PDF Oxu

Əsas

  • 16

Bir yüyənsiz köhləndi xatirinə

Bir yüyənsiz köhləndi xatirinə

Gözümmü, ağlımmı, qəlbimmi, haqlı,

Bu yaşımda nə dəyişim, nə danım,

Bir ömür karvan olub yol gedir. Ömrün içindən ömrə paylanan illər zamanın atınımı çapır, sürət qatarı ilə yolmu alır, yoxsa ömrə calanan saniyələrlə addım-addım yol gedir? Bilmirəm. Təkcə onu bilirəm ki, hansı sürətlə yol almasına baxmayaraq, ömürə cığırlar, izlər salır. Neçə-neçə yolun naxışı vurulur. Bu yola düşən izlərdən ömürlər şaxələnir, cığırlar açılır. Kədərli, sevincli, nəşəli, ələmli yollar dünyanın hansı bir nöqtəsindən boylansan sənin kimliyini düşünməyə vadar edir. Bu axtarış keçmişə, torpağa, bu günə, tarixə səni yaxınlaşdırır. Azərbaycanın haradan başlanıb, keçdiyi tarixi yolun izi səni səndə tapır. Bu yolun keşməkeşi səni özünə qaytarmayana qədər "itər qəlb istisi, canı isinməz, nə yesə, ağzının dadı bilinməz". Bəli, ömürün yola salınan illərində yaşanılanlar səni bu kəlamları işlətməyə vadar edir. Qəlbinin çırpıntılarını kağıza köçürən Sona xanım Vəliyeva kimi. Torpağın qoxusunu içinə çəkən, bu məfhumun müqəddəsliyini anlayan xanımın qəlbinin titrəyişidir bu ifadələr. Torpağın aldığı nəfəsi duymaq, onun üstündə gəzərkən nələr keçirdiyini anlamaq üçün ürəyini torpağa yaxınlaşdıran Sona xanım bu səsi dinləyib. Dünyanın ən gözəl musiqisidir Vətənin səsi, dünyanını ən gözəl qoxusudur vətən qoxusu, dünyanın ən gözəl ahəngidir torpağın ritmi, dünyanın ən gözəl rəngidir torpağın rəngi. Sakit, aydın ahəng insan ruhunu Tanrı ilə bağlayar. Bu ali və bəşəri hisslər Vətən qoxusu, torpağın isti nəfəsi, cadar olmuş qəlbin torpaq sevgisi Sona Vəliyevanın misralarından yan keçmir. Bir ömrün 50 ilinə çaparaq bu hisslərlə yol alan Sona xanım şaxələnmiş dünyasında məqsəd yoluna çatmaq üçün zamanla ruhi dünyasını bir araya gətirir və varlığı ilə zehni məhsulunun gücündən Azərbaycana bacardığı qədər paylamağa çalışır. Elə bu istəklə də çətin, məsuliyyətli həyata vəsiqə alıb. Ömrünü axtarışa, səmərəli işlərə həsr edən xanımın özü də hiss etmədən tərcümeyi-halına çox ifadələr həkk olunub.

Filologiya elmləri namizədi, jurnalist, azərbaycançılıq ideologiyası sahəsində yazıb-yaradan, elmi yaradıcılıq fəaliyyəti ilə vətəndaşlıq mövqeyini ortaya qoyaraq yorulmadan çalışan Sona xanım Vəliyevanın Azərbaycançılıq hissi ruhi qidasına çevrilib. Milli Televiziya və Radio Şurasının üzvü kimi bu sahədə xidmətləri açıq-aydın görünür. Milli-mənəvi dəyərləri qorumağa xidmət edir. "Kaspi" qəzetinin ənənələrini layiqli şəkildə davam etdirir. Kaspi Təhsil Mərkəzinin əks-səda doğurması onun rəhbərliyinin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, o, Azərbaycan təhsilinə, tədrisinə böyük diqqət ayırır. Təhsilə münasibətdə maarifçi mövqedən yanaşan Sona xanım Azərbaycan gənclərini elmli, savadlı olması üçün böyük məsləkini gerçəkləşdirmək əzmi ilə çıxış edir.

