Dünən Səbail rayon icra hakimiyyətinin iclas zalında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Səbail rayon komitəsinin hesabat konfransı keçirildi. Həmkarlar təşkilatına daxil olan ilk həmkarlar təşkilatlarının sədrləri, rayondakı ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən konfransı Səbail rayon komitəsinin sədri Mədaim Qədimov hesabat məruzəsi ilə çıxış edərək, bildirdi ki, sonuncu konfransdan keçən müddət ərzində komitəyə daxil olan ilk təşkilatların sayı 6-dan 14-ə, üzvlərinin sayı isə 90-dan 245-ə kimi artmışdır ki, onlardan da 102 nəfəri qadınlardır: "Hesabat dövrü ərzində komitə tərəfindən 27 nəfərə respublikanın müxtəlif sağlamlıq ocaqlarına, 60 nəfər ailə üzvü olmaqla 20 ailə Nabran istirahət zonasına güzəştli göndəriş almışlar. Həmkarlar komitəsi üzvlərinə 21000 ədəd yeni il şənliyinə, 1750 ədəd isə Novruz bayramı şənliklərinə pulsuz biletlər verilmiş, 151 nəfərə 1750 manat maddi yardım göstərilmiş, mədəni-kütləvi tədbirlərə 4461 manat vəsait sərf edilmişdir. Komitə tərəfindən müxtəlif dövlət bayramlarının və üzvlərin yubiley tədbirlərinin keçirilməsi təşkil olunmuş, yeni tədris ili ərəfəsində Hİ üzvlərinin övladlarına məktəbli çantaları və dərs ləvazimatları alınmışdır. Həmkarlar komitəsi üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində işlər davam etdirilir".
Konfransda, həmçinin, təftiş komitəsinin də hesabatı dinlənildi. Tədbirdə çıxış edən ilk təşkilat sədrləri və üzvləri Ənvər Məmmədov, Yudin Həsənov, Rasim İbrahimov və başqaları ilk təşkilatlarda görülən işlər barədə məlumat verdilər və hər iki hesabatı qənaətbəxş hesab etdilər.
Açıq səsvermə yolu ilə Mədaim Qədimov yenidən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Səbail rayon komitəsinin sədri seçildi. Konfransda, həmçinin, Həmkarlar İttifaqı Səbail rayon təftiş komissiyası üzvləri, komitənin VII qurultayına nümayəndələr seçildi.
Konfransda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirak etdi.
RƏFİQƏ HÜSEYNOVA