PDF Oxu

Əsas

  • 55

Meliorasiya və irriqasiya sistemi yenidən qurulur

Meliorasiya və irriqasiya sistemi yenidən qurulur

Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə "Melioratorlar Günü"nü qeyd edilib. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov çıxış edərək, hər il respublikamızın bütün bölgələrində melioratorlar gününün qeyd olunduğunu söylədi: "Hər il iyunun 5-nin melioratorlar günü kimi qeyd edilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin müvəffəqiyyətli davamıdır".

N.Veysov meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında və ölkənin ərzaq probleminin həllində rolunun əvəzsiz olduğunu söylədi.

YAP Şəmkir rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev Ümummilli Lider Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının daha da inkişaf etdiyi xidmətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi: "Hazırda ölkəmizin nəhəng meliorasiya və irriqasiya kompleksi vardır. Bu sahənin inkişaf proqramı çərçivəsində irimiqyaslı layihələr həyata keçirilir və yüksək nəticələr əldə olunur. Bütün bunları nəzərə alan dövlət başçısı İlham Əliyev melioratorların əməyini yüksək qiymətləndirmiş, 24 may 2007 -ci il tarixli Sərəncamla iyun ayının 5-ni "Meliorator Günü" elen etmişdir. Dövlət başçısının Sərəncamı bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir".

Tədbirdə Şəmkir rayon sub-artezian quyuları istismarı idarəsinin rəisi Nəriman Verdiyev Ulu Öndərin respublikaya rəhbərliyinin hələ birinci dövründə - 1969-1982-ci illər ərzində bu sahəyə 2,5 milyard rubl vəsaitin yönəldildiyini söylədi: "Ulu Öndər Heydər Əliyev yenidən respublikada siyasi rəhbərliyə qayıdışından sonra ilk xarici sərmayəni bu sahəyə yönəltməklə, meliorasiya və irriqasiya sisteminin ölkə üçün nə qədər böyük əhəmiyyəti olduğunu bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bunun nəticəsində meliorasiya fondu 2 dəfədən çox artmış, kənd təsərrüfatında məhsuldarlıq 2 dəfəyə qədər yüksəlmiş, məhsulların istehsalı bir neçə dəfə çoxalmışdı".

Tədbirdə, həmçinin, rayon suvarma sistemləri idarəsinin rəisi Vaqif Məmmədov, rayon maşın-kanal istismarı idarəsinin rəisi Akif İbrahimov, rayon sub-artezian quyuları istismarı idarəsinin rəisinin birinci müavini Məmmədsadıq Quliyev, rayon melioratorlarından Akif Xəlilov, Sadıx Abdullayev və başqaları peşə bayramı münasibətilə mərasim iştirakçılarını təbrik etdilər. Çıxış edənlər dövlət başçısı İlham Əliyevin Ümummilli Liderin meliorasiya və irriqasiya sistemində yaratdığı mükəmməl potensialın daha da inkişafına yönəldilmiş tədbirlərindən konkret faktlarla söhbət açdılar.

Tədbirin sonunda Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatı tərəfindən bir qrup rayon melioratlarına fəxri fərmanlar, qiymətli hədiyyələr və pul mükafatları verildi.


R.HÜSEYNOVA

Digər xəbərlər