İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı respublikamızın hər yerində geniş qeyd olunur. Dünən Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Park Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteartrında Uşaq Filmləri Həftəsi təşkil olunmuş, bir həftə ərzində hər gün 200 nəfər uşağa pulsuz 3 D həcmli uşaq filmləri nümayiş etdirilmiş, bayram ərəfəsində RİH tərəfindən rayonun müxtəlif orta təhsil müəssisələrində təhsil alan 150 nəfər uşağın "Vətən" gəmisi ilə Xəzər dənizinin Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Həmçinin, bayramla əlaqədar Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Monte-Kristo" şadlıq sarayında əlil və sağlamlığı məhdud olan, icma əsaslı reabilitasiya mərkəzində xidmət göstərilən, müxtəlif uşaq evlərində tərbiyə alan, rayonun aztəminatlı ailələrinin uşaqları üçün əyləncəli bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi, onlara can sağlığı, xoşbəxt həyat və səadət arzuladı. Bayramın tarixçəsindən danışan A.Əsgərov bildirdi ki, hazırda Azərbaycanda əhalinin 29 faizini 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar.
A.Əsgərov Azərbaycanda uşaq siyasətinin əsasının Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi: "Azərbaycan körpələri hər il Ümummilli Liderimiz Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşlar. Uzaqgörən siyasi Lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkə başçısının 2009-cu ilin "Uşaq İli" elan olunması ilə bağlı Sərəncamı Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu gün də səfərbər olunmasına yönəlmişdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikamızın ən müxtəlif bölgələrində yüzlərlə müasir məktəb binası tikilib istifadəyə verilmiş, 40-dan çox körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur".
Rayon rəhbəri bu gün dövlətimizin hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışdığını söylədi: "Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir".
Tədbir incəsənət ustalarının rəngarən konsert proqramı ilə davam etdirildi. Sonda Səbail rayon icra hakimiyyəti tərəfindən uşaqlara hədiyyələr verildi.
R.HÜSEYNOVA