Oqtay Əsədov: "Avroparlamentin qərarı Azərbaycanın inkişafına qərəzin göstəricisi sayıla bilər"
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin keçirilən plenar iclasında millət vəkilləri Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz etdilər. İclasda çıxış edən spiker Oqtay Əsədov bir neçə gün öncə Azərbaycanın "Eurovision-2012" beynəlxalq mahnı yarışmasına ev sahibliyi etdiyini söylədi. Bildirdi ki, bu möhtəşəm tədbirdə Avropanın 42 ölkəsinin təmsilçisi iştirak etdi və bütün müşahidəçilər bu yarışmanın çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar.
O.Əsədov, həmçinin, onu da vurğuladı ki, bir çox iddiaların əksinə olaraq, Azərbaycan qısa bir zaman ərzində bu tədbirlə bağlı hazırlıq işlərini yüksək səviyyədə başa çatdırdı, "Krystall Hall" istifadəyə verildi, Dənizkənarı Milli Parkda əsaslı yenidənqurma işləri aparıldı və nəticədə tədbir uğurla başa çatdı: "Bununla əlaqədar olaraq, parlament adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, eyni zamanda, deputat həmkarımız, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, sözügedən tədbirin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı isə ürəkdən təbrik edirik. Bu tədbir, təbii ki, dostlarımızı, bizi istəyənləri sevindirdi, eyni zamanda, ilk gündən bu tədbirlə bağlı mənfi rəy söyləyənləri, qaralama kampaniyası aparanları bir daha məyus etdi. Bu, sadəcə, onların Azərbaycanın inkişafına olan qısqanclığından irəli gəlirdi".
Sonra Avroparlamentin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qətnaməsinə toxunan O.Əsədov onu da bildirdi ki, o, ötən həftənin şənbə günü bu qətnamə ilə bağlı fikirlərini və etirazını adıçəkilən qurumun rəhbəri Şultsa ünvanladığı məktubda ifadə edib: "Mən həmin məktubumda da qeyd etmişəm ki, Avroparlamentin belə bir tələsik iclas keçirməsi və Azərbaycanla bağlı heç bir əsası olmayan qətnamə qəbul etməsi ölkəmizin inkişafına qarşı qısqanclığın və qərəzin əyani sübutudur. Hələ Ulu Öndərimiz Heydər Əliyevin zamanından Azərbaycandan insan hüquqları və demokratiya məsələləri ölkənin ən mühüm prioritetlərindən biri kimi qəbul olunub və bu gün də olunmaqdadır. Heç təsadüfi deyil ki, Azərbaycan insan hüquqları ilə bağlı heç bir beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurasının bərabərhüquqlu üzvüdür. Ölkəmiz 2001-ci ilin yanvarından bu qurumda tam və bərabərhüquqlu üzv kimi aktiv şəkildə fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında Əməkdaşlıq Komitəsi mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq, ötən il Avroparlamentin və "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycanın yaxından iştirakı, təsisçiliyi ilə "Avronest" Parlament Assambleyası yaradılıb və bir müddət öncə Azərbaycan, Milli Məclis bu qurumun 2-ci sessiyasına yüksək səviyyədə ev sahibliyi edib. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın inkişafını götürməyən bəzi dairələr, o cümlədən, erməni lobbisi və onun təsiri altına düşmüş bəzi avroparlamentarilər ölkəmizə qarşı qaralama kampaniyasından əl çəkmirlər. Məhz bu səbəbdən də, Avroparlament Azərbaycana qarşı son dərəcədə əsassız və qərəzli bir qətnamə qəbul edib. Şəxsən öz adımdan bu qətnaməni pisləyir və onu Azərbaycana qarşı qərəzin nümunəsi kimi qiymətləndirirəm".
Azay Quliyev: "Qətnamədə səslənən iradlar əsassız və qeyri-obyektivdir"
Millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edərək, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə toxunaraq, səslənən iradları əsassız və qərəzli adlandırdı. A.Quliyev Azərbaycanda QHT-lərə və müstəqil mediaya təzyiqin olması ilə bağlı qətnamədə qeyd olunan məqamlara etiraz etdi: "Adıçəkilən qətnamədə Azərbaycanda QHT-lər və media ilə bağlı qeyd olunub ki, onlara qarşı təzyiqlər var. Amma mən onların diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycanda hər bir QHT-yə dövlət tərəfindən müəyyən vəsait ayrılır. Eyni zamanda, qətnamədə qeyd olunur ki, Azərbaycanda müstəqil mediaya qarşı amansız mübarizə hökm sürür. Bu məsələdə Azərbaycan Prezidentinin adının çəkilməsini mən heç cür qəbul edə bilmərəm. Bu yanaşma doğru deyil. Qətnamədə səslənən iradlar əsassız və qeyri-obyektivdir".
Səməd Seyidov: "Mən sabah bu çıxışımı Avropa Şurası Monitorinq Komitəsində də səsləndirəcəyəm"
Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov da məsələ ilə bağlı geniş açıqlama verdi. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz edən millət vəkili ikitərəfli münasibətlərə yenidən baxılmalı olduğunu qeyd etdi: "Biz münasibətlərimizə yenidən baxmalıyıq və bu münasibətlərin yenidən təhlil etməliyik. Mən Avropa Parlamentinin ikili standartlarının çoxdan şahidi olmuşam. 2001-ci ildə biz Avropa Şurasının tam səlahiyyətli üzvü olduq. Azərbaycan işğala məruz qalmasına baxmayaraq, işğalçı və insan haqlarının pozulduğu bir dövlət kimi göstərildi. Azərbaycanın inkişafı, görünür, bir sıra qüvvələrin xoşuna gəlmədi. Bundan narahat olan erməni lobbisi başqa istiqamətdə iş aparmağa başladılar. İndi də onlar insan hüquqlarını əldə əsas tutub Azərbaycana təzyiq göstərməyə çalışırlar".
S.Seyidov qətnamədə erməni faktounun olduğunu vurğulayaraq, bildirdi ki, ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsində məğlub olduqları üçün bu addımı atmağa çalışırlar: "Azərbaycan dövləti xalqımızın istəyi ilə Avropa strukturlarında təmsil olunur. Ancaq bizə qarşı çox təzyiqlər ortaya çıxacaqsa, düşünməliyik. Ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsini uduzublar. Ona görə də insan haqları məsələsini qabartmağa başlayıblar. Mən sabah bu çıxışımı Avropa Şurası Monitorinq Komitəsində də səsləndirəcəyəm".
Mübariz Qurbanlı: "Avropa Parlamentinin rəhbəri ayrı-ayrı sifarişləri yerinə yetirir"
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında qətnamənin qərəzli şəkildə hazırlandığını və bunun Azərbaycana qarşı yeni bir təzyiq forması olduğunu bildirdi: "Onlar öz məqsədlərinə çatmaq üçün ayrı-ayrı ölkələrdən istifadə edirlər. Azərbaycana da bu baxımdan təzyiqlər olunur ki, bizdən istifadə etsinlər. Çünki onlar bizim müstəqil siyasət yeritməyimizi istəmirlər. Bizim həm də iqtisadi gücümüzün artması onları narahat edir. Almaniya parlamentində olan deputatlar, qeyd edim ki, sifarişlə işləyirlər".
M.Qurbanlı spiker Oqtay Əsədovun Avropa Parlamentinə ünvanladığı məktubda Azərbaycanın mövqeyinin ciddi şəkildə ifadə olunduğunu vurğuladı: "Burada bütün əməkdaşlığın müsbət tərəfləri, qətnamənin qərəzli cəhətləri öz əksini tapıb. Sovetlər İttifaqı dağılandan sonra düşünürdülər ki, dünyanın bir qütbündə ancaq ABŞ dayanacaq. Amma 20 il ərzində dünya çoxqütblü olub. Dünya mərkəzləri arasında mübarizə gedir. Güc mərkəzləri öz inkişafları üçün ayrı-ayrı ölkələrdən istifadə edirlər. Avropanın da bir çox ölkələri günü-gündən inkişaf edən Azərbaycanın mövqelərindən istifadə etməyə çalışır. Müstəqil siyasət yenidən Azərbaycan BMT-nin qeyri-daimi üzvü seçiləndən sonra sübut edildi. Azərbaycana iqtisadi cəhətdən təzyiq etməyə çalışırlar. Azərbaycana qarşı qaldırılan hay-küylərdə Ştrasser, Markus Löninqin "rolunu" xüsusi qiymətləndirmək olar. Onlar eyni siyasət xəttinin sifarişlərini yerini yetiriblər. Avropa Parlamentinin rəhbəri də ayrı-ayrı sifarişləri yerinə yetirməkdədir. Almaniya da Azərbaycana qarşı iqtisadi-siyasi sifarişlərdə iştirak edir. Mən bunları pisləyirəm".
