüksək vəzifəli bir şəxsi qəbul edirdim. Onunla görüşdükdən, hal-əhval tutduqdan sonra həmin şəxs mənə dedi: "Ağayi Oqtay, istəyirəm səmimi söhbət edək". Mən də dedim ki, buyurun, necə istəyirsiniz. Mən ona bildirdim ki, "İran Konstitusiyasında yazılıb ki, bu ölkə zəif ölkələrə əl tutmalıdır. Bunu deyərkən, siz Ermənistanımı nəzərdə tutursunuz?" Həmin şəxs bu sualın qarşısında bir qədər duruxdu, özünü itirdi, sonra cavab verdi ki, onların konstitusiyası "Qurani-Kərim" və islam dəyərləri əsasında yazılıb və həmin müddəa "Qurani-Kərim"dən bir ayə kimi götürülüb. O zaman mən ona növbəti sualımı verdim ki, "axı İran Konstitusiyasında ilk öncə İranın islam ölkələrinə yardım etməsi, onları dəstəkləməsi göstərilir. Siz isə bunun əvəzində işğalçı, təcavüzkar Ermənistana, onun yaratdığı separatçı və oyuncaq Dağlıq Qarabağ rejiminə kömək edirsiniz". O isə söhbətdən yayınaraq, başladı ki, Bakı-Ceyhan belə gəldi, İrandan yox, başqa yerdən çəkildi və s. və i. Bu zaman mən də ona bildirdim ki, vaxtında maliyyəniz var idisə, onu ortalığa qoyardınız və Bakı-Ceyhan da İrandan çəkilərdi. Yəni demək istəyirəm ki, erməni diasporu və lobbisi tərəfindən başlanılan və çox təəssüflər olsun ki, İranın da bəzi dairələrinin də qoşulduğu, dəstək verdiyi anti-Azərbaycan kampaniyasının heç bir faydası olmayacaq, bu cəhdlər uğursuzluqla nəticələnəcək".


Mübariz Qurbanlı: "Erməni lobbisinin və İrandakı anti-Azərbaycan dairələrinin addımları narahatçılıq doğurur"


YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "Eurovision-2012" yarışmasının artıq öz işinə başladığını və uğurla davam etdiyini söylədi: "Amma təəssüflər olsun ki, son dövrlər bəzi dairələr, xüsusilə, erməni lobbisi və İrandakı anti-Azərbaycan dairələri bu yarışmanın əleyhinə gedirlər ki, bu da hər birimizdə narahatçılıq doğurur. İstər erməni lobbisinin, istərsə də, onunla eyni mövqedən çıxış edən İrandakı anti-Azərbaycan dairələrinin "Eurovision" mahnı yarışmasına qarşı açıq-aşkar təbliğat aparmaları, etiraz aksiyaları keçirmələri qətiyyətlə pislənməlidir".

Millət vəkili onu da bildirdi ki, adında islam olan bir dövlət Azərbaycan torpaqlarının 20 faizini hələ də işğalda saxlayan təcavüzkar bir ölkə - Ermənistanla həmrəylik nümayiş etdirməməli, Azərbaycan əleyhinə bəzi dairələr tərəfindən başlanılan təxribatlarda yer almamalıdırlar: "İranın bəzi dairələrinin "Eurovision" musiqi yarışmasından öz məqsədləri naminə bəhanə kimi istifadə edərək, Azərbaycan əleyhinə fəaliyyətə başlaması bölgədə sülhə və əmin-amanlığa ciddi təhlükə və qorxu törədir. Bu gün İranla təcavüzkar Ermənistanın Azərbaycana qarşı sinxron fəaliyyəti tamamilə yolverilməzdir. Eyni zamanda, İran səfirliyinin məsləhətləşmə adı altında İrana geri çağırılması düzgün deyil. Bu iki ölkə arasında diplomatik münasibətlərin gərginləşdirilməsindən başqa bir şey deyil. Ona görə də, İrandakı anti-Azərbaycan dairələrinin ölkəmiz əleyhinə təxribatlarına son qoyulmalı, bunlar durdurulmalıdır".


