Dünən Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyev Azərbaycanın xilaskarıdır" mövzusunda elmi-praktik konfrans keçirib. Konfransı giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq, iştirakçıları 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın tərəqqisi və inkişafı yolunda siyasi fəaliyyətlərində uğurlar arzulayıb. S.Əliyev Milli Qurtuluş Gününün ölkəmizin tarixində mühüm əhəmiyyət kəsb etdiyini açıqlamış və yaddaşımıza həkk olunan 1993-cü ilin iyun hadisələrini, yaranmış ictimai-siyasi vəziyyəti geniş təhlil edib. Bildirib ki, o dövrdə dövlətçiliyimizin başı üzərini almış fəlakəti xalqımızın təkidli tələbi ilə respublika rəhbərliyinə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev aradan qaldırdı: "Onun təcrübəsi, qətiyyəti, cəsarəti, uzaqgörənliyi sayəsində xalqımız düşdüyü bəlalardan xilas olaraq sabitliyə, əmin-amanlığa qovuşdu, demokratik prinsiplərə əsaslanan dövlət quruculuğuna başladı. Ulu Öndər Heydər Əliyevin zəngin dühası və qüdrəti ilə müstəqil Azərbaycan siyasi, ictimai, iqtisadi və mədəni həyatın bütün sahələrində irəliləyişlərə nail oldu. Bu gün Ümummilli Lider Heydər Əliyevin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda demokratiya ardıcıllıqla, pillə-pillə bərqərar olmaqdadı".
YAP fəalı Sübhan Şiriyev isə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda sabitliyin və inkişafın davamlı olmasını təmin edən alternativsiz siyasi kursun memarıdır. "Bu siyasi kurs indi Ümummilli Liderimiz Heydər Əliyevin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Böyük Öndərimizin "Mən ona özüm qədər inanıram" - deyərək, qiymətləndirdiyi Prezidentimizin hər bir addımı, qəbul etdiyi hər bir qərarı Onun Ulu Öndər Heydər Əliyev ideyalarına sonsuz sədaqətini bir daha nümayiş etdirir"- deyən S.Şiriyev Azərbaycanın gələcək rifahı, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə bundan sonra da mühüm addımların atalacağına əminliyini ifadə etdi.
Elmi-praktiki konfransda Heydər Əliyev Mərkəzinin direktoru Əyyar Tahirov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən danışdı. Qeyd etdi ki, dünyanın ən görkəmli liderləri Ümummilli Lider Heydər Əliyev siyasətinin qarşısında böyük anlamda qibtə ediblər: "Çünki Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyəti var. Bu şəxsiyyətin böyüklüyü xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur".
Tədbirdə fəal YAP üzvlərindən Ədalət Əliyev, Namiq Miriyev və başqaları çıxış edərək, bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışından sonra dövlətçiliyin qorunub saxlanılmasında ilkin addım olan milli birlik, həmrəylik və mütəşəkkillik ideyalarının həyata keçməsi imkanlarını reallaşdırdı.
RƏFİQƏ HÜSEYNOVA