PDF Oxu

Əsas

  • 24

Əlvida, orta məktəb!

Əlvida, orta məktəb!

Dünən respublikamızın hər yerində, o cümlədən, Daşkəsən rayonunun məktəblərində onbirillik məktəb həyatının son zəngi çalındı. Yaddaşlarda qalacaq bugünün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirələşən bir anı olacaq. Bayramsayağı bəzədilmiş təhsil ocaqlarında qələbəlik, əsil bayram əhval-ruhiyyəsi yaşanırdı. "Son zəng"lə bağlı keçirilən tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək, məzunları təbrik etdi: "Bu gün 11-cilərin ən əziz günlərindən biri, orta məktəb həyatına əlvida deyən son zəng günüdür. Bu gün sizlər 11 il məktəb həyatına əlvida deyirsiniz. Hər bir məktəblinin keçirdiyi günlər və çalınan son zəng əbədi olaraq yaddaşlarda qalacaq. Məktəb həyatı ilə sıx bağlı olan, qaynar ömrə vida söyləyən sizlər, bu gün məzun kimi sevinc içərisində yaşayırsınız. On bir il bundan əvvəl, ilk dəfə olaraq, əllərinizə çanta alıb məktəbə yollanan, yazmağı-oxumağı öyrənən siz balacalar onbirillik məsafədən sonra bu gün artıq Azərbaycanın müstəqil vətəndaşı kimi həyata vəsiqə alırsınız. Bu vəsiqə cəmiyyətdə məsuliyyətlə addımlayacaq siz gənclərin yaşanacaq bir ömür yolundakı məqsəd və düşüncəsini reallaşdıra biləcək sənəddir".

Ə.Abıyev onu da bildirdi ki, rayon üzrə bu il 25 tam orta məktəbdə 228 nəfər gənc müstəqil həyata vəsiqə alacaqdır. Rayon rəhbəri ölkədə təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan danışaraq, söylədi ki, təhsil haqqında yeni müasir dövrün modern tələblərinə uyğun qanunun qəbulu milli təhsil proqramının daha da təkmilləşdirilməsi Azərbaycanın gələcək yeni nəslinin intellektual bazasının formalaşmasına yeni-yeni istedadlı gənclərin yetişməsinə təkan verdi: "Azərbaycan elminin rövnəqlənməsi yaxın gələcəkdə yeni istedadlı gənclərin yetişməsi, müasir təhsil sisteminin qarşısında duran başlıca prioritet vəzifələrdən biridir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında bu gün respublikamızda həyata keçirilən təhsil islahatları bu sahəyə olan dövlət qayğısının artması dövlət büdcəsindən təhsil sisteminə vəsaitlərin miqyasının ildən-ilə artması Azərbaycanımızın uğurlu sabahı naminə görülən mühüm işlərdən, mütərəqqi addımlarındandır. Əziz məzunlar, əminəm ki, bir çoxlarınız yaxın vaxtlarda arzuladığınız ali məktəblərə daxil olacaq, universitetlərimizi yüksək qiymətlərlə başa vurub, Vətənimizə və xalqımıza xidmət edəcəksiniz. Son zəng - orta təhsili başa vurmaq, həm də müstəqil həyata, yeni dövrə başlamaq deməkdir. Şübhəsiz, bu yol sınaqlı, keşməkeşli bir sıra uğurları ilə həyatınıza daxil olacaq. Azərbaycanımızın nurlu sabahını siz gənclər, yeniyetmələr təmin edəcəksiniz. Bu yol Ana Vətənimizin mövcudluğunu, gələcək uğurlarını təmin edən müqəddəs yoldur. Bu yol bizə Ulu Öndərimiz, Ümummilli Liderimiz Heydər Əliyevdən qalmış müqəddəs yoldur. Çünki xalqımızın ən böyük müəllimi Heydər Əliyev olmuşdur. Əminəm ki, hər biriniz Onun məsuliyyət yükünü aydın dərk edir, başa düşürsünüz. Buna görə də təhsil həyatınızdan sonrakı dönəmdə gənc, müstəqil Azərbaycan dövləti quruculuğu istiqamətindəki yarışmanın ön cərgələrində addımlayacaqsınız. Bu, həm də gənc nəslin qarşısında duran əsas, ümdə vəzifələrdən biri, əsil azərbaycanlı, vətənə layiqli vətəndaş olmağa aparan yolun başlanğıcıdır. Hər birinizə bir daha yeni həyat yolunda müstəqil dövrdə bol-bol nailiyyətlər arzulayıram. Arzu edirəm ki, son zəng yeni, müstəqil həyatınızın ən böyük uğurlarının ilk müjdə zəngi olsun".

Daha sonra tədbir musiqi sədaları altında davam etdirildi.


R.HÜSEYNOVA

Digər xəbərlər