Binəqədi rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşəbbüsü ilə 28 May- Respublika Günü münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbir iştirakçılarını salamlayaraq, bayram münasibəti ilə təbrik etdi. Rayon icra başçısı tarixi yola nəzər salaraq, bildirdi ki, 28 May Respublika Günü Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür: "Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi bir hadisə oldu".
1991-ci ilin 18 oktyabrında əldə edilən müstəqilliyin bu mübarizənin məntiqi nəticəsi kimi tarixə düşdüyünü qeyd edən rayon icra başçısı bildirdi ki, Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, hakimiyyətin tez-tez dəyişilməsi müstəqilliyimizi təhlükə altına alırdı. X.İsgəndərov vurğuladı ki, 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən Ulu Öndərimiz xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən belə danışa bilməzdik. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan çox böyük uğurlara imza atıb - atəşkəsə nail olunub, "Əsrin müqavilə"si imzalanıb, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunub, iqtisadi göstəricilərə görə dünya dövlətləri ilə eyni cərgədə dayanır. Bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla, həm də məqsədyönlü şəkildə davam etdirilir.
Tədbirdə çıxış edən fəlsəfə elmləri doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, politoloq Həsən Bayramov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımlar başa çatmasa da, qısa müddətdə həyata keçirilən tədbirlər xalqın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində rol oynamışdır.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar-siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, 1918-ci il mayın 28-də təşəkkül tapan Azərbaycan Cümhuriyyəti 23 aydan sonra dağıdıldı. 1991-ci il oktyabrın 18-də ikinci dəfə müstəqilliyimiz bərpa olundu və üçrəngli dövlət bayrağımız dalğalandı. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasının təməlini qoyan Heydər Əliyevin bütün mənalı həyatını öz xalqına bəxş etdiyini diqqətə çəkən E.İbrahimov Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın gündən-günə inkişaf etdiyini bildirdi: "Bu gün Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, əhalinin sosial rifahı yaxşılaşır".
Milli Məclisin deputatı Rafael Cəbrayılov çıxışında Azərbaycan Cümhuriyyətinin müsəlman Şərqində ilk dəfə qurulmuş demokratik bir dövlət kimi xarakterizə etdi.
Tədbirin sonunda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər saldı. O, müasir müstəqil Azərbaycanın əldə etdiyi uğurlara da diqqət çəkərək, bu gün ölkənin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının ölkə həyatındakı rolundan danışdı. N.Xəlilov bildirdi ki, bu gün partiyanın sıraları daha da genişlənməkdədir. Partiyaya gənclərin axını daha çoxdur. Belə ki, hazırda YAP rayon təşkilatının sıralarına qəbul olunmaq üçün 50 nəfər gənc müraciət edib. Sonra tədbirdə həmin şəxslərin bir neçəsinə üzvlük vəsiqələri təqdim olundu.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə, rayon təşkilatını bir qrup gənci mükafatlandırıldı.
ZÜMRÜD