Dünən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının konfrans zalında şəhər təşkilatının qadınlar şurasının təşkilatçılığı ilə "15 İyun - Milli Qurtuluş Günü tariximizin şanlı səhifəsidir" mövzusunda toplantısı keçirilib. Toplantını giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının qadınlar şurasının sədri Nazilə Cəlilova 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirib.
Sonra söz millət vəkili Leyla Abdullayevaya verilib. L.Abdullayeva qeyd edib ki, həmin dövrdə ölkədə baş alıb gedən özbaşnalıq və xaos artıq dözülməz həddə çatmışdı: "Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etdi. Bu gün bizim hər birimiz Azərbaycan xalqının dahi şəxsiyyəti, Ümummilli Lider Heydər Əliyevə borcluyuq".
Daha sonra çıxış edən Gigiyena və Epidemologiya ərazi ilk təşkilatının sədri Cahan İrzayeva, Sumqayıt şəhər İstedadlar Liseyinin direktoru Adilə Süleymanova, Etilen-Polietilen ərazi ilk təşkilatının sədri Nigar Cəfərova, YAP Sumqayıt şəhər təşkilatı qadınlar şurasının sədr müavini Səkinə Sadıxova bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın təməlini qoydu. Çıxış edənlər qeyd ediblər ki, həmin dövrdə hakimiyyətdə olan insanlar yalnız şəxsi ambisiyaları üçün mübarizə aparıblar. Məhz 15 iyun günündə Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə müharibə dayandırıldı, atəşkəs elan olundu və müstəqil Azərbaycanın inkişaf trayektoriyası müəyyənləşdirildi. Bu gün Ulu Öndərimiz tərəfindən əsası qoyulan və özündə inkişafı ehtiva edən siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
RÖVŞƏN NURƏDDİNOĞLU