Dünyada ən böyük sevgisi, torpağa olan sevgidir. "Bu, danılmaz ilk sevgidir. Məsələ bundadır ki, bu söz çox deyildiyindən onun səmimiliyinə inam azalıb. Bütün sevgilər ötür. Anaya, torpağa olan məhəbbət ötüb keçmir. Torpaq əldən gedəndə, insan dünyasını itirir". Sona xanım dünyanı sevən, onun varlıqlarının dərdini öz dərdi bilən insan olduğundan, bu ifadələri onu tamamlayır. Kimliyindən asılı olmayaraq, hər kəs onun üçün Azərbaycan övladı, Tanrının yaratdığı məxluq olduğunudan sevgisi aliləşir, bəşəriləşir, parçalanır və paylanır. Hər bir addımı, diqqəti ilə humanistliyi onun ali dəyərlərini ortaya qoyur. Bu da onun vətənə sevgisidir.

Vətənə olan sevgisi, Azərbaycançılıq ruhunu, millidərki Sona xanım həyata atdığı ilk addımlarda yaşadı. Orta məktəbli bir şagirdin artıq yaddaşının dərinliyində bu hiss özünü tapmışdır. Belə ki, "Hardan başlanır vətən" mövzusunda inşa müsabiqəsi keçirilərkən, Sona xanım "vətən mənim yaşadığım evimizdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır"- yazmışdır. Bu sevgini daxilində gəzdirə-gəzdirə onun miqyasını genişləndirdi. Özü də hiss etmədən vətən alovunda necə alışıb, tüstüləndiyini görmədi. İllər illərə calandı. Yollar çarpaz da oldu, eniş də, yoxuş da, amma onun üçün evin kandarından başlanan vətən sevgisinin yolunda bir çəpər belə qalmadı. Hər şeyi bu yolda adlayıb keçməyə hazır olan ruhun içindən boylandığını hiss etdi. Yolunun necə qət etməsini aydın görən Sona xanım Vətənin onun üçün əziz məfhum olduğun bildiyindən, elə uşaqlıqdan məramı olan bir arzuya doğru yol aldı. Elə bir alim kimi vətən yolunda işıq salmaq üçün elmi işini də bu mövzunu seçdi. "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası". Sona xanım "Mövzu gərək damarlarından gəlsin ki, onu layiqli təqdim edə biləsən..."-deyir. Bu yolu seçdiyindən də həm zaman özünü xoşbəxt sanıb, odur ki, yaradıcılığında işıqlı xətt görünür. Onun işıq üzü görmüş "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi", "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası" kitabları yaradıcılıq görüşlərini və milli özünüdərki özündə ehtiva edir.

Milli kimliyimizin tanınması, böyük bir tarixi mədəniyyəti olan və dünya sivilizasiyasına töhfələr verən türk övladının böyüklüyünü daha da dərindən qabartmaq üçün yorulmadan əzmlə çalışır.

İctimai, elmi, publisist fəaliyyətdə məqsədinə doğru yol alan Sona xanım özünü xoşbəxt sanır: "Allaha min şükür, hər sahədən xoşbəxt qadınam, amma hər birimizin içində müşkül bir dərdimiz var, torpaq bütövlüyü. Bu, məni ana kimi də narahat edir, qadın kimi də, vətəndaş kimi də. Bəlkə çoxlarına qəribə gələcək, bu dərddən çox danışılıb, çox deyilib, amma hər birimiz onu yaşayırıq. İşimdə də, həyatımda da nailiyyətlərimi azaldır, tamlığıma xələl gətirir". "Bütövlüyə tamarzı" qalan şairənin tam şəkildə xoşbəxtlik içində yaşaması torpağın, vətənin bütövlüyünü görüb, bu tamlıq içində qol-qanadının miqyasını genişləndirməkdir. "Torpaq getdi, yurd talandı" -deyən şairə dünyanın ən böyük dərdini zərif çiyinlərində gəzdirir.

Dünyanı dərk etdiyi, gördüyü və duyduğu şəkildə qələmə alır. Artıq göz yaddaşı, qulaq yaddaşı onun yolunu müəyyələşdirib. Dünyanı ağ-qara görmək üçün "gərək əlifbadan başlayım", -deyir Sona xanım:


Mən layla eşitdim çəhrayı rəngdə,

Mən öyüd eşitdim çəhrayı rəngdə.

Üzümdə göz yaşım möcüzə, vallah,

Görsən, inanmazsan - çəhrayı rəngdə.


Onun yaradıcılığından keçən yolda nələrlə tanış olursan? Beşikdə çalınan layla, ata ocağının hərarəti, məktəbdə aşılanan vətən sevgisi, gənclik dövrünün sevgi hissləri və bunların cəmində formalaşmış vətəpərvər bir xanımın vətən yolunda xidmətləri, daha nələr, nələr...

Bir yüyənsiz köhləndi xatirələrim,

Ata evim.

Hər gecə yuxuma gələrsən,

Ruhuma dinclik gətirərsən.

Üstü dolu gilasıyla, tutuyla

Gözümə, könlümə toxluq əkərsən-

- deyən Sona xanım paylı-boğçalı evin surətində keçirdiyi uşaqlıq illərində xoşbəxt dəqiqələrini yaşayır. Nəyin bəzən möhtacı olduğunu özü də bilmir. Və xitabən onu qınamamağı rica edir. Bəzən həzin bir şeir oxumaq, bəzən Allahdan möhlət diləmək, bəzən bir havasız havanın çalınmasını, bəzən həsrətin sevinclə üz-üzə gəlməsini və kəsilən məktublarına cavab istəyir. Bu dolaşıq dünyada yolar ayrıcında dayanır.

Sona Vəliyevanın yaradıcılığında poetik obrazlar bir-birini əvəzləyir. Azərbaycan xalqının sevilən qəhrəmanları, söz, sənət boğçasının biliciləri, kimlər, kimlər bu qələmin qonağı olmur. Qəhrəmanları içərisində dərdini ovutmağa yol alır:


Gəlmişəm yanında sirdaş olmağa,

Dayanaq əl-ələ, budaq-budağa.

İçimi göynətdi çəkdiyim dərdlər,

Gəlmişəm yanında ağac olmağa.


Vətən torpaqlarının itirilməsindən, xalqın zaman-zaman gücsüzləşməsindən doğan kədər hissi müəllifin "Arazbarı" kitabında xüsusilə diqqətə çəkilir:

Göyçədi, Şuşadı, Təbrizdi,

Dərd köhnəldi, təzələndi.

Yanan küldüm, közərdim,

Odum boyumdan yuxarı-

Arazbarı.

Sona Vəliyevanın poeziyası sevgili, səmimi, təmiz, nisgilli bir poetikadır. Vətən həsrəti, Araz dərdi, Xudafərin bu poetikada məzmunlu, təsirli, ürəkağrıdıcıdır. Müasir həyatla tarixi keçmişimizi yaradıcılıqda birləşdirən Sona xanımın misra yükü fəlsəfi, dərin və genişdir. Bu fəlsəfəni duymaq, ondan bəhrələnmək bir ömrə sağlam güc, möhkəm iradə, ən əsası isə vətənlə yaşamaq sevgisi verir.

Dərdlərə büründükcə böyüdü Sona xanım, qəlbini misralarında - bir yuvada yaşatdı. Nələr keçdi bu kiçik bir ürəyin "dolanbac yollar"ından. Kimlərə qapı açıldı bu məkada. Kimlər sevincli anların yaşayıb, həyata yenidən yaşamaq üçün gəldi bu balaca evin isti nəfəsindən. Budur, Sona dünyasının yarım əsrlik yolu. Karvan hələ yol gedir. O məkana çatmaq üçün yol gedir. Ağırır-ağır, aram-aram.. Tələsmir... Tələsmir ki, dərdə davam gətirəcək illərə naxış salsın. Dünya çəhrayı rəngindən dönməsin.


Gözümmü, ağlımmı, qəlbimmi haqlı,

Bu yaşımda nə dəyişim, nə danım,

Dünyanı ağ-qara görmək üçün mən,

Gərək əlifbadan başlayım, canım.


ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər