"ABŞ-ın dövlət katibinin Azərbaycana son iki ildə ikinci dəfə səfər etməsinin özü ölkələr arasında çox mühüm, sıx əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisidir".
Bunu Trend-ə Hillari Klintonun Azərbaycana səfərinin yekunlarını şərh edərkən Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
"Klintonun səfəri regional xarakter daşısa da, ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin strateji xarakter daşıdığını, ABŞ-ın Azərbaycanla bu faydalı əməkdaşlıqdan məmnun olduğunu təsdiq etdi", - Məmmədov bildirib. PA rəsmisinin sözlərinə görə, Azərbaycan prezidenti və ABŞ dövlət katibi ilə danışıqlar nəzərdə tutulduğundan da artıq davam etdi, həm rəsmi hissəsi, həm də lanç arxasında danışıqlar iki saatdan artıq davam etdi:
"Bu danışıqlarda indiki əməkdaşlığımızın vəziyyəti, onun mühüm məqamları və gələcək potensiala dair geniş fikir mübadiləsi aparıldı. Xanım Klinton bildirdi ki, ABŞ Azərbaycanla əməkdaşlığa çox mühüm əhəmiyyət verir", - Məmmədov açıqlamasında deyib.
ABŞ-Azərbaycan münasibətlərinə toxunan Məmmədov deyib ki, bu ilin əvvəlindən də iki ölkə arasında xüsusi əhəmiyyət daşıyan bir sıra təmaslar və münasibətlər olub. Azərbaycan prezidenti ABŞ prezidentinin rəhbərliyi altında nüvə təhlükəsizliyinə dair Seulda və Çikaqoda keçirilən NATO sammitlərinin hər birində fəal iştirak edib. Eyni zamanda, Azərbaycanın BMT TŞ-nin üzvü və sədri kimi mayda Nyu-Yorkda geniş fəaliyyəti ölkənin çox kiçik dövlət olsa da, yalnız regionda deyil, eləcə də beynəlxalq aləmdə güclü nüfuzunun olduğunu nümayiş etdirdi.
"Mən bu ərəfədə ABŞ Prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və digər ABŞ rəsmilərindən prezident İlham Əliyevə gələn sıx və möhkəm tərəfdaşlığın mövcudluğunun qeyd olunduğu məktubları da əlavə etsəm, xanım Klintonun Azərbaycana bu səfərini elə onların məntiqi davamı kimi qəbul etmək olar", - Məmmədov bildirib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan çox mühüm bir regionda yerləşdiyi üçün bu əməkdaşlıq ABŞ-a böyük fayda verir və ABŞ regionla bağlı mühüm qərarların qəbulu zamanı Azərbaycanın da iştirakını məntiqli sayır. "Mən bu danışıqları çox yüksək qiymətləndirirəm və düşünürəm ki, ABŞ ilə əlaqələrimiz bundan sonra da davam edəcək. Bu səfər də buna öz töhfəsini verəcək", - Məmmədov bilidirb. PA rəsmisinin sözlərinə görə, danışıqlar zamanı müzakirə olunan əsas mühüm məsələ, şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi.
"Hər iki tərəf bununla bağlı öz mövqeyini bildirdi. Azərbaycan prezidenti qeyd etdi ki, o, ABŞ ilə əməkdaşlığa mühüm əhəmiyyət verir. Bu əlaqələrin bütün istiqamətlərdə inkişafını yüksək qiymətləndirir. Eyni zamanda, Azərbaycan gözləyir ki, ABŞ da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllində mühüm rol oynasın. Əlbəttə, Azərbaycan prezidenti təəssüflə qeyd etdi ki, bu illər ərzində gedən danışıqlar prosesi ilə bağlı Azərbaycanın atdığı addımlar həmişə münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəlib, lakin Ermənistan tərəfi hər dəfə məkirli planlar quraraq, hiyləgər addımlar ataraq, müəyyən bəhanələr gətirərək danışıqlar prosesini uzatmaqla məşğuldur", - PA-nın şöbə müdiri deyib. Novruz Məmmədov hesab edir ki, ABŞ prezidenti Minsk qrupunun digər həmsədr ölkələrinin prezidentləri kimi bu danışıqlar əsasında müxtəlif bəyanatlar verib. Akvildə mühüm qərar qəbul etdilər və onların qərarlarının əsas müddəalarından biri indiki status-kvonun bu cür davam etməsinin qəbuledilməz olduğunu təsdiqləyir. "Lakin bu bəyanatlar hələlik nəticəsiz qalıb və Azərbaycan prezidenti də bundan təəsssüfləndiyini nəzərə çatdırdı. Qeyd edim ki, xanım Klinton Ermənistanda olanda da bununla bağlı söhbət aparıb, Bakıdakı danışıqlardan sonra Türkiyədə də bununla bağlı müzakirələr aparacaq. Mənim gəldiyim nəticə ondan ibarətdir ki, ABŞ artıq bu prosesdə daha fəal iştirak etmək istəyir. Məhz bu səbəbdən də Azərbaycan prezidentinin mövqeyini diqqətlə dinləyərək münaqişənin həlli ilə bağlı yeni yanaşmaların axtarılmasının lazım olduğunu bildirdi. Hələlik bu yanaşmaların nədən ibarət olduğunu demək çətindir, amma indiyədək atılan addımlar əgər bir nəticə verməyibsə, bu o deməkdir ki, yeni bir tələb və yanaşma mütləq olmalıdır", - Məmmədov deyib. PA rəsmisinin sözlərinə görə, bu yanaşma ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verilə bilər, lakin mövcud status-kvo mütləq dəyişilməlidir:
"Bu görüşlərdə ABŞ-ın Minsk qrupundakı həmsədri Robert Bradtke də var idi. Hesab edirəm ki, dövlət katibi onunla da bu mövqeyi müzakirə edib, yeni yanaşmaların nədən ibarət olacağı barədə yəqin ki, bəyanat verəcək", - Məmmədov deyib. Novruz Məmmədovun şərhini onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində - www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.