Əli Əhmədov: "Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlıq münasibətlərinə yenidən baxmağa ciddi əsaslar var"
"Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlıq münasibətlərinə yenidən baxmağa ciddi əsaslar var" fikrini deyən YAP Sədrinin müavini- İcra katibi, millət vəkili Əli Əhmədov deputat Səməd Seyidovun Avropa Parlamenti ilə münasibətlərə yenidən baxılması ilə bağlı səsləndirdiyi bəyanatına münasibət bildirərkən dedi: "Parlament bununla bağlı özünün kəskin və aydın mövqeyini ortaya qoymalıdır. Bu mövqe parlamentin böyük bir hissəsini təşkil edən YAP qrupunun mövqeyi kimi ortaya qoyulmalıdır. Qoy Azərbaycan parlamentində təmsil olunan deputatlar ədalətsiz mövqe ilə əlaqədar daha ciddi müzakirələr aparsın".
Avroparlamentin qərarına etiraz məktubu hazırlamaq məqsədilə Milli Məclis komissiya təşkil etdi
Əli Hüseynli: "Avropa Parlamentinin bir qrup deputatı korrupsiyaya uğrayıb"
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Avropa Parlamentinin qərarı qərəzlidir: "Avropa Parlamentinin bir qrup deputatı korrupsiyaya uğrayıb. Bizə "Avronest" Parlament Assambleyasında təmsil olunmaq tövsiyə olundu. Bir neçə ay əvvəl Azərbaycanda bu qurumun sessiyası keçirildi, insan hüquqları ilə bağlı bir sənəd qəbul olundu. Heç o sənədə baxılmadan Avropa Parlamentində bu gün belə qərar qəbul olunub. Azərbaycan "Avronest" Parlament Assambleyasında təmsilçiliyə yenidən baxmalıdır".
Müzakirə olunan məlum məsələ ilə bağlı mitllət vəkilləri Asəf Hacıyev, Bəxtiyar Əliyev, Rövşən Rzayev, Fuad Muradov, Qənirə Paşayeva, Gülər Əhmədova və başqaları Avropa strukturları ilə münasibətlərə yenidən baxmağı zəruri saydılar.
Valeh Ələsgərov: "Azərbaycanla bağlı tez-tələsik iclas keçirib, qərar qəbul etməsi anlaşılmazdır"
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov da siyasətə qatıldığı 7 il müddətində hər gün heyrətləndiyini və təəccübləndiyini bildirdi. O, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən bəhs etdi: "Azərbaycanla bağlı tez-tələsik iclas keçirib, qərar qəbul edilməsi anlaşılmazdır. Bəlkə onlar "Eurovision" müsabiqəsi ərəfəsində belə qərar qəbul etmək istəyiblər? Bu, xırda bəhanədir. Qarabağ məsələsi ilə bağlı yüz minlərlə insanın hüququ pozulub, ancaq sənədlərdə 5-6 jurnalistin hüquqlarından yazılır. Azərbaycanın heç kimin ağzına, əlinə baxmağa ehtiyacı yoxdur, qərarlarını özü verir".
Milli Məclis Avropa Parlamentinə etiraz etmək üçün komissiya yaratdı
Millət vəkillərinin Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı qəbul etdiyi qətnaməyə etirazından sonra qərara alındı ki, Azərbaycan parlamentinin adından Avropa Parlamentinə rəsmi etiraz bildirilməsi üçün ayrıca sənəd hazırlansın. Parlamentin sədri Oqtay Əsədovun təklifi ilə deputatlardan ibarət komissiya yaradıldı. Milli Məclisin vitse-spikeri Bahar Muradovanın sədrlik etdiyi komissiya 6 nəfərdən ibarətdir.
Sonra gündəlikdə duran birinci məsələ - Səadət Bektaşinin Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı oldu. S.Bektaşi MM-in qərarı ilə Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olundu.
Parlament 2012-ci il dövlət büdcəsinə dəyişikliyi müzakirə edir
Növbəti məsələ 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi oldu. Müzakirələrdə çıxış edən İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, maliyyə resurslarının artması, öz növbəsində, imkan verir ki, hazırda Azərbaycanın dövlət büdcəsi də ildən-ilə artsın: "2011-ci ilin yekunlarına görə, Azərbaycanın böyük inkişaf yolu keçərək, öz dinamik inkişafına görə, dünyanın aparıcı ölkələrindən, söz sahiblərindən birinə çevrilib".
RƏFİQƏ KAMALQIZI