Bu gün - 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilmiş, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulmuşdur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdə davam edir. Azərbaycanın qoşulduğu BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasına görə, ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Bu baxımdan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib. Proqramın əsas məqsədi BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsi, alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsidir.
Məlum səbəbdir ki, Azərbaycanda bir sıra dövlət təlim-tərbiyə müəssisələrində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, eləcə də, xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif səbəblərdən dövlət himayəsində yaşayır, təhsil və təlim-tərbiyə alırlar. Hazırda respublika üzrə qeyd olunan təlim-tərbiyə müəssisələrində 21000 nəfərə yaxın uşaq vardır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin maddi vəziyyətinin aşağı olması və digər sosial amillər dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının səbəblərindəndir.
Yetişən nəslin mənəvi-estetik tərbiyəsinin əsasını təşkil edən incəsənət, musiqi təhsili daim dövlətimizin diqqət mərkəzindədir. Uşaq musiqi və incəsənət məktəbləri, ora ixtisas məktəbləri təmir-bərpa olunur, yeniləri inşa edilir, maddi-texniki bazaları yaxşılaşdırılır, uşaqların istedad və bacarıqlarının nümayiş etdirmələri üçün yerli və xarici müsabiqələrdə iştirakları təmin edilir. Keyfiyyətli tədris üçün hər cür şərait yaradılır. "2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı", "2009-2013-cü illər Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər Proqramı" və "2009-2013-cü illər üçün Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın tədbirlər planına əsasən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görülür. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda mədəniyyət sahəsi üzrə bir sıra obyektlərdə, o cümlədən, 12 uşaq musiqi və incəsənət məktəbində yenidənqurma və təmir-tikinti işlərinin aparılması, məktəblərin texniki təchizatı nəzərdə tutulub.
Bütün bu uğurlar dövlət rəhbərliyinin daimi diqqəti nəticəsində reallaşır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uşaqlara dövlət qayğısı güclənir, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məsələsinə önəm verilir.
Uşaqlara qayğı dövlətin diqqət mərkəzində olmuş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu məsələ həmişə önə çəkilmiş, gənc nəslin sağlam böyüməsi, düzgün təlim-tərbiyə alması üçün hər bir şərait yaradılmışdır. Bu gün Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fond tərəfindən Azərbaycanın istedadlı uşaqlarının üzə çıxarılması, yetişməsi istiqamətində mühüm layihələr həyata keçirilib və bu iş bu gün də uğurla davam etdirilir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də, imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası olunması istiqamətində tədbirlər həyata keçirir.
Azərbaycanda uşaqların müdafiəsi ən önəmli məsələ olduğundan həyata keçirilən layihələr də bu məqsədə xidmət edir.
NƏZAKƏT