"Azərbaycan dəfələrlə bəyan edib ki, İranla hər zaman olduğu kimi bundan sonra da-bu gün də və gələcəkdə də dostluq, qardaşlıq, yaxın qonşuluq münasibətlərini saxlamaqda maraqlıdır".
SİA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) Sədrinin müavini Bahar Muradova deyib. Xanım millət vəkili deyir ki, Azərbaycanın bir dövlət olaraq inkişafı bir çoxlarını qane etmir: "Məhz buna görə istənilən halda iki qonşu dövlət arasında nifaq səpənlər bunu öz maraqları üçün edirlər. İstər İran daxilində olan ayrı-ayrı qruplar, istər İran və Azərbaycanı daim münaqişə vəziyyətində görmək istəyən digər Qərb və beynəlxalq dairələr bu nifaq toxumunun səpilməsindən, bu qarşılıqlı ittihamlardan öz maraqları üçün yararlanmaq istəyirlər".
Vitse-spiker deyir ki, Azərbaycanda müəyyən olunmuş qanunlar çərçivəsində fəaliyyət göstərən vətəndaş üçün təhlükə yoxdur. Onun sözlərinə görə, bu günədək "Eurovision-2012" müsabiqəsi ətrafında müxtəlif fikirlər, şüarlar səsləndirilib, çağırışlar olub: "Amma işin gedişi onu göstərir ki, belə çağırışlar, açıqlamalar beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsinə kölgə sala, onun məqsədlərinə, hədəflərinə çatması üçün maneə törədə, müsabiqənin Azərbaycan üçün əhəmiyyətini aşağı sala bilməz. Kimlərinsə aclıq aksiyasına başlaması, prezidentə müraciət etməsi onların hüququdur. İstənilən məsələyə münasibətini sərgiləməyin yollarını onlar özü seçirlər. Ancaq təbii ki, bütün bunlar qanun çərçivəsində həyata keçirilməlidir. Prezidentə hər bir vətəndaşın, o cümlədən, ictimai-siyasi məsələlərdə, proseslərdə yer alan insanların müraciət etmək hüququ var. Görünür, həmin şəxslər də bu hüququndan istifadə edib".