PDF Oxu

Əsas

  • 77

Uşaqlara olan diqqət və qayğı dövlətin prioritet istiqamətlərindəndir

Uşaqlara olan diqqət və qayğı dövlətin prioritet istiqamətlərindəndir

Bir neçə gün öncə "XəzərTV" kanalında Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 9 yaşlı İsrafilova Sahibə Sabir qızının atası ilə birgə heç bir yaşayış şəraiti olmayan, daş sexində yaşadıqları barədə informasiya verilmişdir. Bu hadisə informasiya olaraq böyük ictimai reaksiyaya səbəb olmuşdur. Sözügedən məsələyə ilk olaraq YAP Mərkəzi Aparatının rəhbərliyi tərəfindən reaksiya verilmişdir. Eləcə də, bu məsələnin araşdırılması və imkan daxilində köməklik göstərilməsi haqqında göstəriş YAP Xaçmaz rayon təşkilatına tapşırılmışdır.

Məhz bundan sonra genişmiqyaslı araşdırmalar aparan YAP Xaçmaz rayon təşkilatı qeyd olunanların həqiqətə uyğunluğunu aşkar etmişdir. Müəyyən olunmuşdur ki, 9 yaşlı uşaq həqiqətən də, arzuolunmaz şəraitdə yaşamışdır. Bundan sonra mühüm tədbirləri həyata keçirən YAP Xaçmaz rayon təşkilatı öz hesabına ev tikmək qərarını vermişdir. Eyni zamanda, evin daxili təchizatı da tam olaraq hazır vəziyyətə gətirilmişdir. Yeni evə insan həyatı üçün lazım olan elektrik, məişət, mebel avadanlıqları yerləşdirilmişdir. Hədiyyə olaraq verilmiş 3 otaqlı ev həm də bütün müasir standatlara cavab verir. Lakin daha bir maraqlı və sevindirici məqam ondan ibarətdir ki, yeni 3 otaqlı evin 9 yaşlı uşaq - Sahibə İsrafilovaya verilməsi xoş bir günə - 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə təsadüf edir. Həmin evin açarları YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev tərəfindən Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 9 yaşlı Sahibə İsrafilovaya təqdim olundu.

Təqdimolunma mərasimində çıxış edən N.Ağayev xüsusilə vurğuladı ki, bu gün Azərbaycanda ölkə Prezidenti İlham Əliyev tərəfindən yürüdülən uğurlu siyasətin tərkib hissəsindən biri də uşaqlara göstərilən diqqət və qayğıdır: "Bu gün ölkəmizin müxtəlif bölgələrində bu qayğı hiss olunmaqdadır. Tikilən yeni-yeni uşaq şəhərcikləri, uşaq bağçaları, məktəblər, uşaq mədəniyyət evləri bütün bu deyilənləri özündə əks etdirir. Sözsüz ki, Prezidenti İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının Sədri olaraq partiyanın istiqamət götürdüyü xəttə uşaqlar, yeniyetmələr və gənclər üçün xüsusi prioritetlər müəyyənləşdirib. Bu gün 3 otaqlı evin balaca Sahibəyə hədiyyə olaraq təqdim olunması dövlətin uşaqlara olan diqqət və qayğısının bariz nümunəsidir".


R.KAMALQIZI

Digər xəbərlər