PDF Oxu

Əsas

  • 16

Azərbaycan dünyanın mədəniyyət və tolerantlılıq mərkəzlərindən biridir

Azərbaycan dünyanın mədəniyyət və tolerantlılıq mərkəzlərindən biridir

"Eurovision" Mahnı Müsabiqəsi arealının şərqində yerləşən Azərbaycanın bütün Avropaya mədəniyyətini və xalqını tanıtmaq, qonaqpərvərliyinin şahidi olmaq imkanını yaradıb. Ölkəmiz ta qədimdən "Odlar Yurdu" kimi tanınır. Azərbaycanın Odlar Diyarı olduğunu əks etdirmək və "Eurovision" ab-havasını yaşatmaq üçün məhz builki müsabiqə "Light Your Fire" şüarı altında keçirilir.

Məlum olduğu kimi, 57 illik tarixə malik "Eurovision" Mahnı Müsabiqəsi avropalıların ən sevimli televiziya şousu olmaqla yanaşı, həm də musiqi sahəsində ən geniş miqyaslı mahnı müsabiqəsidir. Belə bir müsabiqə layihəsinə iştirakçı kimi qoşulan Azərbaycanın "Eurovision"da 4 illik tarixçəsi var. Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində iştirakının ilk təşəbbüskarlarından biri və bu mötəbər layihədə ölkəmizin iştirakını dəstəkləyən Heydər Əliyev Fondu olub. Azərbaycanın müsabiqəyə qatıldığı elə ilk ildən onluğa düşməyə müvəffəq olması da musiqi sənətimizin zənginliyini özündə ehtiva edir. 43 dövlət təmsilçisi arasında fərqlənən Azərbaycan qısa zamanda Avropa izləyicilərini valeh edə bildi. Təbii ki, yüksək pillələrdə qərarlaşan Azərbaycan, nəhayət, 2011-ci ildə tarixi qələbəsini əldə etdi. Müsabiqədəki qalibiyyət Azərbaycana vəsiqə verdi.

Hazırda paytaxt Bakıda 57-ci "Eurovision" Mahnı Müsabiqəsinə ciddi hazırlıq gedir. Müsabiqəyə sayılı günlər qalıb. Məhz bu ay Avropanın 42 ölkəsi Odlar Yurdu Azərbaycanda "Light you fire" şüarı altında bir araya gələcək. Belə ki, müsabiqənin bu şüar altında keçirilməsi təsadüfi deyil. Azərbaycanın dördüncü cəhdindən sonra belə bir müsabiqəyə ev sahibliyi etməsi elə ölkənin gücünü özündə göstərir.

Artıq dünya ölkələri Bakı səhnəsində "məşəlini alovlandır"ırlar. Belə ki, "Eurovision" Mahnı Müsabiqəsi-2012 çərçivəsində iştirak edən təmsilçilərinin "Bakı Kristal Zalı"nda ilk məşqləri və mətbuat konfransları keçirilir. Belə ki, Monteneqro təmsilçisi Rambo Amadeus, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, Latviyadan Anmari, İslandiya təmsilçisi Qreta Salome və Jonsi, Albaniyanın nümayəndəsi Rona Nişliu, Rumıniya təmsilçisi "Mandinga", İsveçrə təmsilçisi "Sinplus", Belçikadan İris və Finlandiya təmsilçisi Pernilla və başqaları möhtəşəm səhnədə mətbuat konfransları keçirməklə yanaşı, məşqləri də uğurla davam etdirirlər.

Təmsilçilər Xəzər dənizi sahilində inşa olunmuş arenanın möhtəşəmliyinə valeh olublar. Onlar Bakıya olan sevgilərini və məhəbbətlərini dilə gətiriblər. Buradakı ab-havanın ilk gündən onlara xoş təsir bağışladığını və məmnun olduqlarını söyləyiblər. Hətta arenada hər bir incəlik bütün detallarına qədər onların nəzərindən yayınmayıb. "Eurovision-2012" keçirilən günlərdə milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq, Bakıya toplaşanları gözəl musiqinin ahəngi birləşdirəcək. "Eurovision-2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva keçirilən mətbuat konfranslarının birində bu müsabiqənin musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi qiymətləndirib: "Bu dəfə bu mötəbər müsabiqə dünya musiqisevərlərinin diqqətini müsəlman Şərqində ilk opera və ilk baletin, YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən "Qarabağ şikəstəsi" kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəldir".

Azərbaycan dünyanın istənilən mərkəzindən aydın və işıqlı görünür. Dünyanın bir çox ölkələrinin ekranlarından yayımlanan verilişlərdə belə bu ab-hava duyulmaqdadır. Belə ki, may ayının 14-də Rumıniyanın dövlət televiziyası - TVR-1-də "Eurovision-2012" Mahnı Müsabiqəsi haqqında yayımlanan verilişdə ölkəmizdəki əhvali-ruhiyyə sezilib. Verilişdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun həmin ölkə nümayəndəliyinin əməkdaşları da dəvət edilib. "TVR-də görüşək" həftəlik şou-proqramında, həmçinin, ölkəmizdə keçiriləcək "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsində Rumıniyanı təmsil edən "Mandinga" qrupu haqqında məlumat da yer alıb. Təmsilçilərimiz Azərbaycanın dünyanın mədəniyyət və tolerantlılıq mərkəzlərindən biri olduğunu, eləcə də, "Eurovision 2012" müsabiqəsinə hazırlıq barədə rumın tamaşaçılarına məlumat veriblər. Daha sonra həmyerlimiz Səbinə İlizarova milli geyimdə əlində nar şirəsi dolu sürahi və milli yeməklərindən ibarət sini ilə səhnəyə daxil olub. Bu görüntülər Azərbaycanla bağlı olan bir çox reallıqları özündə cəmləşdirib.

Artıq dünya ölkələrinin bir çoxunda yayımlanan bu səpkili verilişlərdə Azərbaycanı əks etdirən görüntülər dünya ictimayyətində şəhərimizlə bağlı görüşləri da zənginləşdirir.


NƏZAKƏT

Digər xəbərlər