Məlum olduğu kimi, may ayının 26-da "Eurovision-2012" Mahnı Müsabiqəsi final mərhələsi möhtəşəm şou ilə baş tutduqdan sonra başa çatdı. Tam təhlükəsiz və rahat şəraitdə keçirilmiş müsabiqənin budəfəki qalibi İsveç təmsilçisi Lorin oldu və digər iştirakçılar da Avropa musiqi pərəstişkarlarının səs vermələri nəticəsində layiq olduqları yeri tutdular.
Müsabiqənin başa çatmasından bir neçə gün ötsə də, xüsusilə mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olundu və keçirildi. Müsabiqənin Təşkilat Komitəsi, Azərbaycanın aidiyyatı orqanları, Avropa Yayım Birliyi, həmçinin, İctimai Televiziya üzərilərinə düşən vəzifələri tam yerinə yetirdilər və fəxr ediləsi, qürur duyulası yarışma təşkil etdilər. Burada təhlükəsizlik, nəqliyyat, viza, qarşılama, yerləşdirmə və digər məsələlər peşəkarlıqla həll edildi. Bununla yanaşı, müsabiqəni işıqlandıran xarici jurnalistlər, eləcə də, fanklublar üçün sərbəst fəaliyyət üçün lazımi şərait yaradıldı, Mətbuat Mərkəzinin texniki təchizatı yüksək səviyyədə təşkil edildi.
Bütün reallıqlar əsasında belə bir həqiqi fikir ortaya çıxır ki, "Eurovision-2012" bu yarışmanın 57 illik tarixində ən möhtəşəm müsabiqə oldu və Azərbaycan Avropa ailəsinə yüksək səviyyəli şou təqdim edə bildi.
"Eurovision-2012" Azərbaycanın özünü dünyaya bir daha tanıtması üçün fürsət oldu
Əlbəttə ki, "Eurovision-2012" mahnı yarışması, hər şeydən əvvəl, Azərbaycanın dünyaya bir tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdi. Müsabiqə iştirakçılarının, ümumilikdə yarışmanın təşkili ilə məşğul olan nümayəndə heyətlərinin, həmçinin, xarici jurnalistlərin, turistlərin, qonaqların, fanklubların üzvlərinin və digər insanların bir neçə həftə ərzində Bakını gəzməsi, qədimliklə müasirliyin sintezindən doğan mədəniyyətimizlə tanış olması, milli mətbəximizin ləziz nümunələrindən dadması Azərbaycan, Bakı haqqında yeni təsəvvürlər formalaşdırdı. Avropadan və dünyanın digər ölkələrindən şəhərimizə gəlmiş insanlar Azərbaycanı yenidən kəşf etdilər. Odur ki, Azərbaycana səfər edən nümayəndə heyətləri, jurnalistlər, qonaqlar onlara olan diqqət və qayğıdan, tədbirin yüksək səviyyədə təşkilindən, Bakının müasirliyi və gözəlliyindən, azərbaycanlıların qonaqpərvərliyindən tam razılıqlarını ifadə etdilər, məmnun qaldıqlarını bildirdilər. Onlar, hətta Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın sürətli inkişafı, müasir cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, əhalinin rifahının yaxşılaşması və s. sahələrdə əldə edilmiş mühüm nailiyyətləri yüksək qiymətləndirdi, ölkəmizin avrointeqrasiya istiqamətində sürətlə irəliləyən ölkə olduğunu xüsusi qeyd etdilər.
Bu mənada, əminliklə demək olar ki, "Eurovision-2012" Azərbaycan üçün öz zəngin mədəniyyətini, adət-ənənələrini, milli xüsusiyyətlərini, müstəqillik illərində əldə etdiyi uğurları, o cümlədən, müasir, demokratik sosium quruculuğunu, güclü iqtisadi potensialını təqdim etmək, həmçinin, öz milli problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün gözəl fürsət oldu. Eyni zamanda, "Eurovision-2012" Azərbaycan dövlətinin güclü potensialını, onun istənilən məsələni həll etmək bacarığını, dünya səviyyəli tədbirləri təşkil etmək və keçirmək üçün geniş imkanlara malik olduğunu nümayiş etdirdi.