Siyavuş Novruzov: "İran Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır"


YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da İran məsələsinə toxundu. S.Novruzov bildirdi ki, İranın ABŞ-a gücü çatmadığı üçün Azərbaycanın üstünə düşür: "Ölkəmizdə olan səfirliklərin qarşısında Azərbaycandakı səfirliyin olması yazılır. Amma İran səfirliyində isə qeyd olunmayıb ki, bu bina İranın Azərbaycan Respublikasındakı səfirliyidir. İran Azərbaycanı qısqanır. Azərbaycanda prezident səviyyəsində dəfələrlə bəyan edilib ki, Azərbaycan öz ərazisindən İranın vurulmasına imkan verməyəcək. Azərbaycana xeyli təzyiqlərin olmasına baxmayaraq, bundan imtina etdi. İranın ABŞ-a gücü çatmır, düşür Azərbaycanın üstünə. Hardadır ədalət, hardadır bəs müsəlmançılıq? Səfiri geri çağırıb, təlimat verib geri göndərəcəklər".

S.Novruzov daha sonra "İctimai Palata"nın mayın 21-də keçirdiyi aksiyaya münasibət bildirərək, müxalifəti erməni lobbisi ilə əlaqədə ittiham etdi. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr var və "İctimai Palata" da bundan istifadə etməyə çalışır: "Eurovision" müsabiqəsi keçirilən məkanın 30 metrliyində onlara yer verildi. Amma orada aksiya keçirmək istəmədilər. Görünür, onlara erməni lobbisi göstəriş verib ki, Azərbaycanda mümkün qədər asayişi pozsunlar. Onlar birdəfəlik bilməlidirlər ki, istədiklərinə nail ola bilməyəcəklər".


İsa Həbibbəyli: "Bu gün ölkədə gedən inkişaf və tərəqqini həzm edə bilməyən bəzi daxili və xarici

qüvvələrin bu arzuları ürəklərində qalacaq"


Millət vəkili İsa Həbibbəyli də müzakirə olunan məsələyə münasibət bildirərək vurğuladı ki, bu gün Azərbaycanda çox xoş bir ab-hava hökm sürür: "Səbəb isə Avropanın ən möhtəşəm mahnı müsabiqəsi olan "Eurovision-2012" Mahnı Müsabiqəsinin Bakıda keçirilməsidir. Dünyanın hər yerindən gələn insanları qarşılamaq üçün ölkədə ciddi və yüksək səviyyəli hazırlıqlar görülüb. Əminliklə deyə bilərəm ki, insanlar Azərbaycana səfər etdikdən sonra onların münasibəti xeyli dərəcədə dəyişir. Onlar belə bir inkişaf etmiş ölkədən zəngin və maraqlı təəssüratlarla ayrılırlar".

İ.Həbibbəyli son 10 il ərzində Azərbaycanın sürətlə inkişaf edərək, regionda ən zəngin ölkəyə çevrildiyini vurğuladı: " Son 10 il ərzində Azərbaycan böyük inkişafa nail olub və bu, digər ölkələr üçün mükəmməl nümunə ola bilər. Bu gün dövlət rəhbərliyi tərəfindən ən inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün bir çox addımlar atılıb. Bu baxımdan, "Eurovision" Mahnı Müsabiqəsi ölkənin inkişafı və təbliği üçün hadisədir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunur, vacib beynəlxalq tədbirlərə ev sahibliyi edir. "Eurovision"dan sonra Bakıda digər böyük beynəlxalq tədbirlər olacaq. Bu tədbirlərin məqsədi isə ölkə və insanlar üçün daha yaxşı şəraiti təmin etməkdir. Lakin təəssüflə qeyd etmək istərdim ki, bu gün İran adlı müsəlman qonşumuz Azərbaycanın bu kimi tərəqqisini, inkişafını həzm edə bilmir. Əksinə, torpaqlarımızın 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistanla yaxın əlaqələr qurur, hətta hərbi-strateji müttəfiqi kimi çıxış edir. Eyni zamanda, İranın hakim dairələri müxtəlif şayiələr yaymaqla sözdə "gey-parad" kimi mənəviyyatımıza sığmayan məsələ ilə ictimaiyyət arasında çaşqınlıq yaratmağa səy göstərir. Ancaq buna rəğmən, ölkələrində baş verən bu kimi proseslərə göz yumur. Təbii ki, İranın bu cür addımları yalnız özünün ziyanına işləyən məsələdir və heç bir ağıllı adam onların belə yalanlarına, böhtanlarına inanmır. Sonda bir daha vurğulamaq istərdim ki, bu gün ölkədə gedən inkişaf və tərəqqini həzm edə bilməyən bəzi daxili və xarici qüvvələrin bu arzuları ürəklərində qalacaq. Onların bütün səylərinin qarşısı Azərbaycan xalqı tərəfindən alınacaq".


