PDF Oxu

Əsas

  • 63

A.S.Puşkinin anadan olmasının 213-cü ildönümü qeyd edildi

A.S.Puşkinin anadan olmasının 213-cü ildönümü qeyd edildi

Dünən dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 213-cü ildönümü ilə əlaqədar Səbail rayon icra hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. İlk öncə, tədbir iştirakçıları şəhərin mərkəzində ucaldılan A.S.Puşkinin heykəli önünə gül dəstələri və tər çiçəklər qoydular.

Səbail rayon ictimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, "Sodrujestvo" cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə şairə Oksana Bulanova açaraq, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğuladı.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, respublika "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu vurğuladılar. Qeyd edildi ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuş və Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olmuşdur.

Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus İcmasının nümayəndələri çıxış etdilər. Sonda ölməz şairin şeirləri Azərbaycan və rus dillərində səsləndirildi.


R.KAMALQIZI

Digər xəbərlər