"Eurovision-2012" Azərbaycana dostunu və düşmənini göstərdi
"Eurovision-2012" mahnı yarışması bir sıra siyasi qərəzli oyunların da obyektinə çevrildi. Müsabiqəni siyasiləşdirən xarici və daxili anti-Azərbaycan qüvvələr ölkəmizi nüfuzdan salmaq, beynəlxalq ictimaiyyətin diqqətini süni şəkildə qabardılmış məsələlərə yönəltmək məqsədilə dövlətimizə qarşı qara piar kampaniyası başlatdılar. Erməni lobbisi, bir sıra xarici qərəzli qruplar Azərbaycan reallıqlarını təhrif edərək, ölkəmizə zərbələr vurmaq üçün bütün vasitələrini səfərbər etmişdilər. Hətta Avropanın bir sıra böyük dövlətlərindəki bəzi siyasi dairələr Azərbaycanın artan beynəlxalq çəkisindən təlaşa düşərək, dövlət səviyyəsində bu çirkin kampaniyaya dəstək vermişdilər. Bu mənada, "dost və düşmən dar gündə tanınar" fəlsəfi yanaşma Azərbaycana dostunun və düşməninin kim olduğunu aydın şəkildə göstərdi. Azərbaycan bir daha anladı ki, onun uğurlarına sevinən və nailiyyətlərinə kölgə salmağa çalışanlar hansı qüvvələrdir.
Azərbaycana qarşı olan aqressivlik və qərəz o qədər böyük idi ki, aparılan çirkin kampaniyada bir o qədər açıq təzahür edirdi. Aydın şəkildə göründü ki, Almaniyanın və Böyük Britaniyanın bəzi siyasi dairələri, xüsusi direktivlərlə hücuma keçmiş mətbuatı sürətlə inkişaf edən müsəlman bir ölkənin - Azərbaycanın uğurlarına qısqanclıqla yanaşdı, dövlətimizi gözdən salmağa çalışdı. Məhz adları çəkilən dövlətlərin Azərbaycana qarşı aparılan çirkin kampaniyada yer almasını onların siyasi palitrasında yer almış qüvvələrin aktiv fəaliyyət göstərməsi də sübut etdi. Məsələn, Almaniya Yaşıllar Partiyası, onun Viola fon Kramon və Folke Bek kimi fəalları, bu ölkənin insan hüquqları üzrə müvəkkili Markus Löninq, Avropa Şurasında qondarma siyasi məhbus məsələləri üzrə məruzəçi Kristofer Ştrasser Azərbaycana qarşı qarayaxma işində xüsusi fəallıq nümayiş etdirirdilər. Almaniyanın mətbuat orqanlarından isə "Şpigel" jurnalı, ADR telekanalı və digər KİV-lər çirkin kampaniyada əsas rupor rolunu oynamışdılar.
Böyük Britaniyada isə "BBC", "Guardian", "İndependent" və digər KİV-lər Azərbaycanın əleyhinə qərəzli, şantaj və böhtan xarakterli materiallar dərc edirdilər, ölkəmiz haqqında mənfi ictimai rəy formalaşdırmağa çalışırdılar. Lakin bu faktlar, hər şeydən əvvəl, sübut etdi ki, Qərb mətbuatı heç də iddia edildiyi kimi azad, müstəqil deyil və onlar bəzi siyasi qrupların, dairələrin konyuktur maraqlarına xidmət edirlər.
Azərbaycana qarşı başladılmış çirkin kampaniyanın ilkin mərhələsində qərəzli siyasi qərarlar və qeyri-obyektiv KİV yazıları ilə çıxışlar olsa da, bunların ölkəmizə təsiri olmadı, həmin maraqlı qruplar isə məqsədlərinə nail ola bilmədilər. Bu baxımdan da, onlar açıq şəkildə təxribatlar törətməyə cəhd göstərdilər. Belə ki, anti-Azərbaycan dairələr "Eurovision-2012" yarışmasının qalibi isveçli mügənni Lorindən, həmçinin, müsabiqədəki Böyük Britaniya təmsilçisi Engelbert Hamperdinkdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışaraq, onları siyasi bəyanatlar verməyə və çağırışlara təhrik etməyə çalışdılar. Engelbert Hamperdinkdən və Lorindən rədd cavabı alan həmin qüvvələr müsabiqənin II yarımfinalının mətbuat konfransında da öz planlarını həyata keçirmək istədilər. Lakin hər zaman olduğu kimi, bu dəfə də onların cəhdləri nəticəsiz qaldı.
İranın da müəyyən siyasi dairələri öz maraqlarına uyğun olaraq, müstəqil Azərbaycan dövlətinin dünyanın diqqət mərkəzində olmasını və möhtəşəm uğurlara imza atmasını həzm edə bilmədiyindən, ölkəmizə qarşı böhtan atmağa başladılar. İran mollaları guya Azərbaycanda geyparad keçiriləcəyilə bağlı kampaniyaya başladılar və ölkəmizdə vicdan azadlığının məhdudlaşdırıldığını iddia etdilər. Lakin nə Azərbaycan, nə də dünya ictimaiyyəti onların bu iddialarını qəbul etdi. Hətta İranın dini dairələrinin anti-Azərbaycan kampaniyası cəmiyyətimizin ciddi etirazına səbəb oldu.
Anti-Azərbaycan qüvvələri sırasında daha çox pərt olan tərəflərdən biri də Ermənistan dövləti oldu. Bu dövlət erməni lobbisilə birgə "Eurovision-2012"ni əngəlləmək üçün bütün resurslarını səfərbər etsə də, sonradan dünya ictimaiyyətinin gözü qabağında pis vəziyyətdə qaldı və bu ölkənin ictimai yayımçısı Avropa Yayım Birliyi tərəfindən cərimələndi.
Göründüyü kimi, anti-Azərbaycan kampaniyası aparmış bütün qüvvələrin ölkəmizin nüfuzuna xələl gətirmək və Azərbaycanı problemlər içində çabalayan dövlət kimi nümayiş etdirmək cəhdləri puça çıxdı. Üstəlik, həmin qüvvələr dünya ictimaiyyəti qarşısında çıxılmaz duruma düşdülər, reputasiyalarını mənfiyə doğru saldılar.
Azərbaycandakı "beşinci kolon"un da fəaliyyəti iflasa uğradı
Yuxarıda adları çəkilən anti-Azərbaycan dairələrilə fəaliyyətini sinxron şəkildə qurmuş "beşinci kolon"un da anti-milli cəhdləri uğursuzluqla nəticələndi. Baxmayaraq ki, "beşinci kolon"un təmsilçisi radikal müxalifətin nümayəndələri - Əli Kərimli, İsa Qəmbər və Rəsul Quliyev erməni lobbisi və digər qərəzli xarici qüvvələrlə əməkdaşlıq edirdi və onların resurslarından istifadə olunurdu yenə də heç bir faydası olmadı. Çünki cəmiyyət daxilində dəstəyi olmayan qüvvələrin arxasında kimin dayanmasından asılı olmayaraq, onlar əbədi məğlubiyyətə məhkumdurlar. Elə Əli Kərimli, İsa Qəmbər və Rəsul Quliyev də eyni aqibəti yaşayır. Dağıdıcı müxalifət növbəti dəfə açıq şəkildə öz anti-milli, satqın, riyakar simasını nümayiş etdirdi. Öz cılız ambisiyalarını reallaşdırmaq üçün xalqın maraqlarını tapdalayan Əli Kərimli, İsa Qəmbər və Rəsul Quliyev bir daha sübut etdilər ki, onlar məkrli niyyətlərinə çatmaq üçün istənilən qüvvə ilə, hətta ermənilərlə əməkdaşlıq etməyə hazırdırlar.
Azərbaycana qarşı aparılan çirkin kampaniyanın ilk mərhələsində erməni lobbisindən və Almaniyanın müəyyən siyasi dairələrindən dəstək alan "beşinci kolon" "yuxarıdan" gələn siyasi sifarişləri xüsusi canfəşanlıqla yerinə yetirməklə, müxtəlif qanunsuz aksiyalar keçirməklə, xarici mətbuata qərəzli açıqlamalar verməklə, Azərbaycanın imicinə xələl gətirmək üçün əllərindən gələni etdilər.
"Beşinci kolon"un digər elementi olan bir neçə QHT-dən ibarət şəbəkə "Demokratiya naminə oxu" kampaniyası adı altında müxtəlif tədbirlər təşkil edərək, beynəlxalq ictimaiyyətdə guya Azərbaycanda insan hüquqlarının pozulduğu, söz və mətbuat azadlıqlarının məhdudlaşdırıldığı haqqında rəy formalaşdırmağa çalışdılar. Hətta Leyla Yunus, Emin Hüseynov və digər anti-milli marionetkalar aldıqları qrantlar müqabilində Azərbaycana düşmən kəsilmiş xarici qüvvələrin vassalı rolunda çıxış etdilər.
Bunlarla yanaşı, xarici qərəzli dairələrin anti-Azərbaycan kampaniyasında xüsusi fəallığı ilə seçilmiş Əli Kərimli fərdi qaydada daha çox xəyanətkar yollara baş vurdu. Belə ki, müxalifət mətbuatı, xüsusilə də, "Azadlıq" qəzetinin faktiki rəhbəri Əli Kərimlinin tapşırığına əsasən, Azərbaycan haqqında böhtan xarakterli materialları, hətta Ermənistan mətbuatının dezinformasiyalarını canfəşanlıqla tirajladı və ictimai rəyi çaşdırmağa çalışdı. Bu qəzetdə dərc olunan qərəzli materiallar erməni və bəzi Qərb KİV-lərinin Azərbaycana qarşı ittihamları üçün mövzu verdi.
Məhz təsadüfi deyil ki, Əli Kərimlinin fəaliyyəti və "Azadlıq" qəzetinin qeyri-obyektiv materialları əsasında "Human Rights Watch", "Amnesty İnternational", "Freedom House", "Norveç İnsan Haqları Evi", "Sərhədsiz Reportyorlar" və bəzi digər təşkilatlar Azərbaycandakı real vəziyyəti təhrif edən qərəzli hesabatlar hazırladılar və yaydılar. Lakin bütün bunların heç bir təsiri olmadı. Bu hesabatları, nəinki dünya ictimaiyyəti ciddi qəbul etmədi, hətta Azərbaycan ictimaiyyəti etiraz səsini ucaldaraq, əsassız ittihatlara son qoymağı tələb etdi.
Bütün bu mənzərə "beşinci kolon"un getdikcə iflasa uğradığını və xaricdən daxil olan göstərişləri yerinə yetirmək qabiliyyətində olmadığı göstərirdi. Şəxsi maraqları naminə, hətta şeytanla işbirliyi quran Əli Kərimli İranın anti-Azərbaycan dairələrilə də işləməyə razılaşdı. Əlbəttə ki, hər hansı bir nəticə əldə edə bilməyən Əli Kərimlinin bu addımı Azərbaycan dövlətçiliyinə, xalqına düşmən münasibətini ortaya qoydu.
Bir sözlə, Azərbaycan dövlətinə və xalqına qarşı hazırlanmış çirkin planların "piyadaları" olan dağıdıcı müxalifətin, QHT-lərin anti-milli fəaliyyəti də iflasa uğradı və onlar xalqın gözündə daha da kiçildilər.
Anti-Azərbaycan qüvvələr və dağıdıcı müxalifət məqsədlərinə çata bilmədilər
Beləliklə də, "Eurovision-2012" yarışmasına auksioloji yanaşmamızın nəticəsi olaraq, aydın oldu ki, anti-Azərbaycan qüvvələrin və dağıdıcı müxalifətin bütün niyyətləri, cəhdləri iflasa uğradı və onlar öz məqsədlərinə çata bilmədilər. Həmin qüvvələr Azərbaycanın reputasiyasına zərbə vura bilmədilər və əksinə olaraq, Azərbaycanın nə qədər qüdrətli olduğunu təsdiqləmiş oldular. Onlar nə qədər çalışsalar da ki, Azərbaycanı qeyri-demokratik ölkə kimi tanıtsınlar, əksinə, bütün dünya Azərbaycanda dini və milli azadlıqların tam təmin olunduğunu, mövcud tolerantlığın bütün ölkələrə nümunə olduğunu, eyni zamanda, fundamental insan hüquqlarının qorunduğunu qeyd etdi. Azərbaycana gələn çoxsaylı qonaqlar ölkəmiz və xalqımız haqqında ən xoş təəssüratlarla vətənlərinə döndülər.
Bütün baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycan müstəqil və güclü dövlət kimi öz iradəsini reallaşdırmaq qüdrətinə malikdir və o, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün bütün maneələri dəf etməyi bacarır.
"Səs" analitik qrupu