Bahar Muradova: "İran rəsmilərinin "Azərbaycan Respublikası" kəlməsini deməyə dilləri gəlmirsə, biz necə münasibət göstərməliyik?"


Milli Məclis Sədrinin müavini Bahar Muradova deputatların "Eurovision" Mahnı Müsabiqəsi və İranla bağlı narahatlıqlarını bölüşdü. B.Muradova bildirdi ki, bəhanə axtaran həmişə axtarıb tapır: "Amma Azərbaycan öz siyasətini kiminsə bəhanəsinə görə qurmur. Əgər İran rəsmilərinin "Azərbaycan Respublikası" kəlməsini deməyə dilləri gəlmirsə, "Bakı dövləti" deyirlərsə, biz necə münasibət göstərməliyik? Onlar Azərbaycanın dünyəvi istiqamətdə inkişafını görmək istəmir, onu İranın bir vilayəti kimi görmək istəyir. Təəssüf ki, İranın bu siyasətinə Azərbaycanda dəstək verən dairələr tapılır".

Məsələ ilə bağlı millət vəkilləri Azay Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, İlham Məmmədov və başqaları çıxış edərək, İranın apardığı siyasətin nə İrana, nə də Azərbaycana xeyir gətirdiyini bildirdilər. Eyni zamanda, "İctimai Palata"nın Bakının ən qaynar yerlərində aksiya keçirməsi ilə İranda Azərbaycan əleyhinə keçirilən aksiyaların fərqlənmədiyini də söylədilər.


"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının Yerevanda

keçiriləcək 39-cu plenar iclasına qatılmış Azərbaycan nümayəndə heyəti təxribatla üzləşib"


YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı iclas zamanı söz alaraq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Yerevanda keçiriləcək 39-cu plenar iclasına qatılmış Azərbaycan nümayəndə heyətinin təxribatla üzləşdiyini bildirdi: "Ermənistan mətbuatı məlumat yayıb ki, guya bizim deputatlar Yerevandakı qondarma soyqırımı məzarını ziyarət ediblər. Mən nümayəndə heyətinin üzvləri ilə əlaqə saxladım. Məlum oldu ki, bu xəbər yalandır. Həmin tədbir vaxtı onlar İrəvanda olmayıblar, olsaydılar da, getməyəcəkdilər".

Qeyd edək ki, QİƏT Parlament Məclisinin vitse-prezidenti Asəf Hacıyevin başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Musa Quliyev və Jalə Əliyeva daxildir. Hazırda onlar Yerevandadırlar.


Ziyafət Əsgərov: "İt hürər, karvan keçər..."


Milli Məclisin Sədrinin birinci müavini Ziyafət Əsgərov İrandakı anti-Azərbaycan çıxışlara münasibət bildirərkən, qeyd etdi ki, Azərbaycanın çörəyini yeyənləri başa düşmək olmur: "İt hürsə də, karvanımız keçəcək. Təəssüf ki, bəzən bizə çaqqallar, tülkülər də hürür..."

Sonra Milli Məclis "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Azərbaycan Respublikası hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında", "Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlər, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimliyi ilə bağlı yaş senzi tətbiq etməsi barədə qanunvericiliyə dəyişiklik edib.

Milli Məclis bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlara da dəyişiklik edib. Həmçinin, Milli Məclisin plenar iclasında "Əqli mülkiyyət haqqında hüquqların təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun qəbul olunub. Bununla da Milli Məclis növbəti plenar iclasını başa çatdırıbdır.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər