PDF Oxu

Əsas

  • 53

Müstəqil həyata doğru

Müstəqil həyata doğru

Dünən Azərbaycan məktəblərində onbirillik məktəb həyatının son zəngi çalındı. Zamanın axarında on bir ili başa vuran məktəblilər son zəngi dinlədilər. Bu gündən etibarən müstəqil Azərbaycanın neçə-neçə gənci müstəqil vətəndaş olaraq həyata qədəm qoyurlar. Məktəb həyatı ilə sıx bağlı olan, qaynar ömrə vida söyləyən məktəblilər, bu gün məzun kimi sevinc içərisində yaşayır, Azərbaycanın müstəqil vətəndaşı kimi həyata vəsiqə alırlar. Bu vəsiqə cəmiyyətə məsuliyyətlə addımlayacaq gənclərin yaşanacaq bir ömür yolundakı məqsəd və düşüncəsini reallaşdıra biləcək sənəddir.

Bu baxımdan Səbail rayonunun 17 saylı tam orta məktəbində keçirilən "Son zəng" tədbirləri yaddaqalan olmuşudur. Xüsusilə də, şəhərin mərkəzindəki 6 saylı tam orta məktəbdə keçirilən son zəng tədbiri geniş bayram əhval-ruhiyyəsi ilə baş tutdu. Tədris ilinin əvvəlində yenidən tikilib istifadəyə verilmiş, Azərbaycanda təkrarı olmayan, bütün beynəlxalq standartlara uyğun bu təhsil müəssisəsinin açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Yeni binada keçirilən ilk "Son zəng" mərasimində çıxış edən 6 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova məktəb kollektivinin təhsildə qazandığı uğurlardan söz açdı. G.Orucov bildirdi ki, bu il bu məktəbi 66 məzun bitirir. Məktəbin direktoru məktəbdə şagirdlərin təhsili üçün yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.

Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladı. A.Əsgərov ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzuladı: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz bu məktəbin məzunu olmuş və burada oxuyan hər bir şagird bununla fəxr etməlidir".

A.Əsgərov onu da bildirdi ki, Səbail rayonunda 17 orta, 1 orta-ixtisas, 1 peşə məktəbi, 3 uşaq musiqi məktəbi, 17 məktəbəqədər təhsil müəssisəsi, 2 uşaq yaradıcılıq mərkəzi, 3 idman məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 2268 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 20862 şagird təhsil alır ki, bu il onların 1506 nəfəri məzundur. Həmçini, qeyd etdi ki, dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Səbail rayonunda da öz əksini tapmışdır. Son iki il ərzində rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 1 məktəb sökülərək yenidən tikilmiş, 10 orta təhsil müəssisəsi, 10 uşaq bağçası, 2 uşaq musiqi məktəbi, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 2 idman məktəbi, 1 uşaq poliklinikası əsaslı təmir olunmuş, 2 orta məktəb üçün əlavə tədris korpusu tikiliş, bu müəssisələr bütün lazımi avadanlıqlarla təchiz olunmuşlar. Hazırda Badamdar qəsəbəsində 880 şagird yerlik yeni məktəb və 120 yerlik uşaq bağçası inşa olunur. Rayonda daha 3 məktəbin əsaslı təmiri, 1 uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi aparılır ki, bu da Səbail rayonu üçün çox əlamətdar bir hadisədir.

Tədbirdə Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev və digər qonaqlar müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.

Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışlar tədbir iştirakçılarının könüllərini oxşadı. Məktəb həyatına əlvida deyən məzunlar builki birincilərə hədiyyələr təqdim etdilər. Məzunlar üçün keçirilən tədbir Səbail bağında konsert proqramı ilə davam etdi.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər