Beynəlxalq insan haqları və söz azadlığını müdafiə təşkilatı kimi fəaliyyət göstərən "Freedom House" növbəti qərəzli və qeyri-obyektiv hesabatında bildirib ki, guya Azərbaycanda demokratiya uzun illərdən bəri zəif olub, 2011-ci ildə isə ondan imtina edilib (?!) Lakin onu da qeyd edək ki, "Freedom House" təşkilatının strategiya və analitik üzrə rəhbər müavini Kristofer Valker BBC-yə də müsahibə verib və əlində heç bir əsası olmadan deyib ki, Azərbaycanda azadlıq üçün önəmli olan məhkəmə sistemi "xarablaşıb". "Freedom House" rəsmisinin sözlərinə görə, Azərbaycanda vəziyyətin pisləşdiyi ikinci sahə vətəndaş cəmiyyətidir: " Bizim analitiklərimiz qeyd edib ki, bu ölkədə hazırda məqsədindən asılı olmayaraq, bütün müxalif aktivlik xoş qarşılanmır".
Maraqlıdır ki, adıçəkilən təşkilatın rəhbər strukturu nədənsə, həmin hesabatın kimlər tərəfindən sifariş olunduğunu deməyib. Çünki heç kimə sirr deyil ki, məhz "Freedom House" bilavasitə Qərbdə məskunlaşmış erməni lobbisinin maliyyəçiləri tərəfindən saxlanılır. O da bəllidir ki, həmin maliyyə axınının sürətlənməsində Azərbaycanın dağıdıcı müxalifət "liderləri"nin xüsusi əməkləri mövcuddur.
Qərbdə söz və mətbuat azadlığının durumu nə yerdədir?
"Freedom Hause" həm də ölkəmizi söz azadlığı sahəsində azad olmayan ölkələr sırasına daxil edir. Ancaq həmin təşkilatdan fərqli olaraq, məsələyə obyektiv qiymət verən bir çox beynəlxalq təşkilatlar, nüfuzlu media institutları bəyan edirlər ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsində heç bir problem yoxdur. Bu gün Azərbaycanda Avropa ölkələrindən fərqli olaraq, bir həftə vaxt lazımdır ki, qeydiyyatdan keçib, qəzet buraxasan, yaxud da digər media qurumu təsis edəsən. Yəni nəinki Avropanın, həm də dünyanın heç bir ölkəsində belə sadə prosedura yoxdur.
Bunun əvəzində isə, əvvəlki zamanlarla müqayisə etsək, görərik ki, Azərbaycanda söz və mətbuat azadlığı sahəsində nə qədər böyük irəliləyişlər mövcuddur. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, dövlət müstəqil mətbuatın işinə qarışmadan, diktə etmədən, şərt qoymadan müxtəlif qrantlı müsabiqələr yolu ilə iştirak edənlərə pul ayırmaqla yazılı mediaya maddi dəstək verir. Senzura və mənəvi cəhətdən heç bir əngəl yoxdur. Bütün bunların hamısını görə-görə indi mətbuatımızın durumu ilə bağlı deyilən qeyri-obyektiv fikirləri heç cür qəbul etmək mümkün deyil.
Eyni zamanda, Azərbaycanda bəzi adını hüquq müdafiəçisi qoymuş insanlar var ki, onlar əslində, müxalifət də deyillər, onlar dövlətin, milli maraqların əleyhinə işləyən insanlardır. Həmin "hüquq-müdafiəçiləri" qrant xatirinə adıçəkilən təşkilatlara xoş gələn yalançı arayışlar göndərirlər və həmin təşkilatlar da bu rəylərin əsasında öz qeyri-obyektiv mövqelərini ortaya qoyurlar. Ona görə bu rəylərə əhəmiyyət vermək lazım deyil. Çünki biz Azərbaycanda yaşayırıq, görürük ki, mətbuatın vəziyyəti, dövlətin mətbuata olan münasibəti necədir. Əksinə, Azərbaycan tərəfi bu kimi təşkilatlara sual etməlidir ki, onların bizdən irəlidə göstərdikləri ölkələrdə, daha dəqiq desək, Qərbdə söz və mətbuat azadlığının durumu nə yerdədir? Təəssüf ki, "Freedom House" və bu kimi təşkilatlar qərəzli mövqelərini bir kənara qoyaraq, bu suala cavab verməkdən yayınırlar. Çünki ifşa olunmalarını, kimlərin vasitəsilə sifarişlər aldıqlarını, haradan maliyyələşmələrini demək, məhz onların ifşası deməkdir.
RÖVŞƏN NURƏDDİNOĞLU